إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

TDT-nin Müsəlman Dini İdarə Rəhbərləri Şurasının birgə Bəyanatı qəbul edilib

Türk Dövlətləri Təşkilatının dini liderlərinin Şuşada keçirilən görüşünün rəsmi hissəsi başa çatıb. Görüşdə TDT-nin Müsəlman Dini İdarə Rəhbərləri Şurasının birgə bəyanatı qəbul edilib.

Ahlibeyt.az APA-ya istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev Türk Dövlətləri Təşkilatının müsəlman dini liderləri şurasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür mətnini oxuyub.

Məktubda deyilir:

“Biz, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müsəlman dini liderləri, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri, baş müfti Naurızbay Taqanulı, Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Prof. Dr. Ali Erbaş, Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Nurtdin Xaliknazarov və Türkmənistan Müsəlmanları Ruhani İdarəsinin sədri müfti Yalkap Hocagulıyev Zati-alilərinizə – türk dünyası qarşısında ali xidmətləri olan nüfuzlu siyasi xadim və görkəmli şəxsiyyətə səmimi arzu və xeyir-dualarımızı qədim Azərbaycan şəhəri Şuşadan yetirməkdən şərəf duyuruq. Bu əzəli və əbədi türk diyarında təsis etdiyimiz Şuramız adından Cənabınıza ürək sözlərimizi ünvanlamaq bizə böyük qürur bəxş edir.

Qardaş Azərbaycan xalqı öz tarixinin ən möhtəşəm dönəminin – Vətən müharibəsindəki Zəfərin ikinci ildönümünü yaşadığı mübarək günlərdə Qarabağ torpağında, azad Şuşada olmaq, azərbaycanlı qardaşlarımızın sevincini bölüşmək hər birimiz üçün fəxarətdir.

Biz, Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının üzvləri Vətən müharibəsində Zəfərin ildönümü münasibətilə bu Qələbənin müəllifi - Azərbaycan xalqının böyük oğlu, adı türk dünyasının tarixinə Qarabağ Fatehi kimi həkk olunmuş Ali Baş Komandan olan Zati-alilərinizi səmimi qəlbdən təbrik edir, Sizə Azərbaycan xalqı, türk dünyası naminə yeni zəfərlər diləyirik. Uca Allah şanlı Azərbaycan Ordusunun gücünə, Azərbaycan xalqının sarsılmaz həmrəylik və iradəsinə, dövlət-xalq birliyinə güvənərək Azərbaycanın haqq işinin, bütün türk-İslam dünyasının şərəf mücadiləsinin qələbəsini təmin etmiş müzəffər sərkərdə İlham Əliyevin hər zaman yar və yardımçısı olsun!

Möhtərəm cənab Prezident! Azad Qarabağın qısa müddət ərzində yenidən qurulması, 2022-ci ildə Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşanın 2023-cü ildə Türk dünyasının Mədəniyyət Paytaxtı elan edilməsi – bütün bunlar Zati-alilərinizin fədakar zəhmətləri, sarsılmaz əzminin bəhrəsidir. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi və iqtisadi qüdrətinin artması, dünyada sivilizasiyalar və mədəniyyətlərarası dialoq mərkəzi və dinlərarası əməkdaşlıq məkanı kimi qəbul olunması Zati-alilərinizin uğurlu dövlətçilik siyasətinin məntiqi nəticəsidir.

Milli-mənəvi dəyərlərin qorunması, dini və tarixi abidələrə yeni həyat verilməsi sahəsində böyük işlər görmüş dövlət başçısı kimi tanınan Zati-aliləriniz azad olunmuş Qarabağ torpaqlarında məscid və məbədləri, türk-İslam mədəni-mənəvi irsi abidələrini xüsusi qayğı ilə bərpa və yenidən qurmaqla Uca Yaradanın Nəzərində və dindarların qəlblərində daha da ucalmaqdasınız. Zati-alilərinizin silahdaşı, siyasi-ictimai xadim, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli siyasi və humanitar fəaliyyəti, özəlliklə, dini-mədəni irsin qorunması sahəsində dəyərli layihələri dindarlar tərəfindən yüksək dəyərləndirilir. İslam və türk dünyasının tolerantlıq və multikulturalizm ənənələrinə sadiq Azərbaycan dövlətinin Uca Rəbbimizə xoş gedən bu səy və əməlləri Azərbaycanın tolerant imicini, ali mənəvi dəyərlərə sadiqliyini dünya çapında əyani təsdiq edir.

