إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İslam dünyasında elmi əsaslarda dayanıqlı inkişaf məsələləri müzakirə edilib

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Almaniyanın Konrad Adenauer Fondu ilə keçirdiyi birgə konfransda İslam aləmində elmi əsaslara söykənən dayanıqlı inkişafı, habelə mədəni irsin qorunması və daha da zənginləşdirilməsi məsələləri müzakirə olunub.

Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, ICESCO-nun Baş direktoru Salim Əl Malik bu konfransın təşkilatın Strateji Proqnozlar Mərkəzinin proqramı çərçivəsində keçirildiyini bildirib. Qeyd edib ki, sürətlə dəyişən dünyada elmin və təhsilin inkişafına nail olmadan dayanıqlı inkişafı təmin etmək mümkün deyil.

Bu məqsədlə ICESCO-ya üzv ölkələrin universitetlərinin, tədqiqat institutlarının səylərini birləşdirmək vacibdir. “Biz sürətlə dəyişən və yeni çağırışların meydana çıxdığı bir dünyada yaşayırıq. Gələcəyin detallarını öyrənmədən bu qlobal aləmdə inkişafı təmin etmək mümkün olmayacaq”, - deyə Əl Malik vurğulayıb.

O əlavə edib ki, mədəni, intellektual, sosial, elmi və iqtisadi sahələrdə Qərb ölkələrindən geri qalmamaq üçün nüfuzlu İslam alimləri tərəfindən gələcəklə bağlı sanballı tədqiqatlar aparılmalıdır. Belə ki, dünyanın demoqrafik vəziyyəti də bunu tələb edir. 2050-ci ildə dünya əhalisinin sayı 9,7 milyard, 2100-cü ildə isə 11,2 milyard nəfərə çatacaq. Belə olan şəraitdə yeni innovativ proqramların hazırlanması labüddür.

1

Konrad Adenauer Fondunun nümayəndəsi Steffen Krüqer bildirib ki, Qərblə İslam aləminin əməkdaşlığı dünyanın gələcəyi baxımından əhəmiyyətlidir.

Onun sözlərinə görə, COVID-19 pandemiyası bir daha göstərdi ki, qlobal dünyada bütün fəlakətlərdən xilas olmağın yeganə yolu bəşəriyyətin həmrəyliyidir. Yaxın Şərq və Afrikada davam edən silahlı münaqişələr, iqlim dəyişikliyi ilə əlaqədar aclıq və səfalət son nəticədə Avropaya, o cümlədən Almaniyaya mənfi təsir göstərir. Bu amillər yeni miqrasiya dalğası, gərginlik yaradır. Bu səbəbdən Qərbin elm adamları İslam dünyasının alimləri ilə birlikdə gələcəyə dair tədqiqatlar apararaq layihələr həyata keçirməlidirlər.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Sentyabr, 2020  11:53 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!