|
Bakıda “Qadın haqları milli dəyərlər və milli prioritetlər kontekstində” mövzusunda tədbir keçirilib"Lider Qadınlar" İctimai Birliyinin "Qadın haqları milli dəyərlər və milli prioritetlər kontekstində" layihəsi çərçivəsində tədbir keçirilib. Ahlibeyt.az Apa-ya istinadən xəbər verir ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, "Lider Qadınlar" İctimai Birliyinin təsisçisi Məlahət İbrahimqızı, BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İsakzai, Təhsil nazirinin müavini Məhhəbbət Vəliyeva iştirak ediblər. Tədbirdə çıxış edən Məlahət İbrahimqızı bildirib ki, Azərbaycanda qadın hüquqları mövzusunda ümumrespublika inşa müsabiqəsinə start verilir. Onun sözlərinə görə, müsabiqə qadın hüquqları mövzusunda respublika üzrə tam orta məktəblərin 10 və 11-ci siniflərində inşa-yazı müsabiqəsinin keçirilməsini nəzərdə tutub: "İnşa müsabiqəsinin dekabrın 7-də "İnsan hüquqları haqqında" Beynəlxalq Bəyannamənin qəbul olunduğu ərəfədə keçirilməsi nəzərdə tutulur. Layihənin nəticələrinin təqdimatı 2020-ci ilin mart ayının əvvəlində olacaq". M.İbrahimqızı vurğulayıb ki, 2019-2020-ci illər beynəlxalq ictimaiyyət tərəfindən dünya qadın hərəkatında, xüsusilə qadın hüquqları, ana sağlamlığı, qadınlara qarşı ayrı-seçkilik və zorakılığın ləğv olunmasına dair BMT-nin qəbul etdiyi sənədlərin qəbulu və əlamətdar tarixi tədbirlərin keçirilməsinin yubiley illəridir: "BMT-nin 1979-cu ildə qəbul etdiyi CEDAW konvensiyasının 40, 1994-cü ildə Qahirədə keçirilmiş Əhali və İnkişaf və 1995-ci ilədək Qadınların IV Beynəlxalq Pekin Konfranslarının 25-ci ildönümləri qeyd olunur. Eyni zamanda, 2020-ci il BMT tərəfindən müəyyən edilmiş və dünya ölkələrinin birlikdə can atdığı Dayanıqlı İnkişaf Məqsədlərinin qəbul edilməsinin 5-ci ildönümünə təsadüf edir. Bu 5 illik gələn il BMT-nin Nyu-Yorkda Baş Qərargahında yüksək səviyyədə qeyd olunacaq. Bu, Azərbaycan qadınlarının da həyatında tarixi hadisədir". O qeyd edib ki, 25 il öncə Pekində qəbul olunmuş sənədlərdə 12 strategiya müəyyən olunub: "Onlardan ikisini qeyd edəcəm. Biri yoxsulluğun aradan qaldırılması, digəri isə qaçqın və köçkünlərin sosial problemlərinin, qaçqınlıq və köçkünlüyün aradan qaldırılmasıdır. Bu iki problem ötən dövr ərzində Azərbaycanda ləğv olundu. Əgər 1994-cü ildə Azərbaycanda yoxsulluq göstəricisi 50 faizə qədər idisə, bu gün bu göstərici 5 faizdən də aşağıdır. Əgər o zaman 1 milyondan artıq azərbaycanlı bacı-qardaşlarımız acınacaqlı şəraitdə yaşayırdılarsa, bu gün həmin məcburi köçkünlər və qaçqınlar ən yüksək səviyyədə yaşayırlar". AQUPDK-nın sədri Hicran Hüseynova layihənin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, 2019-2020-ci illər qadın hərəkatında, qadın hüquqları ilə bağlı sənədlərin qəbulunda əlamətdar gündür: "Biz ailə mövzusunda bir müddət əvvəl Heydər Əliyev Fondu ilə birgə film festivalı keçirdik. Və bu, uğurlu alındı. Düşündük ki, inşa müsabiqəsi bu mövzunu araşdırmaq baxımından yaxşı olardı". H.Hüseynova qeyd edib ki, bir çox xarici ölkələrdə gender bərabərliyi ilə bağlı qanun qəbul olunmayıb: "Bizdə isə bu qanun 2006-cı ildə qəbul olunub". BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İsakzai qadınların probleminin üzə çıxarılması, ictimaiyyətə açıqlaması baxımından bu layihənin əhəmiyyət kəsb etdiyini deyib. Onun sözlərinə görə, Azərbaycanda son illərdə həyata keçirilən islahatlar mühüm müsbət dəyişikliklərə səbəb olur: "Bu, ölkənin gələcək inkişafına yol açır. Ölkədə həyata kecirilən sosial layihə çərçivəsində insanların maddi rifahı yaxşılaşır, əməkhaqqı artır. Bizim komitə ilə birgə qadın zorakılığına qarşı birgə layihələrimiz var. Hələ görüləcək işlər çoxdur". Q.İsakzai qeyd edib ki, Azərbaycanda idarəetmə orqanlarında lider qadınların sayı azdır: "Onların sayının artması yaxşı olardı. Qadınlara qarşı zorkılıq edənlər cəzalandırılmalı,və onların hərəkətinə hüquqi qiymət verilməlidir". Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cəmiyyətin formalaşmasında qadınların rolundan danışıb. O bildirib ki, bu işdə təhsili, elmin müstəsna rolunu var: "İlk dəfə müsəlman şərqində qızlar üçün məktəb məhz Azərbaycanda H.Z.Tağıyev tərəfindən açılıb. Azərbaycan qadınları bütün sahələrdə uğurla təmsil olunurlar. Təhsil gələcəyin təminatıdır. Qızların təhsilli, dünyagörüşlü olması gələcəyimizin təminatıdır. Son illərin statistikası göstərir ki, qızların sayı nəinki humanitar, həm də texniki sahələrdə artır. Onlar xaricdə təhsil alırlar. Beynəlxalq arenada xalqin milli mənəvi dəyərlərinin qorunmasında iştirak edirlər Bu il 55 min gənc namizəd müəllimlərin isə qəbulunda iştirak edib. Müasir dövrün tələblərinə uyğun olaraq gənc kadrların sayı artmalıdır". Nazir müavini inşa müsabiqəsinin əhəmiyyətindən danışıb. O bildirib ki, müsabiqədə 30000-dən çox şagirdin iştirakı gözlənilir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Dekabr, 2019 12:56 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |