إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ağdərənin işğalından 26 il ötür

Bu gün Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümüdür.

Ahlibeyt.az-ın məlumatına görə, 1993-cü il iyulun 7-də ermənilər Xankəndidən 62km şimalda yerləşən və ümumi ərazisi 1705 kvadratkilometr olan,keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan beş inzibati rayondan biri - Ağdərə rayonu və onun kəndlərini işğal ediblər.

Ağdərə keçmişdə adı dəyişdirildikdən sonra eyniadlı (Mardakert) rayonun mərkəzi olmuşdur. XIX əsrdə burada məskunlaşdırılmış ermənilər rayonun və qəsəbənin adını 1923-cu ildən Crabert, 1930-cu ildən isə Mardarkert kimi rəsmiləşdirmışdilər. 1992-ci ildən rayonun ərazisi Tərtər rayonuna birləşdirilmış, qəsəbə isə keçmiş adı ilə – Ağdərə adlandırılmışdır. Ağdərə şəhəri 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olan Ağdərə rayonuna tabe edilmişdir. 1960-cı ildə şəhər tipli qəsəbə, 1985-ci ildə şəhər statusu alıb.

İşğaldan əvvəl Ağdərənin ərazisi 1705 km², əhalisi 44,4 min nəfər olub. Ağdərənin rayon tipli iki qəsəbə, 57 kənd, 67 klub, 51 kitabxana, 30 orta məktəb, 27 məktəbəqədər qəsəbə, 7 xəstəxana, 1 texniki peşə məktəbi işğal altında qalıb. Əsasən dağlıq, şərq hissəsi isə düzənliklərdən ibarət olan Ağdərə faydalı qazıntılarla – polimetal yatağı, əhəngdaşı və gipslə zəngindir. Əsas çayları Tərtər və Xaçındır. Rayon ərazisinin 44 faizini isə meşələr tutur

Ağdərənin qədim memarlıq abidələri və qədim körpüləri, müqəddəs ziyarətgahı Ulduztəpə piri də düşmən tapdağındadır. Memarlıq abidələrindən Vəngli kəndindəki məşhur Gəncəsər alban məbədi, Kolatağ kəndində müqəddəs İako məbədi (635-ci il), Talış kəndi yaxınlığında Urek məbədi (XII əsr), Tərtər çayının yuxarı axarında məbəd (XIII əsr), Hatəm Məlik qalası, bir çox qədim məbədlər və tarixən salınmış körpülər, eləcə də bütün abidələr Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və mənimsənilib.

Hazırda Ermənistan Respublikası işğal etdiyi Ağdərə rayonunun sərvətlərinin talan edilməsi üçün beynəlxalq hüquqa zidd əməllər həyata keçirir. Tərtər çayı üzərində salınmış Sərsəng su anbarı ilə əlaqədar yaranmış vəziyyətə görə ciddi narahatlıq Avropa Şurası Parlament Assambleyasının 2085 (2016) saylı qətnaməsində də öz əksini tapıb. Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamədə qəsdən süni ekoloji böhranın yaradılması “ekoloji təcavüz” kimi qiymətləndirilib, ekoloji fəlakət sahələri yaratmaq və həmin ərazilərdə yaşayan əhalinin normal həyatını qeyri-mümkün etmək bir dövlətin digər dövlətə qarşı düşməncəsinə hərəkəti kimi qəbul edilməli olduğu, Sərsəng bəndinin baxımsızlığının xeyli sayda insan itkisi və mümkün yeni humanitar böhranla müşayiət olunan böyük fəlakətlə nəticələnə biləcəyi vurğulanıb. Bu qətnamədə Ermənistan silahlı qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsi, Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir, yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırması tələb edilir.

Ümumilikdə, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi, memarlıq və dini abidələri, xüsusilə 600-dən çox tarixi və memarlıq abidəsi, onlardan 144 məbəd və 67 məscid Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılıb. Bununla yanaşı, 40 min eksponatın qorunduğu 22 muzey, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazma məhv edilib, o cümlədən Azərbaycanın tarixi irsinə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılıb.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 İyul, 2019  11:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!