|
“Uşaq Səfirlər Məclisi”nin üzvlərinin iştirakı ilə onlayn videokonfrans keçirilibBu gün 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və “Uşaq Səfirlər Məclisi”nin üzvlərinin iştirakı ilə onlayn videokonfrans keçirilib. Uşaqların Beynəlxalq Müdafiəsi Günü ( International Children's Day) - 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb.Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Bu bayramla yanaşı BMT -nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. "Ümumdünya Uşaqlar Günü" 1954-cü ildə BMT -nin Baş Assambleyasının №836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bayram kimi qeyd olunub. Ahlibeyt.az-ın məlumatına görə, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və “Uşaq Səfirlər Məclisi”nin üzvlərinin iştirakı ilə onlayn videokonfrans keçirilib. Dövlət Komitəsinin məlumatında bildirilir ki, uşaqlarda müstəqil özünü ifadə etmə bacarığının formalaşması, onların ictimai fəallığının artırılması, liderlik keyfiyyətlərinin təkmilləşdirilməsi, iştirak hüququnun təmin olunması məqsədilə yaradılan “Uşaq Səfirlər Məclisi” uşaq hüquqlarının pozulması və buna səbəb olan hallar baş verdikdə, problemin aidiyyəti qurumlar qarşısında qaldırılması və həlli istiqamətində tədbirlərin görülməsi baxımından qarşıya mühüm bir missiya qoyur. Konfransı giriş sözü ilə açan Bahar Muradova “Uşaq Səfirlər Məclisi”nə seçilmiş uşaqları fəaliyyətə başlamaları münasibətilə təbrik edib, məsuliyyətli vəzifələrinin icrasında uğurlar arzulayıb. Komitə sədri, həmçinin “uşaq səfirləri” və onların timsalında Azərbaycan uşaqlarını 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, hər bir uşağa sülh, əmin-amanlıq şəraitində yaşamaq və xoşbəxt gələcək arzulayıb. Daha sonra dövlət uşaq siyasətindən danışan Komitə sədri ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində vahid və güclü qanunvericilik bazasının olduğunu diqqətə çatdırıb, dövlətimizin hər bir sahə üzrə uşaqlar üçün yaratdığı imkanlardan bəhs edərək uşaqlara daim xüsusi diqqət və qayğının göstərilməsi, sağlamlığının qorunması, onlar üçün keyfiyyətli təhsil imkanlarının təmin edilməsi, layiqli vətəndaş kimi formalaşmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Konfrans iştirakçıları dövlət tərəfindən uşaqların hərtərəfli inkişafına yönəlmiş siyasətin geniş imkanlar yaratdığını bildirərək, dövlətimizin başçısına bu diqqət və qayğıya görə təşəkkür ediblər. Onlar uşaq səfirləri olaraq bu missiyanın şərəfli və böyük məsuliyyət olduğunu bildirib, “Uşaq Səfirlər Məclisi”nin üzvü seçilmələri ilə bağlı qürur hissi keçirdiklərini ifadə edərək, Məclisdə uşaqların səsi olaraq onları təmsil edəcəklərinin sevincini paylaşıblar. Özlərini təqdim edən hər bir iştirakçı ölkəmizdə təhsil sahəsində müasir texnologiyalar və yeniliklərin təbliği, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, uşaqların mədəni-estetik zövqünün, ümumi dünyagörüşünün inkişafı, valideyn məsuliyyəti, COVID-19 pandemiyası şəraitində uşaq psixologiyası, eləcə də, sağlamlıq imkanları məhdud olan uşaqların asudə vaxtının səmərəli təşkili, uşaqların internet təhlükəsizliyi kimi önəmli mövzulara toxunublar. Bununla yanaşı, uşaqlar “Məktəblinin dostu”, “Uşaqdan uşağa”, “Mənim kiçik dostuma hədiyyəm” layihələrinin əhəmiyyətini xüsusi vurğulayaraq, bu istiqamətdə öz fikir və təkliflərini səsləndiriblər. Yekunda Komitə sədri Bahar Muradova “Uşaq Səfirlər Məclisi” üzvlərinin hər birinin qarşısında önəmli vəzifələrin qoyulduğunu və bu istiqamətdə daha məsuliyyətli olmağı, öz potensiallarını daim artırmağı tövsiyə edib. O, uşaqları hər zaman bir-birilərinə dəstək olmağa, birlik nümayiş etdirməyə çağırıb. Uşaqlar isə “Uşaq Səfirlər Məclisi” layihəsinin səmərəli və uzunmüddətli olacağına əminliklərini ifadə edərək, üzərilərinə düşən vəzifələrin öhdəsindən gəlmək üçün əzmlə çalışacaqlarını qeyd ediblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 İyun, 2020 11:59 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |