إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Azərbaycan əleyhinə beynəlxalq veb-simpoziumla bağlı tədbirlər görüləcək

Sosial şəbəkələrdə mart ayının 3-4-də erməni dağlığı və bitişik ərazilərin xalqlarının xristian tarixi-mədəni irsinə dair beynəlxalq veb-simpozium keçirilməsi haqqında məlumat yayılıb. Simpoziumun adı ilə tanışlıq məqsədyönlü şəkildə tarixi həqiqətin təhrif edilməsi haqqında ilk təəssürat yaradır. Nə tarixi, nə də coğrafi baxımdan belə bir ad və ərazi var.

Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə AMEA Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilib.

Qeyd edilir ki, tədbirin təşkilatçıları, mövzuları və iştirakçılarının siyahısı bu təəssüratı daha da dərinləşdirir: “Məlumatda təşkilatçılar kimi Avropanın erməni ittifaqı forumu (İsveçrə), Eçmiədzin monastırı, Vyana klubu-Panavropa Siyasi-iqtisadi analiz və proqnozlar mərkəzi-Sülhün müdafiəsi alyansı (Slovakiya) təqdim edilir. Simpoziumun keçirilməsinə dair xülasə və məqsəd onun elmilikdən daha çox siyasi və ideoloji platforma olduğunu təsdiq edir. Bu informasiyanın erməni dililə yanaşı, rus və ingilis dillərində yayılması isə iştirakçılar ilə birgə, kənardan da daha çox diqqəti cəlb etməyə hesablanıb. Veb-simpoziumun sədrləri, məsul katibləri, təşkilat komitəsinin üzvləri nəinki erməni, o cümlədən dünyanın bir sıra ölkələrindən olub, ermənipərəst mövqeyi ilə tanınan bir çoxlarını eyni foruma toplayaraq, vahid mövqedə birləşdirmək və daha təsirli görünmək istəyini ifadə edir.

Veb-simpoziumun mövzuları ilə tanışlıq onun müəyyən edilmiş adının əsil məqsədini ortaya çıxarır və mahiyyət etibarı ilə anti-Azərbaycan ideyasını göstərir. Bu simpozium elmi etika bir tərəfə, hətta siyasi-ideoloji əxlaqın da elementar tələblərini pozaraq, orada nəzərdə tutulan çıxışlara məqsədyönlü şəkildə istiqamət verir. 1-ci mövzu kimi Qafqaz Albaniyası tarixinin saxtalaşdırılması və Azərbaycan ilə əlaqə təqdim olunur. Burada xalqların (talışlar, udinlər, ləzgilər və b.) tarixi, ötən əsrin 50-ci illərindən başlayaraq Azərbaycan tarixinin saxtalaşdırılması adı ilə əvvəlcədən müəyyən edilmiş fikirlər təlqin olunur. İkinci mövzuda isə xristian abidələrinin mühafizəsi adı ilə yenə də Azərbaycan tarixini, bu pərdə altında Azərbaycan dövlətini hədəf alan başlıqlar verilir".

Simpozium erməni və ermənipərəst qüvvələrin revanşist dairələrinin anti-Azərbaycan mübarizəsində yeni bir cəbhə açmaq niyyətini ortaya qoyur: "Bu həm də onunla təsdiq olunur ki, simpoziumda Azərbaycan tarixi, onun bir sıra fundamental problemləri mövzuya çevrildiyi halda, Ermənistan Tarix institutu orada geniş təmsil olunur, AMEA-nın Tarix İnstitutundan isə mütəxəssislər dəvət edilmir. Bu, əslində məhz veb-simpoziumun təşkilatçılarının birtərəfli qaydada müzakirələr açmaq yolu ilə saxtalaşdırıcının kimlər olduğunu göstərir.

AMEA Tarix İnstitutu bütün bunları nəzərə alaraq, veb-simpoziumun təşkilatçılarına öz etirazını bildirəcək, Azərbaycan tarixinin təhrif edilməsinə qarşı beynəlxalq alyans formalaşdırılması əleyhinə prinsipial mövqeyini ortaya qoyacaq, onun baslıca müddəalarını həqiqi elmi platformalarda daima ifadə edəcəkdir. Ən qısa zamanda bu simpoziumun anti-elmi məqsədlərinin əksinə olaraq, Azərbaycan həqiqətlərini əks etdirəcək müvafiq tədbirlər həyata keçiriləcəkdir. Azərbaycan dövlətinin multikultural siyasəti, Azərbaycan xalqının ümumbəşəri dəyərlərə sədaqəti, burada yaşayan bütün xalqların həm tarixən, həm də müasir dövrdə Azərbaycan dövlətçiliyi naminə sarsılmaz birliyi bu həqiqətlərin əsas qayəsini təşkil edir”.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Mart, 2021  12:10 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!