إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Məhbuslar dinə meyillənirlər

Keçmiş məhbus, “İnsan Haqları Uğrunda” İctimai Birliyin rəhbəri, jurnalist Eynulla Fətullayev deyir ki, müşahidələri, eləcə də qurumun apardığı sonuncu monitorinqlər Azərbaycanın cəzaçəkmə müəssisələrində dinə meylin artdığını göstərir: “Cəzaçəkmə müəssisələrinin 20-30 faizi ibadət edən insanlardır. Misal üçün, mənim də saxlandığım 12 saylı Cəzaçəkmə Müəssisəsində 800-dək dustaq vardı. Təxminən 200-240 nəfəri - təriqətindən, məzhəbindən asılı olmayaraq daimi namaz qılan dustaqlar idi. Ola bilər ki, hansısa müəssisədə rəqəmlər bundan aşağı, hansındasa yuxarıdır. Amma dustaqların orta hesabla 25-30 faizinin ibadətlə məşğul olduğunu, dinə meyl etdiyini demək mümkündür”.


“Media forum” saytının suallarını cavablandıran birlik sədri deyir ki, özünü həmişə aqnostik hesab edib, Allaha inansa da, heç bir dinə sitayiş etməyib. 


Eynulla Fətullayev dustaqların dinə meyl etməsini belə izah edir ki, həbsxanada zaman limiti yoxdur. Məkan da fərqli olduğu üçün insan dinə meyllənir: “Həbsxanada dustaqlar daha çox dinə meyl edir, nəinki ateizmə. Orada zaman məhdudiyyəti yoxdur, bir gün bir əsrə, yaxud bir əsr bir günə bərabərdir. Həyat və ölüm, bir an və əbədiyyət insanları fəlsəfi düşüncələrə meylləndirir. Azadlıqdakı həyatın qaçaraqlığı orada yoxdur”.

Keçmiş dustaq həbsxanadakıların dinə meyl etməsini hər kəs üçün sərfəli sayır: “İlk növbədə insan kamilləşir. Orta təhsili olmayan, əlinə bir kitab da almamış adam ən azından dini ədəbiyyata meyl edir, kitab oxumağa başlayır. Bunun da sayəsində dünya tarixi haqqında təsəvvürü formalaşır. Xeyir və şər, digər dəyərlər haqqında təsəvvürü yaranmağa başlayır, törətdiyi cinayət haqqında daha dərindən düşünməyə başlayır. Həbsxanadakı dustaqların dinə meyl etməsi həm bəşəriyyətə, həm dövlətə, həm də həmin şəxsin özünə xeyirdir”.

Eynulla Fətullayev istisna halların olduğunu da vurğulayır. Bəzi insanlar azadlığa qovuşanda dəyərləri itirir.

Jurnalist qeyd edir ki, rəsmi səviyyədə bunu təsdiq etməsələr də, həbsxanalarda sələfilik cərəyanına daha çox meyl var. Onun fikrincə bunun səbəbri, sələfiliyin Azərbaycan üçün yad və yeni, həmçinin radikallığa meyilli olması ilə bağlıdır: “Sələfilik Azərbaycan cəmiyyəti üçün yeni olduğuna görə ona meyl güclü olur. İkinci səbəb radikallıqla bağlıdır. Yəni dinə gələn insan əslində radikal hisslərlə onu seçir. O, ani, tez bir zamanda dəyişiklik arzulayır, maksimalizm arzu edir. Düşünür ki, hansısa anda, hansısa dəqiqədə ətraf dəyişəcək, həyatı təzələnəcək”.

Keçmiş məhbus vurğulayır ki, bu cərəyana meyl cəzaçəkmə müəssisələri rəhbərliyinin xoşuna gəlmir, çünki bir qrup sələfi – heç bir qanun tanımayan, inqilabi əhval-ruhiyyəli bir məhkum toplumu yaranarsa, onları heç cür idarə etmək mümkün olmayacaq. Bu situasiyanın qarşısını almaq üçün ciddi mübarizə aparılırdı.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdir müavini Nahid Məmmədov deyir ki, il ərzində qurum əməkdaşları ölkədəki bütün cəzaçəkmə müəssisələrində olurlar: “Məhbusların, cinayət törətmiş admaların dinə meyl etməsi, ibadətə başlaması onların tövbə etməsi deməkdir. Onlar ibadətə bağlanır, boş vaxtlarını ibadətə sərf etməklə keçirirlər. Bu onların günah hissini öz üzərlərində hiss etmələri ilə əlaqəlidir. Cəmiyyətə inteqrasiyası haqqında həm müəssisə rəhbərliyi, həm də məhbusların özləri cəzaçəkmə müəssisəsində düşünməlidirlər. Onlar sərbəst şəkildə cəmiyyətə adaptasiya olunmaq üçün bir növ ibadətə bağlanırlar”.

Qurum rəsmisi bildirir ki, artıq bir neçə ildir Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında tədbirlər planı imzalanır və hər il mütəmadi olaraq cəzaçəkmə müəssisələrində tədbirlər həyata keçirilir: “Bu tədbirlər planının mahiyyəti məhbusların vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirmə işinin təşkilidir.”


Psixoloq, Bakı Dövlət Universitetinin doktorantı Günel Aslanovanın sözlərinə görə, insan özü-özünü tənzimləyən varlıq olduğu üçün daxili balansını qoruya bilir: “Həbsxanaya düşən adam ən azından günahlarının bağışlanması şəklində daxili nizamını qoruya bilər. Zatən onlar əvvəldən dində olsa idilər, cinayət törətmə ehtimalları daha az olardı. Statistika göstərir ki, dində olan insanların cinayət törətməsi faktına az-az rast gəlinir”.


Bakı Dövlət Universitetinin doktorantı Cavid İmamoğlu deyir ki, dünyanın hər yerində olduğu kimi Azərbaycanda da həbsə düşənlərin sayı durmadan artır. Onun sözlərinə görə,  qapalı mühitdə daxili dünyanın təzahürü olan ibadət və rahatlıq axtarışı və tələbatı ödənilməsə, insan ağlasığmaz stress və emosional böhran yaşaya bilər”.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 May, 2012  18:23 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!