إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Azərbaycanda dini durum: mülahizələr

Cəmiyyətdə istənilən sahədə problemin olması özlüyündə normal hal hesab oluna bilər. Əslində dünyada problemsiz cəmiyyət, dövlət yoxdur. Amma əsas məsələ mövcud problemlərə necə yanaşmaqdadır. Onları dərindən öyrənib, həlli yolarını tapmaq, çözülməsinə səy göstərmək gərəkdir...

Ölkəmizdə digər sahələrlə bərabər din sahəsində də ciddi problemlər var və onları danmaq, hər şeyin son dərəcə sabit olduğunu söyləmək mövcud reallıqları inkar etmək deməkdir. Bu baxımdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucovun jurnalistlərə açıqlamasında “Azərbaycanda dini durum son dərəcə sabit və normaldır” deməsi səmimilikdən çox uzaq səslənir. Həqiqət budur ki, problemlər var və ölkəmiz din sahəsində böhran yaşamaqdadır.

Dini mühit son 20 ildə bəlkə də ən böhranlı durumdadır. Bu problemlər din və vicdan azadlığının pozulması, qanunlara edilən düzəlişlərlə dini fəaliyyətin məhdudlaşdırılması, dinlə bağlı yeridilən dövlət siyasətində inanclı insanların rəyinin nəzərə alınmaması, fəal dindarlara potensial cinayətkar kimi yanaşılması, onların təqib və həbs olunması kimi hallarla bağlıdır.

Ölkəmizin din sahəsinin də digər sahələr kimi ciddi və köklü islahatlara ehtiyacı var.

Hicab sindromu

Uzun illərdən bəri ölkəmizdə milli-mənəvi dəyərlərimizin ayrılmaz atributlarından olan baş örtüyünə qarşı ögəy münasibət sərgilənməkdədir. ABŞ, Avropa dövlətləri, hətta Rusiyadan fərqli olaraq əhalisinin mütləq əksəriyyəti müsəlmanlardan ibarət Azərbaycanda 20 ilə yaxındır hicablı xanımlar başörtüyü ilə şəxsiyyət vəsiqəsi və ümummilli pasport ala bilmirlər. Onlardan başıaçıq şəkil təqdim etmələri tələb olunur.

Dövlət müəssisələrinin bir çoxunda hicablıların işləməsi üçün qeyri-formal qadağa hökm sürür. “İnanclı Vətəndaşların İnsan Haqlarına Dəstək” Təşəbbüs Qrupunun 2011-ci ildə apardığı kiçik bir araşdırma nəticəsində Azərbaycanda 60-a yaxın hicablı xanımın iş hüququnun pozulması faktı aşkarlanıb. Onlardan bəziləri hicaba keçdiyinə görə tutduğu vəzifədən azad edilib, bəziləri hicablı olduğuna görə işə götürülməyib, bəzilərinə isə işdə hicab taxmaq qadağan edilib.

Artıq iki ilə yaxındır hicablı şagirdlər məktəbə buraxılmır. “Vahid forma” bəhanəsi ilə inanclı məktəbli qızların təhsil hüququ pozulub. Minlərlə dindar ailə sarsıntı keçirir. Amerikada, Avropa ölkələrində, hətta Rusiyada hicablı şagirdlər sərbəst məktəbə gedirlər, amma bizdə yox. Bu hallara qarşı etiraz edənlərin aqibəti isə bəllidir...

Əqidəsinə görə hicab taxan şagirdlərimizi, onların keçirdiyi halları, ailələrin göz yaşlarını, sıxıntıları göz önümüzə alaq. Bizim hicablı şagirdlərimiz də Amerikada, Avropada, Rusiyada olduğu kimi hicabla dərsə getmək, oxumaq, təhsil almaq istəyirlər. Hicablı xanımlarımız da həmin ölkələrdə olduğu kimi işləmək, cəmiyyətin tamhüquqlu vətəndaşı olmaq istəyirlər. Bunun dünyəvi dövlətlə heç bir ziddiyyəti yoxdur! Axı hicaba qarşı bu qədər aqressiv olmağın nə mənası var?

