|
Bakıda müsəlman alimlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilibNoyabrın 29-da Bakıda “Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda elmi-praktik konfrans keçirilib. Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, konfrans Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub. Konfransda Milli Məclisin deputatları Qənirə Paşayeva, Gövhər Baxşəliyeva, Hikmət Babazadə, Fazil Mustafa, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev və başqa qonaqlar iştirak ediblər. Aİİ rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bildirib ki, ölkəmizdə elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir: "Dövlətin gələcəyi, iqtisadi, siyasi və hərbi qüdrəti onun elmi potensialı ilə bilavasitə bağlıdır. Ulu Öndər Heydər Əliyevin elm və təhsil sahəsində müəyyənləşdirdiyi siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni mərhələdə uğurla davam etdirilir. Bir neçə gün öncə Bakı Dövlət Universitetinin 100 illik yubileyində çıxışı zamanı cənab Prezident gənclik, təhsil və qarşıda duran məsələlərlə bağlı çox mühüm fikirlər səsləndirib. Biz də İlahiyyat İnstitutu olaraq qeyd edilən məsələlər üzərində davamlı olaraq işləyirik. Eyni zamanda, cənab Prezidentin 2018-ildə verdiyi sərəncamla hər il martın 27-i Azərbaycanda elm günü kimi qeyd olunur. Son illər ölkəmizdə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında onun əhəmiyyətinin artırılması, elmi fəaliyyətin stimullaşdırılması sahələrində bir sıra dövlət əhəmiyyətli tədbirlər həyata keçirilib. Elmi fəaliyyətin təşkili, idarə edilməsi, inkişafı, innovasiya fəaliyyətinin dəstəklənməsi və nailiyyətlərin stimullaşdırılması sahələrində xeyli irəliləyiş və yeniliklər olub”. C. Məmmədov qeyd edib ki, Aİİ yarandığı gündən öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin təbliğinə, tələbələrdə vətənpərvərlik ruhunun, vətənə sevginin və ona bağlılığın gücləndirilməsinə, tanınmış Azərbaycan mütəfəkkirlərinin həyat və yaradıcılığının öyrənilməsinə xüsusi önəm verir: "Müsəlman dünyasının bu gün yaşadığı problemlər məlumdur. Biz zaman-zaman bu məsələlərin üzərində dururuq. Quranın ilk surəsi "oxu" ilə başlayır. Davamlı olaraq Quranda insanlar elmə, biliyə təşviq olunur. Məhəmməd peyğəmbər hədislərinin birində vurğulayır ki, elm öyrənmək dəyərdir. Ümumiyyətlə, müsəlmanların elm və texnologiya sahəsində verdiyi töhfələrə bağlı bir çox alimlərin adını çəkə bilərik. Azərbaycanın Şeyx Məhəmməd Bakuvi, Seyid Yəhya Bakuvi, Nəsirəddin Tusi, Əcəmi Naxçıvani kimi alimləri də İslam mədəniyyətinin formalaşmasında yaxından iştirak ediblər". Bakı Yunus Əmrə İnstitutunun müdiri, dosent Cihan Özdemir İslam dininin elmə verdiyi önəmdən söhbət açaraq, müsəlman alimlərinin dünya elminə bəxş etdiyi töhfələrdən bəhs edib: "İslam elm adamlarının tanınmış simalarından biri Fuat Sezgin idi. Onun İslam elminin öyrənilməsində və araşdırılmasında böyük əməyi olub. Alimin vəfatından sonra Türkiyədə bu il “Fuat Sezgin İli” elan olunub. Bu gün müsəlman aləmi təəssüf ki, qürurverici səviyyədə deyil. Dünyadakı islam imajını hamımız bilirik. Bunun dəyişməsi üçün çalışmalı və bunu gəncliyə öyrətməliyik". Milli Məclisin deputatı Gövhər Baxşəliyeva isə böyük sivilizasiya yaratmış İslam aləminin hazırda geri qaldığını vurğulayıb: "Vaxtilə Avropa Şərq aləmindən bir çox məsələləri əxz eləmişdi. Amma çox təəssüf ki, hazırda elmin və texnologiyanın inkişafında Şərq aləmi geridə qalır. Etiraf edilməlidir ki, hətta dövlətlərdə gedən ictimai-siyasi proseslər, xaoslar məhz müsəlman aləmində baş verir. Bu barədə mütərəqqi ərəb alimləri daim fikir bildirirlər, ancaq təəssüf ki, onların dediklərinə əməl olunmur. Bunun səbəbi müsəlman aləminin öz keşmiçinin əsirinə çevrilməsidir. Bəli, keçmişdə çox böyük nailiyyətlər olub, fəqət biz keçmişin əsirinə çevrilməməli, inkişaf etməliyik. Cəmiyyət inkişaf edir və zaman-zaman dini ehkamlar da yeni yaranmış münasibətlərə uyğunlaşmalıdır. Avropa bunu tez başa düşüb böyük reformasiya prosesi keçdi və bu gün inkişafa görə həmin reformasiyaya borcludur. Təəssüf ki, müsəlman aləmində bu proses çətin getdi. Mən istərdim ki, müsəlman aləmi özündə cərəyan edən prosesləri bir daha saf-çürük eləsin və labüd islahatlara həyata keçirsin, ərəb-müsəlman aləmi inkişaf yoluna qədəm qoysun". Sonra Fuat Sezgin İslam Elm Tarixi Araşdırmalar Vəqfinin sədri Mecit Çetinkaya, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev və başqa iştirakçılar çıxış ediblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Noyabr, 2019 10:00 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |