إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ümumilikdə 24 markada minalara rast gəlinib

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi “İşğaldan azad olunmuş ərazilərdəki minalar və partlamamış hərbi sursatlar problemi barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması məqsədilə təhqiqatın aparılaraq hesabatın hazırlanması” adlı layihəsinin icrasını sona çatdırır.

Ahlibeyt.az-ın məlumatına görə, İctimai Birlikdən mətbuata verilən açıqlamada bildirilib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib. Layihənin məqsədi işğaldan azad olunmuş ərazilərdəki mina və partlamamış hərbi sursat problemi barədə təhqiqat aparmaqla hesabat hazırlayıb beynəlxalq ictimaiyyətin, donorların diqqətinə çatdırmaq və onları Azərbaycandakı mina və partlamamış hərbi sursat problemlərinin həll olunmasına cəlb etməkdir. Hesabatda problemin miqyası, minaların təmizlənməsindəki nailiyyətlər və problemlər, insanların mina qurbanı olmasının səbəbləri, beynəlxalq birliyin Azərbaycandakı bu problemə münasibətinin göstərilməsi nəzərdə tutulub.

Bu məqsədlə İctimai Birliyin üzvləri işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Xocavənd, Ağdam və Tərtər rayonlarına səfərlər edərək monitorinqlər aparıb. Bu ərazilərdə fəaliyyət göstərən mina təmizləmə və digər təşkilatların nümayəndələri ilə görüşlər keçirərək məlumat toplusu əldə edilib. Bəzi ekspertlər işğaldan azad edilmiş ərazilərdə bir milyondan çox mina və partlamamış hərbi sursatın olduğunu bildirir. 2020-ci ilin noyabrından bu ilin oktyabrınadək işğaldan azad edilmiş ərazilərdə minalardan təmizlənmiş yerlərin ümumi sahəsi 56 min 573 hektar təşkil edir.

Əldə etdiyimiz məlumatlar və monitorinqlər göstərir ki, işğaldan azad olunmuş ərazilərdə minalar və partlamamış hərbi sursatların sayı həddindən çoxdur. Ermənistan tərəfindən minaların qoyulmasında qanunauyğunluq yoxdur, bir çox ərazilərdə minalar çox sıx yerləşdirilib. Minatəmizləmə əməliyyatları zamanı bir kvadratmetr yerdə səkkiz mina tapılıb, minalara yalnız keçmiş təmas xəttində deyil digər ərazilərdə də rast gəlinir.

Azərbaycan ərazilərində ümumilikdə 24 markada minalara rast gəlinib.

Layihənin icrası zamanı Almaniya, Fransa səfirləri, Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri, Latviya səfirinin müavini, ABŞ səfirliyinin siyasi müşaviri, BMT Uşaq Fondunun (UNICEF) Fövqəladə hallar üzrə mütəxəssisi ilə görüşlər keçirilib və Azərbaycandakı mina-partlamamış hərbi sursat problemləri ətraflı müzakirə olunaraq beynəlxalq ictimaiyyətin bu məsələyə daha artıq diqqət yetirməsi vurğulanıb. Böyük Britaniya səfirinin müavini ilə keçirilən görüşdə o bildirib ki, ölkəsindən olan üç beynəlxalq ekspert hazırda Azərbaycanda fəaliyyət göstərir, 1 il burada çalışacaq və bütün bunlar onun ölkəsi tərəfindən maliyyələşdirilir.

Bəzi ekspertlər Azərbaycandakı mina və partlamamış hərbi sursat problemini Bosniya-Herseqovina, Küveyt və Liviyadakı vəziyyətlə müqayisə edirlər.

UNICEF-in ANAMA və Təhsil Nazirliyi ilə bağladığı memoranduma əsasən, ölkədə mina təhlükəsinin izahı proqramı həyata keçirilir. Beynəlxalq Avrasiya Mətbuat Fondu altı rayonda, Dayaq təşkilatı isə dörd rayonda bu proqramı davam etdirir. Bu proqram çərçivəsində 2022-ci il iyunun 1-dək 75 bilbord quraşdırılıb. Mina təhlükəsi ilə bağlı 90 min insan maarifləndirilib, 1002 müəllimə onlayn təlim keçirilib, 17 min 200 şagird maarifləndirilib.

Son rəsmi məlumata əsasən Azərbaycanda 3 min 342 nəfərin minalardan və partlamamış hərbi sursatdan zərər çəkib. Onlardan 574 nəfər həlak olub, 2 min 637 nəfər isə yaralanıb. 2020-ci il noyabrın 10-dan 2022-ci il oktyabrın 23-dək 266 nəfər minalardan və partlamamış hərbi sursatdan zərər çəkib. Bunun da 35-i mülki şəxs olmaqla 45 nəfəri həlak olub. 89-u mülki şəxs olmaqla 221 nəfər isə yaralanıb.

Layihə iki ay müddətində icra olunub.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Oktyabr, 2022  18:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!