“Dünyəvi dövlət” - uğursuz bəhanə

DQİDK rəsmiləri öz açıqlamalarında dönə-dönə bildirirlər ki, Azərbaycan dünyəvi dövlətdir və dünyəvi dövlətlərdə vahid məktəbli forması mövcuddur. Guya buna görə də hicabla məktəbə getmək olmaz.

Bəs həqiqətənmi dünyəvi dövlətlərdə hicablı şagirdlər dərsə buraxılmır? Əslində “vahid forma” və dünyəvi dövlət anlayışının dünya təcrübəsində hicabla məktəbə getməklə heç bir əlaqəsi yoxdur. Danılmaz faktdır ki, ABŞ, Kanada, Almaniya, Hollandiya, İtaliya, Gürcüstan, Rusiya və s. kimi ölkələr də dünyəvi dövlətlərdir, amma onların hamısında hicablı məktəblilər sərbəst şəkildə məktəbə gedir, heç kimin hicaba görə təhsil haqqı pozulmur. Mən şəxsən özüm ABŞ və bir sıra Avropa dövlətlərinin məktəblərində bunun şahidi olmuşam. Hətta bəzi məktəblərdə vahid forma var, amma onlarda da əqidəsinə görə başını örtən şagirdlər üçün formaya uyğun rəngdə hicab örtməsi nəzərdə tutulur. Daha durub şagirdin başını açdırmırlar!

Sivil dünyəvi dövlətlərin məktəblərdə başin içi ilə məşğul olurlar, çölü ilə deyil. Hicablılar təhsillərini də davam etdirirlər, dövlət idarələrində də çalışırlar. DQİDK rəsmilərinin ictimaiyyətə həqiqətə uyğun olmayan fikirlər söyləməkdə davam etməsi təəssüf doğurur. 21-ci əsrdə cəmiyyəti aldadıb guya dünyəvi dövlətlərdə vahid məktəbli forması səbəbindən hicablı şagirdləri dərsə buraxmırlar kimi yanlış fikirlər yaymasının mənası yoxdur.

Vahid məktəbli forması və dünyəvi dövlət məsələsinin hicablı şagirdlərin dərsə buraxılmamasına heç bir aidiyyəti yoxdur. Bəlkə komitə rəsmisi ABŞ, Almaniya, yaxud Rusiya kimi dövlətləri dünyəvi deyil, islam dövləti sayır, bu başqa məsələ. Üstəlik, Azərbaycan hicab qadağasından əvvəlki illərdə dünyəvi dövlət deyildimi?..

Məscid, yoxsa “qanunsuz tikili”?

Din sahəsində yaşanılan ciddi problemlərdən biri də bir neçə məscidin sökülməsi və bağlanmasıdır. Təkcə bir ildə - Bakı islam mədəniyyəti paytaxtı elan edilən 2009-cu ildə paytaxtda 3 məscid “qanunsuz tikili” adı ilə dağıdıldı. Guya hansısa sənədi çatışmırdı deyə. Həmin məscidə sənəd verib qanuniləşdirmək əvəzinə, Stalin dövründən bu yana görünməyən addım atıb, min cür əziyyətlər bahasına tikilmiş məscidləri sökdülər. Axı o “qanunsuz tikililəri” sənədləşdirmək müvafiq dövlət orqanı üçün sadə bir məsələ idi. Şəhərdə nə qədər sənədi naqis olan binalar var, onları sökmürlər ki, sənədləşdirirlər. Bir uşaq doğulduqda ona yaş kağızı alınmayıbsa, sonra sənədi yoxdur deyə onu öldürməzlər ki, sənəd verərlər!

Hansısa Avropa ölkəsində təsəvvür edilə bilərmi ki, bir kilsə sökülsün və deyilsin ki, filan sənədi çatışmırdı deyə ora kilsə deyil, qanunsuz tikili idi? Əsla!