Möhtərəm cənab Prezident! Sizin Türk Dövlətləri Təşkilatının bünövrəsinin qoyulmasında böyük rolunuz və əvəzsiz xidmətləriniz vardır. Azərbaycan xalqının Ümummilli Lideri, Türk dünyasının ağsaqqalı Heydər Əliyevin siyasi yolunun davamçısı olaraq Sizin Naxçıvandan başlatdığınız ilk Zirvə görüşü Türk dünyası üçün xeyirlərə vəsilə oldu. Sizin və dövlət başçılarımızın müdrikliyi, müştərək səyləri sayəsində Türk Dövlətləri Təşkilatı beynəlxalq müstəvidə türk dünyasının qüdrətli birliyi olaraq qəbul edilir. Türk dövlətlərinin dini liderləri olaraq Zati-alilərinizin ümumtürk mənafelərinə tarixi əhəmiyyətli ali xidmətinizə və özəlliklə, Şuramızın yaranması ideyasına verdiyiniz önəmli dəstəyə görə Sizə dərin təşəkkürlərimizi bildirmək fürsətindən məmnunluq duyuruq. Məhz dövlət rəhbərlərimizin siyasi iradəsindən ilham alaraq biz, türk dövlətlərinin müsəlman dini liderləri İslami həmrəylik yönündə səylərimizi davam etdirərək mənəvi birlik məramımızı təşkilati baxımdan gerçəkləşdirdik. Siz, dövlət rəhbərlərimizin müdrik ideya və təşəbbüslərinin, Türk Dövlətləri Təşkilatı səviyyəsində qəbul etdiyiniz qərarlar, özəlliklə, mədəni-mənəvi baxımdan əhəmiyyət kəsb edən tövsiyələrin dini ictimaiyyət, dindarlar arasında təşviq və təlqini işində fəal iştirak etmək əzmindəyik. Uca Rəbbimiz bütün xoş niyyətlərimizin hasil olmasını nəsib etsin!

Möhtərəm cənab Prezident! Biz əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı və dövlətçiliyi dünya miqyasında daha böyük uğurlara imza atacaqdır, nəsibiniz hər zaman Zəfər olacaqdır, inşallah. Türk Dövlətləri Təşkilatı məkanının iki yüz milyonluq türkləri adından Ulu Rəbbimizdən Zati-alilərinizin səy və əməllərinə rəvac verməsini diləyirik. Qoy Uca Allah Türk dövlətlərini, xalqlarını, müdrik dövlət rəhbərlərimizi hifz etsin, qardaşlığımızı daimi qərar versin! Amin!”

TDT-nin Müsəlman Dini İdarə Rəhbərləri Şurasının birgə bəyanatı qəbul edilib.

Bəyanatda deyilir:

- Üzv dövlətlərdə sosial, dini və mənəvi mühitin və din-dövlət münasibətlərinin təkmilləşdirilməsi üçün müvafiq qurumlar arasında əməkdaşlığın və əlaqələndirilmənin möhkəmləndirilməsi, birgə layihələrin inkişaf etdirilməsinə çalışacaqlar;

- Türk-İslam mədəniyyətinin inkişafı, zənginləşdirilməsi və təşviq edilməsi üzrə müvafiq birgə layihələr hazırlayacaqlar;

- Türk-İslam əxlaqının təhrif edilməsinin, xurafatların, digər dini və etnik qruplara qarşı mərhəmət və ədalətli davranan türk xalqları və müsəlmanlar haqqında stereotiplərin və yanlış məlumatların yayılmasının qarşısını almağa çalışacasqlar;

- Dini təhsilin və milli özünü dərk etmənin təkmilləşdirilməsi üçün birgə elmi və dini mərkəzlər yaratmaq, yetişməkdə olan nəslə əsl mənəvi dəyərləri ötürmək, tələbə, müəllim, ədəbiyyat və təcrübə mübadiləsinə, həmçinin dini təhsil müəssisələri arasında dini və elmi tədqiqatların inkişafına kömək edəcəklər;

