إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycan nümayəndə heyəti İndoneziyada keçirilən R20 sammitində iştirak edir

2-3 noyabr tarixlərində İndoneziyanın Bali adasında G20 “Böyük İyirmiliyin” R20 – Dini Liderlərin Beynəlxalq Sammiti keçirilir.

Ahlibeyt.az-ın QMİ-nin mətbuat xidmətinə istinadən məlumatına görə, Sammitdə Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru cənab Rəvan Həsənov təmsil edirlər.

Azərbaycan dövlətinin dinlər və mədəniyyətlər arası dialoqda oynadığı mühüm rol, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu istiqamətdəki qlobal təşəbbüsləri ölkəmizin “Böyük İyirmilik” sammiti kimi qlobal platformalarda mütəmadi iştirakçı olmasına səbəb olmuşdur.

G20 çərçivəsində Azərbaycan Şərqi Avropa, Cənubi Qafqaz və türk dövlətləri regionundan təmsil olunan yeganə ölkə olaraq özünün multikulturalizm modelini beynəlxalq müstəvidə dayanıqlı sülhün açarı kimi uğurla təqdim etməkdədir. Belə ki, Azərbaycan indiyədək bir çox mühüm dialoq platformalarının təşəbbüskarı və təşkilatçısı kimi humanitar məsələlərin müzakirə olunduğu mərkəzə çevrilmişdir. Ötən may ayında QMİ və BBMM-nin həmtəşkilatçılığı ilə G20 Sammiti Dinlərarası Dialoq Forumunun regional ön iclasının Bakı şəhərində keçirilməsi də bir nümunədir.

Qeyd etmək lazımdır ki, dünyanın əksər regionlarından tanınmış dini liderlərin, alimlərin və ictimai xadimlərin qatıldığı R20 sammiti beynəlxalq gündəmdə olan aktual problemlərin həllində dinin birləşdirici rolunun müzakirə olunduğu mühüm dialoq platformasıdır.

Azərbaycanı R20 – Dini Liderlərin Beynəlxalq Sammitində təmsil edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru cənab Rəvan Həsənov bir sıra ikitərəfli görüşlər keçiriblər.

Sammitin açılış mərasiminin ardından həmtəşkilatçı qurumların təşəbbüsü ilə Azərbaycan nümayəndə heyəti İndoneziyanın “Nəhdətül-Üləma” müsəlman dini mərkəzi idarə heyətinin baş sədri cənab Yəhya Colil Staquf və Səudiyyə Ərəbistanın Krallığı “İslam Aləmi Liqası”nın baş katibi Şeyx Məhəmməd Əbdülkərim Əl-İsa ilə ikitərəfli görüşlər keçirib. Bununla yanaşı, QMİ sədri və BBMM icraçı direktoru ABŞ-da mərkəzləşən “İsa Məsih və Sonuncu Gün Müqəddəsləri kilsəsi”nin “On İkilər Kvorumu”nun üzvü cənab Harri Stivenson, Misirin Baş müftisi Şövqi Əllam, Yaponiyanın “Şinto” Assosiasiyasının sədri, rahib Yoşinobu Miyake, Ümumdünya Yevangelist Alyansının Baş katibi, yepiskop Tomas Şirmaxer və sammitin digər iştirakçıları ilə görüşüblər.

Görüşlərdə qarşı tərəflərə Azərbaycan Respublikasının dinlərarası və sivilizasiyalararası dialoq sahəsində təşəbbüsləri, xalqımızın qədim multikulturalizm və tolerantlıq ənənələri, işğaldan azad olunmuş ərazilərimizdə erməni vandalizminə məruz qalmış tarixi mədəni və dini abidələrimiz, Ermənistanın ərazilərimizdə apardığı mülki insanların qətlinə hədəflənmiş minalarla çirkləndirilmə və “yandırılmış torpaq” siyasəti, eləcə də hazırda həmin ərazilərdə ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident xanım Mehriban Əliyevanın bilavasitə rəhbərliyi altında aparılan bərpa və yenidənqurma layihələri haqqında geniş məlumat verilmişdir.

Görüşlərdə Azərbaycan Respublikasının İndoneziyadakı Fövqəladə və Səlahiyyətli səfiri, cənab Cəlal Mirzəyev iştirak etmişdir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Noyabr, 2022  11:35 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!