Üstəlik, ölkəmizdə neçə-neçə məscid bağlanıb. Hazırda şəhərimizin mərkəzində “Şəhidlik” məscidi və Nərimanov rayonu “Cümə” məscidinin qapısı qıfıllıdır. Nə qədər bəhanələr gətirilsə də, bu bir faktdır. Deyirlər, “Əbu Bəkr” adı ilə tanınan məscidin qapanması guya istintaqla bağlıdır, digər məscid təmirə bağlanıb və s. Axı bu qədər qeyri-ciddilik olmaz! Neft Akademiyasında faciəvi qətl törədildi, istintaq gedir deyə akademiyanın qapısına qıfıl vuruldumu?

Dini etiqad azadlığı, yoxsa məhdudiyyəti?..

8 may 2009-cu ildə “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər qəbul edildi və bununla dini fəaliyyət imkanları xeyli məhdudlaşdırıldı. Bu dəyişikliklər nəticəsində QMİ sədri şeyxülislam Hacı Allahşükür Paşazadə və onun müavinləri də, İslam Universitetinin rektoru Hacı Sabir Həsənli də Azərbaycandan kənarda islam təhsili aldıqlarından daha ölkəmizdə dini mərasimləri idarə edə bilməzlər! Dünyanın ikinci ölkəsini göstərmək olarmı ki, belə bir qadağa mövcud olsun? Elə bir dövlət varmı ki, orada rəsmən din sahəsinə rəhbərlik edən şəxsin dini mərasim aparması qanunla qadağan hesab edilsin? Ümumiyyətlə, təsəvvür ediləndirmi ki, fransalı bir katolik keşiş, məsələn, İrlandiyada dini təhsil alıb deyə ona öz ölkəsində vəz oxumağı, dini mərasim aparmağı qadağan etsinlər?

Bu müddəa konstitusiyamıza da ziddir. Konstitusiyamızın “Din və dövlət” adlanan 18-ci maddəsində kifayət qədər aydın göstərilir ki, bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Amma şahidi olduğumuz kimi, dini təhsil mövzusunda bu prinsipə zidd olaraq məhdudiyyətlər yalnız islam dininə şamil edilir. Əlbəttə, bizim mövqeyimiz budur ki, bu məhdudiyyətlər ümumiyyətlə heç bir dinə şamil edilməsin.

12 dekabr 2011-ci ildə İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə dini fəaliyyətlə bağlı düzəlişlər qüvvəyə mindi. Bu düzəlişlər dini fəaliyyətə görə sərt cəza tədbirləri nəzərdə tutur. Yəni 2009-da edilən düzəliş yalnız hüquqları məhdudlaşdırırdısa, 2011-ci ilin dekabrından dini fəaliyyətə görə həm də inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.

“Quran” satmaq cinayətkarlıqdırmı?

2011-ci ilin dekabrında qüvvəyə minən dəyişikliklər arasında ən heyrət doğuranı 300.0.1 və 300.0.2-ci maddələrin İnzibati Xətalar Məcəlləsindən çıxarılaraq birləşdirilmiş formada 167-2-ci maddə kimi Cinayət Məcəlləsinə daxil edilməsidir. Əvvəllər İnzibati Xətalar Məcəlləsində belə maddələr vardı ki, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının yayılmasına görə vətəndaşlar 200 manatdan 400 manatadək cərimə edilirlər. Yeni dəyişikliklə bu maddə İnzibati Xətalar Məcəlləsindən çıxarılaraq Cinayət Məcəlləsinə daxil edilib və indi buna görə vətəndaş 5000 manatdan 7000 manatadək cərimə və ya 2 ilədək azadlıqdan mərhumetmə ilə cəzalandırılır. Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, eyni zamanda təkrar törədildikdə, 7000 manatdan 9000 manatadək cərimə və ya 2 ildən 5 ilədək müddətində azadlıqdan mərhumetmə ilə cəzalandırılır.

Fikir verin, 200 manat cərimə tətbiq edilən bir əməl birdən-birə 5 ilədək həbs kimi son dərəcə ağır cəza təhdidi ilə cinayət əməli elan edilir.

Dünyanın harasında təsbeh və ya “Quran”, “İncil” satan cinayətkar elan edilir? Nədir-nədir, xüsusi razılığı olmayıb. Qanunda dinə qarşı belə aqressiv münasibət hətta SSRİ zamanı da müşahidə olunmayıb. Dəyişiklikdən sonra xaricdə İslam təhsili almış şəxs dini mərasim apararsa, külli miqdarda cərimə və ya həbslə cəzalanırsa, bu kimi şeylərə problem deməyib, nə deyək bəs?

