إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Bəyanatı

Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.

Ahlibeyt.az-ın Azərbaycan Prezidentinin mətbuat xidmətinə istinadən məlumatına görə, görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin dedi:

- Hörmətli həmkarlar, bu gün biz üç sessiyadan ibarət danışıqlar apardıq. Əvvəlcə, Ermənistan nümayəndə heyəti ilə, sonra isə Ermənistanın baş naziri ilə təkbətək danışdıq. Daha sonra Azərbaycan nümayəndə heyəti ilə və Azərbaycan Prezidenti ilə təkbətək danışdıq və sonra iki saat, bəlkə də bir qədər artıq müddətdə üçlükdə söhbət etdik. Bizim ümumi fikrimizə görə bu görüş çox faydalı oldu. Məncə bu görüş bəzi prinsipial məsələlər barədə gələcəkdə mümkün razılaşmalar üçün çox yaxşı ab-hava yaratdı.

Bu gün biz birgə Bəyanatı razılaşdırdıq. Açıq deməliyəm, hər şeyi razılaşdırmaq mümkün olmadı. Əvvəlcədən mütəxəssislər səviyyəsində işlənmiş mətndən bəzi hissələri çıxarmalı olduq. Bununla belə, mən ümumi rəylə razıyam ki, görüş faydalı oldu və bu, bütövlükdə vəziyyətin nizamlanması istiqamətində sonrakı addımlar üçün şərait yaradır. Özü də mən bütövlükdə deyəndə həm yaxın keçmişə aid cari hadisələri, həm də iki il bundan əvvəl baş vermiş hadisələri nəzərdə tuturam. Hər halda, o vaxt biz prinsipial məsələlər barədə razılığa gəlməyə nail olduq. Bugünkü diskussiya onu göstərir ki, biz bütün ölkələrimizin gələcəyi barədə də razılığa gələ bilərik. Mən bizim bütün ölkələr dedikdə həm Rusiyanı, həm Azərbaycanı, həm Ermənistanı, həm də bütün region ölkələrini nəzərdə tuturam. Ona görə ki, bu ərazidə yaşayan bütün xalqlar münasibətlərin normallaşmasında maraqlıdırlar. Rusiya öz tərəfindən, qəti və hərtərəfli nizamlamaya nail olmaq üçün nə mümkündürsə edəcək.

Çox sağ olun. Mən öz həmkarlarıma – həm Ermənistanın baş nazirinə, həm də Azərbaycanın Prezidentinə təşəkkür etmək istəyirəm ki, siz Rusiyaya, Soçiyə gəlməyə və bugünkü diskussiyanı aparmağa razılaşdınız. Razılaşdığımız kimi biz əlaqə saxlayacağıq, bu dialoqu və uzun müddət davam edən bu münaqişəyə nöqtə qoymaq üçün zəruri həllərin axtarışını davam etdirəcəyik.

Çox sağ olun, təşəkkür edirəm.

***

Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar.

“Azərbaycan Respublikası Prezidentinin,
Ermənistan Respublikası baş nazirinin və
Rusiya Federasiyası Prezidentinin Bəyanatı
31 oktyabr 2022-ci il

Biz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 2022-ci il oktyabrın 31-də Soçi şəhərində görüşdük və 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların həyata keçirilməsinin gedişatını müzakirə etdik.

Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduğumuzu təsdiq etdik. Qalan məsələlərin, o cümlədən humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşdıq.

Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə mühüm töhfəsini qeyd edərək onun regionda vəziyyətin sabitləşməsinə yönəlmiş səylərinə ehtiyac olduğunu vurğuladıq.

Güc tətbiq etməkdən və ya onu tətbiq etməklə hədələməkdən çəkinmək və bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa gəldik.

Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmağın vacibliyini vurğuladıq. Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışını davam etdirmək barədə razılaşdıq. Rusiya Federasiyası buna hər vasitə ilə kömək göstərəcək.

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ictimaiyyətin, ekspert birliklərinin nümayəndələri və dini liderlər arasında Rusiyanın köməyi ilə dialoqu davam etdirmək üçün, həmçinin iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin cəlb edilməsi üçün müsbət ab-hava formalaşmasının vacibliyini vurğuladıq.

Azərbaycan Respublikasının və Ermənistan Respublikasının liderləri Rusiya Federasiyasının bundan sonra da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına, Cənubi Qafqazda sabitliyin və tərəqqinin təmin edilməsinə hərtərəfli şərait yaratmağa hazır olmasını alqışladılar.

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

Ermənistan Respublikasının baş naziri

Nikol Paşinyan

Rusiya Federasiyasının Prezidenti

Vladimir Putin”

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Noyabr, 2022  08:41 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!