- Kütləvi informasiya vasitələri, televiziya və digər informasiya texnologiyaları vasitəsilə irqi, dini və etnik zorakılığa təhrik edən nifrətin qızışdırılmasına birgə müqaviməti təmin etmək, xüsusilə də bu sahədə gənclərin maarifləndirilməsi üçün birgə səylər göstərəcəklər;

- İslam və türk dünyasının dini, əxlaqi və humanitar dəyərləri, tolerantlıq ənənələri və multikulturalizmi də daxil olmaqla TDT prinsipləri əsasında terrorizm, ekstremizm, separatizm, ksenofobiya, anti-islamizm və türkofobiya meyllərinin aradan qaldırılması üçün birgə səylər göstərəcəklər;

- Türk dövlətlərinin dini və mənəvi mühitinə xarici müdaxilə hallarının, xarici və zərərli təbliğatın, təkfirçilik ideologiyalarını daşıyan radikal cərəyanlar, dini və irqi dözümsüzlük və siyasi məqsədlər üçün dindən sui-istifadə daxil olmaqla, hər hansı ideoloji təxribatların qarşısının alınması üçün birgə səylər göstərəcəklər;

- Müsəlmanlar və digər dinlərin nümayəndələri ilə birgəyaşayış mədəniyyətini inkişaf etdirəcək, qoruyacaq və gücləndirəcəklər;

- Dini azadlıqların müdafiəsi sahəsində TDT-nin üzvü olan dövlətlərin dini etiqad azadlığı haqqında qanunvericiliyi və bu sahədə tətbiq olunan digər normativ hüquqi aktlar çərçivəsində əməkdaşlıq edəcəklər;

- Türk ölkələrində, o cümlədən Azərbaycanın işğaldan azad olunmuş ərazilərində zorakılıq, vandalizm və təbii fəlakət aktları nəticəsində zərər çəkmiş tarixi, dini və mədəni abidələrin bərpası üzrə birgə işlər görəcəklər;

- Dini ədəbiyyatın və tədqiqatların türk dillərinə tərcüməsi və onların qanunvericiliyə və milli adət-ənənələrə uyğun təbliğində əməkdaşlıq edəcək, müvafiq metodologiya və vasitələrin mübadiləsi və onların inkişafına yönəlmiş birgə təlim seminarları, İslam dininin elmi əsaslarının öyrənilməsi və türk dünyasının mədəni irsi ilə bağlı birgə konfranslar, simpoziumlar və digər tədbirlər təşkil edəcəklər;

- Türk dünyasının dini, etnik və ənənəvi mahiyyətini təmsil edən bayramların və əlamətdar tarixlərin təbliğində fəal rol oynayacaq, onların, o cümlədən görkəmli din, elm, mədəniyyət xadimləri və mütəfəkkirlərin yubileylərinin birgə keçirilməsi ilə bağlı təkliflər verəcəklər;

Ziyarət təşkilatları arasında təcrübə mübadiləsi üçün birgə iş aparacaqlar;

- Türk ölkələrinin dini, mənəvi və mədəni irsinə aid təsdiqlənmiş nadir əlyazmaların nüsxələrinin mübadiləsini təşviq etmək, onların qorunması məqsədilə müxtəlif ölkələrin muzeylərinə birgə səfərlər təşkil edəcəklər;

- Beynəlxalq səviyyədə dini mərkəzlərlə işləyəcəklər;

- Qaçqınlara, məcburi köçkünlərə, miqrantlara, müharibə və zorakılıq qurbanlarına, əlil veteranlara, uşaq evlərinə və cəzaçəkmə müəssisələrinə öz imkanları daxilində humanitar yardım göstərəcəklər;

- Təbii fəlakətlərin və ya digər fövqəladə halların qurbanı olan insanlara humanitar yardım göstərəcəklər.

Sonda isə Özbəkistan müftisi Nuriddin Xoliknazarov dualar oxuyaraq türk dövlətlərinin və İslam dünyasının birliyini arzulayıb.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Oktyabr, 2022  14:27 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!