Konstitusiyamız dini etiqad azadlığını tanıyır və bütün qanunlar, onlara edilən düzəlişlər onun tələblərinə cavab verməlidir. Konstitusiyamız dini yaymaq hüququnu tanıdığı və dəstəklədiyi halda başqa bir qanunun buna görə 5 ilədək həbs, yaxud 5-9 min manat cərimə tətbiq etməsi absurddur.

Xaricdən asılılıq

20 ildən çoxdur Azərbaycan dövlət müstəqilliyi əldə edib. Bu, bütün digər sahələr kimi din sahəsində də quruculuq işlərinin aparılmasına, müstəqil dini təsisatların, dini elmlərin tədqiqi və tədrisi mərkəzlərinin yaradılmasına imkanlar yaratdı. Lakin əfsuslar olsun ki, ölkəmizdə hələ də bunlara nail olmaq mümkün olmayıb və dinindən, məzhəbindən asılı olmayaraq - istər müsəlman olsun, istər xristian, istərsə də yəhudi - dindar vətəndaşlar xaricdəki dini mərkəzlərdən asılı durumdadırlar.

Ölkədə müstəqil dini mühitin yaradılmasına dəstək vermək əvəzinə yerli televiziya kanallarında yayımlanan dini verilişlər bağlanılır, yerli dindarların dini fəaliyyəti məhdudlaşdırılır və nəticədə dindarlar yenə də öz mənəvi tələbatlarını ödəmək üçün üzlərini xaricə tutmalı olurlar.

Məktəblərdə balalarımıza din dərsləri keçirilmədiyindən yeniyetmə və gənclərimizin dini bilikləri küçədən keçən təsadüfi adamlardan öyrənməsi təhlükəsi realdır. Bu isə bəlli olmayan dairələrin boşluqdan məharətlə istifadə etməsi üçün əlverişli şərait yaradır.

Üstəlik, dindar əhalini incik salmaqla Azərbaycanda sabitliyi pozmağa maraqlı olan qüvvələrin əlinə fürsət verilir ki, onlardan istifadə edib milli maraqlarımızı təhlükə altına alsınlar. İndiyədək neçə-neçə silahlı dini qruplaşmanın ifşa edilib, zərərsizləşdirildiyi haqda məlumatlar yayılıb. Bəs bu vətəndaşlarımızın xaricdəki bədniyyətli dairələrin toruna düşməsinin səbəbləri araşdırılıbmı? Bunun qarşısını almaq məqsədilə, profilaktik maarifçilik işləri aparılıbmı?

Sadə bir misal. Tutaq ki, bir yeniyetmə namaz öyrənmək istəyir. İndiyədək, məsələn, QMİ tərəfindən namazı öyrədən kitabça buraxılıbmı, yaxud kurslar təşkil edilibmi? İbtidai dini biliklər almaq istəyən gənclər üçün xüsusi treninqlər keçirilibmi? Məktəbdə öyrətməsinlər, televiziyada olmasın, ədəbiyyat hazırlanmasın, kurs keçirilməsin, bəs bu millətin övladları dini haradan öyrənsinlər?

Dini maarifçiliklə məşğul olan təşkilatlara dəstək verilməsi, mənəvi dəyərləri təbliğ edənlərin dəstəklənməsi, telekanallarda xüsusi verilişlərin hazırlanması, məktəblərdə dini biliklərin tədrisi kimi faydalı işlər dövlətçilik maraqlarımıza daha uyğun deyilmi? Nə vaxta kimi dindar vətəndaşlarımız xaricdəki dini mərkəzlərə möhtac vəziyyətdə qalmalıdırlar?..

