إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Azərbaycan-Türkiyə-Özbəkistan I üçtərəfli görüşündə Daşkənd Bəyannaməsi imzalanıb

Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin I üçtərəfli görüşünün yekununda Daşkənd Bəyannaməsi imzalanıb.

Ahlibeyt.az  APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib

O qeyd edib ki, Daşkənd Bəyannaməsi türk dünyasının rifahını artıracaq və münasibətləri gücləndirəcək, eyni zamanda, bu mexanizm çərçivəsində konkret layihələr ərsəyə gələcək.

Qeyd edək ki, Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan Respublikası xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü keçirilir.

Üçtərəfli görüşdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev təmsil edir.

Ceyhun Bayramov Daşkənddə Özbəkistan və Türkiyə XİN başçıları ilə üçtərəfli görüşündən sonra mətbuata birgə açıqlamasında bildirib ki, üçtərəfli görüş zamanı tərəflər ölkələr arasındakı əməkdaşlığın potensialının tam reallaşdırılması üçün iqtisadiyyat, ticarət, sərmayə və nəqliyyat sahələri ilə bağlı müzakirələr aparıblar.

Nazirlər xüsusilə də alternativ enerji olmaqla, enerji sahəsində əməkdaşlıq əlaqələrinə diqqət yetiriblər. Söhbət zamanı beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində əməkdaşlığın əlaqələri müzakirə edilib. Trans-Xəzər Şərq-Qərb nəqliyyat dəhlizi, həmçinin Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin bu istiqamətdəki roluna diqqət yetirilib.

Ceyhun Bayramov qeyd edib ki, nazirlər həmçinin Əfqanıstandakı vəziyyəti müzakirə ediblər. Söhbət zamanı beynəlxalq ictimaiyyət tərəfindən Əfqanıstandakı vəziyyətlə bağlı xüsusilə də humanitar yardımlar olmaqla, tutarlı addımların atılmasının zəruriliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov vurğulayıb ki, üçtərəfli görüşün nəticəsi olaraq qardaş ölkələrin xarici işlər nazirləri tərəfindən imzalanmış Daşkənd Bəyannaməsi qarşılıqlı maraq doğuran sahələrdə birgə əməkdaşlığa marağın sübutudur.

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Avqust, 2022  13:14 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!