إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Azərbaycanın Londondaki səfirliyinə hücumla bağlı 8 nəfər saxlanılıb

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum edən bir qrup radikal dini dəstənin üzvləri saxlanılıb.

Ahlibeyt.az-ın xəbərinə görə, polisin keçirdiyi əməliyyat zamanı 8 nəfər saxlanılıb. Bu barədə London polisi məlumat yayıb.

Məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb, faktla bağlı araşdırma davam edir.

“Polis yerli vaxtla saat 16:30 radələrində bir qrup etirazçının səfirlik binasına daxil olması barədə məlumat alıb. Hadisə yerinə dərhal gələn polis 8 nəfəri səfirlik binasına qanunsuz daxil olmaqda və binaya zərər vurmaqda şübhəli bilərək saxlayıb”, - deyə məlumatda qeyd olunur.

Azərbaycan XİN-dən verilən açıqlamaya görə, hadisə ilə bağlı Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq  diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb.

Qeyd edək ki, avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

Britaniyada qeydiyyatda olan “Mehdinin xidmətçiləri” təşkilatının mətbuat sözçüsü Hişam əl-Əsgər açıqlama yayaraq səfirliyə hücumu üzərinə götürüb.

Xarici medianın məlumatına görə, hücum “Mehdinin xidmətçiləri ittifaqı” (“The Mahdi Servants Union”) dini qrupunun üzvləri tərəfindən təşkil olunub.  Qrupun lideri Yaser Əl-Həbibdir. O, İran İslam Respublikası hökumətinə qarşı düşmənçilik edir və İranın Ali Rəhbəri Əli Xamneyinin dini etimadın şübhə altına alır. Təşkilat özünü şiə təriqətinə aid sayır və iranlı Ayətullah Şirazini təqlid edir. Yaser əl-Həbib əslən küveytlidir, Londonda yaşayır. “Fədək” adlı peyk telekanalının məhz Mehdi Xidmətçilərinə məxsus olduğu bildirilir.

Qrupun Londonda səfirliklərə hücumu ilk deyil. 2018-ci il martın 10-da təşkilatın üzvləri Hüseyn Şirazinin həbsinə etiraz olaraq İranın Londondakı səfirliyinin birinci mərtəbəsinin eyvanına çıxaraq İran bayrağını qrupun bayrağı ilə əvəzləyib və daha sonra polis tərəfindən həbs ediliblər.

Məlumatlarda bildirilib ki, təşkilatın sələfi olan “Khoddam Al-Mahdi Organization” (KMO) 23 fevral 2010-cu ildə təsis edilib və daha sonra 21 iyul 2010-cu ildə İngiltərə və Uels Xeyriyyə Komissiyası tərəfindən xeyriyyə təşkilatı kimi qeydiyyata alınıb.

Onun əsas fəaliyyət istiqaməti sünni məzhəbinin tanınmış tarixi şəxslərini təhqir etmək, lənətləmək və beləcə məzhəblərarası ixtilafa və təfriqəyə rəvac verməkdir. Bu qrupun üzvləri bəzi müsəlman ölkələrində eləcə də İranda təqib olunur.

Adı çəkilən cərəyan tərəfindən sifarişlə çəkilən Peyğəmbərin qızı Fatimeyi-Zəhranın(ə) həyatından bəhs edən “Cənnət xanımı” filmi nüfuzlu şiə din xadimləri tərəfindən ciddi tənqidə məruz qalmış, filmin nümayişinə etiraz bildirilmiş və sünni müsəlmanların etirazlarından sonra bu ilin əvvəlində Britaniyada prokatdan yığışdırılmışdır.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Avqust, 2022  08:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!