|
Qafqaz MüsəImanları İdarəsində Məhərrəmlik ayı ilə bağlı toplantı keçirilib
Qafqaz Müsəlmanları İdarəsində(QMİ) iyulun 29-da Məhərrəm ayının başlanması ilə əlaqədar iclas keçirilib. Ahlibeyt.az QMİ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şeyxülislam Allahşükür Paşazadə İdarənin Qazılar Şurasının üzvləri, səlahiyyətli nümayəndələri və imamlarına Məhərrəm ayı ilə bağlı tövsiyə və tapşırıqlarını bildirib. Şeyxülislam A. Paşazadə Əhli-Beytə ehtiram nümunəsi olan bu ayın Vətən müharibəsi şəhidlərimizin anılması üçün müqəddəs məqam olduğunu qeyd edib, İmam Hüseyn şəhidlik məktəbinin yaşadığının göstəricisi olduğunu ifadə edib. Qarabağ Zəfərinin müəllifinin müzəffər Azərbaycan Prezidenti, onun müdrikliklə irəli apardığı Azərbaycan xalqı, rəşadətli Azərbaycan Ordusu olduğunu vurğulayan Şeyxülislam A. Paşazadə Vətən müharibəsində qələbəmizin əsas qüvvətverici amillərinin dövlət-xalq birliyi, dövlət rəhbərinin ətrafında sıx birləşmək, cəmiyyətimiz daxilində milli və dini birlik olduğuna diqqəti çəkib. QMİ sədri bu dəyərlərin qorunmasının gələcək zəfərlərə doğru addımlamağımız üçün önəmli olduğunu bildirərək din xadimlərinin üzərinə düşən mənəvi vəzifələri xüsusi xatırladıb. Dövlət-din münasibətlərinin yüksək səviyyəsinin təməlini qoyan Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərə hər zaman diqqət və qayğı ilə yanaşdığını bildirən Şeyxülislam A. Paşazadə ümummilli liderin 1994-cü il 20 iyunda Aşura mərasimi zamanı Təzəpir məscidinə gələrək dindarlar qarşısında söylədiyi tarixi nitqindən iqtibası iclas içtirakçılarına oxudu. Azərbaycan müsəlmanları üçün İmam Hüseyn əleyhissəlamın kəsb etdiyi önəmi ulu öndər o zaman belə ifadə etmişdi: «Müsəlman aləmində faciəli, müqəddəs bir günün əziz xatirəsi qeyd olunur -- bu gün Həzrəti Məhəmməd peyğəmbərin nəvəsi Həzrəti imam Hüseynin qətlə yetirildiyi gündür. Biz ulu babalarımızın Vətən, torpaq, haqq, ədalət yolunda şəhid olduğu günü yad edirik. Bu münasibətlə mən bütün Azərbaycan müsəlmanlarına dərin hüznlə başsağlığı verirəm. Bütün müsəlmanlar, o cümlədən biz azərbaycanlılar həmin faciəli günü hər il yada salmaqla Vətənə, torpağa, dinimizə, məsləkimizə sədaqətimizi bir daha nümayiş etdiririk. Biz bundan sonra da Quranı-şərifin, Həzrəti Məhəmməd peyğəmbərin qoyduğu yol ilə gedəcək və haqq-ədalət, torpaq, Vətən yolunda şəhid olmuş Həzrəti imam Hüseynin və onun bütün silahdaşlarının qəhrəmanlığını, şəhidliyini heç vaxt unutmayacağıq». Şeyxülislam A. Paşazadə Ulu Öndər Heydər Əliyevin başlatdığı ali mənəviyyat yolunun bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam və inkişaf etməsini qürurla vurğulayıb. Daha sonra Şeyxülislam A. Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin dinlərarası dialoq və əməkdaşlıq müstəvisində xalqımız və dövlətimizin maraq və mənafelərinə xidmət etmək üçün həyata keçirdiyi görüş və tədbirlər barədə din xadimlərinə məlumat verib.Bildirib ki, bu il ərzində Vatikan, Böyük Britaniya, Avstriya, Fransa, BƏƏ, Səudiyyə Ərəbistanı və başqa ölkələrdə iştirak etdiyi görüş və beynəlxalq tədbirlərdə qalib Azərbaycan dövlətinin təmsilçisi olaraq keçirdiyi qürur dövlətimizin, ələlxüsus, dövlət rəhbərimizin müdrik siyasətinin bəhrəsidir. Dünyada ölkəmizə olan etimad və ehtiramın mənbəyi Azərbaycan dövlətçiliyinin uğur və qələbələridir. Dünya Müsəlman Ağsaqqalları Şurasının üzvü seçilməsini də bu qəbildən dəyərləndirən Şeyxülislam A. Paşazadə təmsil olunduğu bütün beynəlxalq xitabət kürsülərindən erməni kilsəsinin ölkəmizə qarşı apardığı dini müstəvidə qarayaxma kampaniyasını zərərsizləşdirmək yönündə aktiv fəaliyyəti barədə iclas iştirakçılarını məlumatlandırıb. QMİ Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə əlaqədar Müraciəti oxunub və qəbul olunub. Müraciətdə Aşura mərasimləri ilə bağlı konkret tapşırıq və tövsiyələr yer alıb. O cümlədən, münasib təziyədarlıq nümunələrindən biri kimi ənənəvi keçirilən qanvermə aksiyaları barədə məlumat verilib. İclasda iştirak edən Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək dövlət-din münasibətlərinin yüksək səviyyəsindən, dini dəyərlərə və din xadimlərinə qayğı və diqqətdən bəhs edib, öz növbəsində, din xadimlərinə Məhərrəm ayı ilə bağlı öz tövsiyələrini bildirib. Din xadimlərinin Vətən müharibəsi günlərində yüksək vətənpərvərlik nümunəsi göstərdiklərini xüsusi vurğulayan Komitə sədri Məhərrəmlik mərasimləri dövründə də dinimizin dəyərlərinin insanlara çatdırılmasında din xadimlərinin üzərinə düşən məsuliyyəti xatırladaraq dövlət xurafat elementlərinin yer almaması üçün diqqətli olmağı tövsiyə edib. M.Qurbanlı Azərbaycan cəmiyyətinin hər zaman ənənəvi dəyərlərinə yüksək ehtiram bəslədiyini vurğulayaraq, bu il də Məhərrəmlik, Aşura mərasimlərinin milli-mənəvi dəyərlərimizə uyğun şəkildə qeyd ediləcəyinə əmin olduğunu bildirib. İclasda Vətən şəhidlərinin ruhlarına dualar oxunub, Allahdan rəhmət dilənib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 İyul, 2022 09:47 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |