إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Məktəblərdə ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub

Bu gündən Azərbaycanda yeni tədris ili başlayır.

Ahlibeyt.az Təhsil Nazirliyi mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 22-dən ümumi təhsil müəssisələrinin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayır.

Builki tədris ilini müəllim və şagirdlər qalib xalqın qalib övladları kimi qarşılayır. Təhsil müəssisələrində ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.

Sentyabrın 29-dan isə ümumi təhsil müəssisələrinin V-XI siniflər üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil ocaqlarında ənənəvi şəkildə tədrisə başlanılacaq.

2021-2022-ci tədris ilində respublikanın məktəblərində ümumilikdə 1 milyon 589 min 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Ümumtəhsil məktəblərinin I sinfində 158 min 608, IX sinfində 132 min 881, XI sinfində isə 91min 538 şagird təhsil alacaq. Respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 min 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir.

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən məktəblərdə 471 min 661 şagird təhsil alacaq. Bu məktəblərin I sinfində 49 min 171, IX sinfində 36 min 199, X sinfində 27 min 016, XI sinfində 23 min 707, XII sinfində 176 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Bakıdakı 276 ümumi təhsil müəssisəsində 25 min 189 beşyaşlının məktəbəhazırlığa cəlb olunacağı gözlənilir. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 min 467 müəllim çalışır.

Hazırda respublikada 309 ibtidai məktəb, 3333 tam orta məktəb, 775 ümumi orta məktəb, 13 xüsusi tipli ümumi orta məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 64 məktəb-lisey, 54 lisey, 15 gimnaziya və 16 inteqrasiya təlimli internat tipli gimnaziya, 1 inteqrasiya təlimli internat məktəbi olmaqla, ümumilikdə 4435 məktəb fəaliyyət göstərir. BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb, 5 əyani-qiyabi axşam məktəbi və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi olmaqla, cəmi 323 təhsil müəssisəsi fəaliyyət göstərir.

Yeni dərs ilinə hazırlıq tədbirləri çərçivəsində ölkədə bir sıra yeni məktəb binaları, tədris korpusları inşa olunub, əsaslı və cari təmir işləri aparılıb. Son illər təhsilin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yenilənib, 3500-dən çox məktəb ya yenidən tikilib, ya da əsaslı təmir edilib.

Xatırladaq ki, sentyabrın 14-dən bölgələrdə yeni məktəb binalarının açılışına start verilib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Sentyabr, 2021  10:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!