|
İmam Səccadın (ə) mübarək Ramazan ayı ilə vidalaşarkən oxuduğu duaİmam Səccad(ə)ın mübarək Ramazan ayının son günü oxuduğu vida duasının tərcüməsini təqdim edirik: Ey mənim əvəz güdməyən, yaxşılıqlarına peşman olmayan, bəndəsinə layiq olduğundan artıq verən Allahım! Lütfün hesab-kitabsız, əfvin sonsuzdur. Cəzan ədalətin, hökmün isə xeyrin özüdür. Əta edəndə minnət qoymursan, məhrum edəndə isə haqsızlıq etmirsən. Sənə şükr edənə təşəkkür edirsən, halbuki ona şükr etməyi Özün ilham etmisən.Sənə həmd edənə mükafat verirsən, halbuki həmd etməyi Özün öyrətmisən. Abrı əlində olanın abrını aparmazsan, xeyri əlində olanı xeyrindən məhrum etməzsən, halbuki insan rüsvay və məhrum olmağa layiqdir. Həqiqətən də Sən davranışında fəzlini əsas tutursan, qüdrətini əfvin üzərində icra edirsən, sözündən çıxanı mehriban qarşılayırsan, özünə zülm edənlərə möhlət verirsən, onların qayıdacaqlarını səbrlə gözləyirsən və tövbə etmələri üçün cəzalarını təxirə salırsan. Çünki istəmirsən kimsə Sən ola-ola həlakətə uğrasın və nemətlərin qala-qala bədbəxt olsun. İstisna o kəslərdir ki, hər cür yol göstərdikdən sonra onlara bir üzr gətizdirə bilmədin. Bütün bunlar əfvinin kəramətidir, ey Kərim! Bütün bunlar sevginin bəhrəsidir, ey Həlim! Sən bəndələri bağışlamaq üçün tövbə qapısını açdın və o qapının üzərində vəhyinlə bir işarə lövhəsi yazdın ki, yolu səhv salan olmasın. Sonra da, ey uca adlar Sahibi dedin: “Allaha səmimi bir tövbə edin. Bəlkə, Rəbbiniz pisliklərinizi örtüb və sizi, Allah o Peyğəmbəri və onunla birlikdə iman gətirənləri utandırmayacağı gündə, altından çaylar axan Cənnət bağlarına daxil etdi. Onların nuru önlərindən və sağ tərəflərindən ətrafa yayılacaqdır. Onlar deyəcəklər: 'Ey Rəbbimiz! Nurumuzu bizim üçün tamamla və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!” (Təhrim:8) Üzərində bu sözlər yazılan həmin qapı açıq ola-ola, cənnətə girə bilməyənin nə üzrü ola bilər? Sən bəndələrinin əməllərini çox baha qiymətə alırsan və istəyirsən ki, Sənə üz tutaraq bu müamilədə uğur qazansın və nicat tapsınlar. Ey uca adlar Sahibi! Özün buyurmusan: “Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər”. (Ənam:160) Bir də buyurmusan: “Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kəsə bunu qat-qat artırır”. (Bəqərə :261) Bir də buyurmusan: “Allah yolunda yaxşı borc verən kimdir ki, (Allah da) onun mükafatını qat-qat artırsın?!”(Bəqərə:245) Yaxşılıqları artıracağına dair digər ayələrdə də söz açmısan. Sənsən ki, qeyb aləmindən xəbər verməklə yolu aydınlatdın və elə şeylərə rəğbət yaratdın ki, əgər Özün onlar haqda xəbər verməsəydin, heç kəs onları görməz, eşitməz və xəyal belə edə bilməzdi. Özün buyurumusan: “Məni yad edin ki, sizi yad edim. Mənə şükr edin və əsla naşükür olmayın” (Bəqərə:152) Bir də buyurmusan: “Şükür etsəniz, (nemətimi) artıraram, yox nankorluq etsəniz - Mənim əzabım şiddətlidir”. (İbrahim:7) Bir də buyurmusan: “Məni çağırın, sizə cavab verim. Şübhəsiz, Mənə ibadəti özünə sığışdırmayanlar zəlil halda Cəhənnəmə girəcək”. (Ğafir:60) Beləcə Səni çağırmağı ibadət, çağırmamağı isə təkəbbür adlandırmısan. Duanın tərkinə görə cəhənnəm vəd etmisən. (Bütün bu ayələri oxuyan bəndələrin də) lütfünə görə Səni yad etdi, fəzlinə görə Sənə şükr etdi, əmrinə görə Səni çağırdı, çox əvəz verəcəyinə görə Sənə xatir sədəqə verdilər ki, qəzəbindən uzaq olsunlar və razılığını qazansınlar. Sənin bəndələrinə etdiyini bir məxluq başqa bir məxluqa etsəydi, onu bir gözəl vəsf edər, ona bir minnətdarlıq edər və elə dillər töküb onu bir tərifləyərdilər! Odur ki, tərif etmək