Din siyasətimizin “uğurları”

Rəsmilərin bəyanatlarından eşidirik ki, dövlətimizin din siyasətinin nə dərəcədə uğurlu, nümunəvi model olduğunu ölkəmizi yaxından öyrənən onlarla, bəlkə də yüzlərlə əcnəbi diplomat, tarixçi, ilahiyyatçı və din xadimi səmimiyyətlə dilə gətirir. Amma dövlətimizin din siyasətinin nə dərəcədə uğurlu və ya uğursuz olduğunu öyrənmək üçün əcnəbilərin yox, ilk növbədə Azərbaycanın dindar vətəndaşlarının rəyini öyrənmək önəmlidir. Din sahəsində hər şeyin normal olduğunu söyləyənlər həqiqəti bilmək istəyirlərsə, bir dəfə dindarlar arasında bir sorğu keçirsinlər və inanclı vətəndaşların rəyi ilə tanış olsunlar. Problemlərini öyrənsinlər, sözlərini dinləsinlər. Bunu etmək elə də çətin iş deyil.

Yaxud din sahəsində baş verən hadisələri dövri mətbuatdan, qəzetlərdən, saytlardan daha diqqətlə izləsinlər. Öz inanclı vətəndaşının rəyini heçə sayıb, xaricdən rəy almaq yersizdir. Üstəlik, elə bir halda ki, dünyanın nüfuzlu beynəlxalq insan haqları qurumları hər il öz hesabatlarında Azərbaycanda din və vicdan azadlığının kobud şəkildə pozulduğunu qeyd edirlər. ABŞ Dövlət Departamentinin illik hesabatlarında da bu fakt öz əksini tapır. Hər dəfə də DQİDK yığışıb həmin nüfuzlu beynəlxalq təşkilatlara rədd cavabı hazırlayır. Problemləri öyrənib həll etmək əvəzinə din sahəsindəki böhranlı vəziyyəti, qüsurları, din və vicdan azadlığının pozulma faktlarını gizlətməyə çalışır. Üstəlik, komitə sədri bəyan edir ki, guya başqa dövlətlər də öz din-dövlət münasibətinin konsepsiyasını Azərbaycanın timsalında hazırlayıb. Axı dünyanın hansı ölkəsi üçün nümunəvi sayıla bilər bu vəziyyət? Buna kimsə inana bilərmi?

İslahatlara doğru ümidlərlə...

Bir Azərbaycan vətəndaşı və din sahəsini təmsil edən bir şəxs kimi arzumuz budur ki, ölkəmizdə bütün sahələrdə, o cümlədən din sahəsində olan problemlər tezliklə çözülsün. Amma bunun üçün axı əvvəlcə problemləri görmək, etiraf etmək lazımdır, gizlətmək, danmaq yox. Bəlkə də DQİDK-nın sədri bilavasitə din mövzusu ilə dərindən tanış deyil deyə bu sahədəki problemlər ona normal gəlir. Amma dövlət komitəsində kifayət qədər savadlı, bilikli ilahiyyatçı mütəxəssislər var, onlar bu işdə yardımçı ola bilərlər.

İllərdən bəri ölkəmizdə aparılan yanlış din siyasəti dindar vətəndaşlarımızı hökumətdən narazı salmağa xidmət edir. Üstəlik, dindarların radikallaşmasına səbəb olur. Sanki müəyyən dairələr öz əməlləri ilə dindarları qızışdırır, sabitliyi pozmağa təhrik edir. Axı bu, kimə lazımdır? Hesab edirik ki, din sahəsində mövcud olan problemləri anlayıb həll etmək əvəzinə hər şeyin normal, gözəl olduğunu söyləmək elə ilk növbədə dövlətçiliyimizə zərbə vurmaqdır.

Bir vətəndaş kimi tam səmimi olaraq DQİDK-ya müraciət edirəm, gəlin problemlərə göz yummayaq, onları danmayaq, dövləti və milləti aldatmayaq, tənqidi fikirləri top atəşinə tutmayaq. Əksinə, hamılıqla əl-ələ verib bu böhranlı vəziyyətdən çıxış yolları axtaraq, problemləri həll etməyə çalışaq. Bu, Azərbaycanımızın inkişafı üçün, ölkəmizdə sabitliyin bərqərar olması üçün çox vacibdir. İslahatlara doğru ümidlərlə...

Elşən Mustafaoğlu
İlahiyyatçı, fəlsəfə doktoru

Media forum

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 May, 2012  21:44 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!