üçün nə qədər yol, nə qədər söz, nə qədər məna varsa, hamısı ilə Sənə həmd edirəm! Ey yaxşılıq və fəzli ilə bəndələrin alqışını qazanan! Ey bəndələrini lütf və bəxşişlərinə qərq edən! Bizim üçün nə qədər nemət yaymısan, nə qədər lütf yağdırmısan, nə qədər xeyri sırf bizə aid etmisən! Bizi seçdiyin dinə, sevdiyin inanca, asanlaşdırdığın yola yönəltdin. Sənə yaxın olma və, kəramətinə qovuşmaq üçün gözlərimizi açdın! İlahi! Ramazan ayını da həmin bu sayıb-seçdiyin öhdəliklərdən, vacib buyurduğun özəlliklərdən biri qərar verdin. Onu digər aylardan fərqləndirdin, bütün zaman və dövrlərdən daha xeyirli etdin, ilin ən üstün vaxtı qıldın. Çünki, məhz bu ayda Quranı və nuru nazil etdin, imanı gücləndirdin, orucu vacib buyurdun və ibadətə rəğbətləndirdin. Bu ayı min aydan üstün olan Qədr gecəsi ilə izzətləndirdin. Digər ümmətlər üçün deyil, məhz bizim üçün bu ayı bir üstünlük qərar verdin. Onun fəzlindən yararlanmaq üçün digər xalqları deyil, məhz bizi seçdin. Biz də əmrinlə gündüzləri oruc tutduq və gecələri ibadətə durduq ki, rəhmətini cəzb edək və mükafatını qazanaq. Axı Sən arzulanan hər şeydən bolsan, fəzlindən umulan hər şeyi səxavətlə paylayansan, Sənə yaxınlaşmaq istəyənə yaxınsan! Bu ay bizə alqışla üz tutdu, gözəl bir yoldaşlıq etdi və aləmlərin ən üstün qazanclarını qazandırdı. Amma vaxtı çatdı, müddəti tamamlandı və günləri bitdi deyə, bizdən ayrıldı. İndi də biz onunla sağollaşırıq. Ondan ayrılmaq bizə çətin və ağır gəlir. Bizi tək qoyub getməsi acı və dəhşətlidir. Sanki qeyrəti, hörməti və haqqı boynumuzda olan bir kəslə vidalaşırıq və ona deyirik: Əlvida, ey Allahın əzəmətli ayı, ey övliyaların bayramı! Əlvida, ey bizə yoldaşlıq edən ən əziz vaxt, ey dönəmlər içrə ən üstün ay! Əlvida, ey arzuların yaxınlaşdığı, əməllərin çoxaldığı ay! Əlvida, ey varlığı çox qiymətli, yoxluğu isə dözülməz dost, ey ayrılığı çətin olan ümid mədəni! Əlvida, ey gəlişi ilə sevindirən, gedişi ilə qəmləndirən ay! Əlvidə, ey qəlblərin riqqətə gəldiyi, günahların bağışlandığı ay! Əlvida, ey bizə şeytana qarşı yardım edən, xeyrə çatmağı asanlaşdıran ay! Əlvida, ey çoxunu cəhənnəm atəşindən qoruyan, hörmətini saxlayanı səadətə çatdıran ay! Əlvida, ey günahları yuyan və cürbəcür eybləri örtən ən üstün ay! Əlvida, ey günahkarlara uzun, möminlərə isə heybətli görsənən ay! Əlvida, günləri heç bir günə bənzəməyən ay! Əlvida, ey hər anı salamatlıq olan ay! Əlvida, yoldaşlığından bezmək, ünsiyyətindən doymaq mümkün olmayan ay! Əlvida, ey özü ilə bərəkət gətirən və çirkinlikləri yuyub aparan ay! Əlvida, səndən doymasaq da, orucundan yorulmasaq da, əlvida! Əlvida, ey gəlmədən intizarı, getmədən qəmi çəkilən ay! Əlvida, ey neçə-neçə pislikləri dəf, neçə-neçə xeyirləri isə cəzb edən ay! Əlvida sənə də, min aydan üstün olan Qədr gecəsinə də! Əlvida, dünən ikiəlli yapışdığımız, sabah həsrətindən yanacağımız ay! Əlvida sənə də, əlimizdəldən çıxan fəzlinə də, məhrum qaldığımız bərəkətlərinə də. İlahi! Biz bu ayın əhliyik. Bu ayı bizim üçün bir şərəf və nemət qərar verdin. Hərçənd onun necə gəlib-getdiyini bilməyib xeyir-bərəkətindən məhrum qalan bəxtsizlərdən ola bilərdik. Sən, ey ixtiyar sahibimiz, bizə onu tanıtdırdın, onun qaydalarını öyrətdin, onun oruc-namazları ilə üstünlük verdin, lakin biz nöqsanlara yol verdik və layiqincə faydalanmadıq. İlahi, biz pisliklərimizi iqrar, etinasızlıqlarımızı etiraf edir, yaxşılıqlarımıza görə tərifləri isə Sənə aid bilirik! Həqiqi bir peşmançılıq, səmimi bir üzrxahlıqla bu ayda qaçırdığımız fəzilətləri bizə qaytarmağını yalvarırıq! İlahi, bu ayın qədrini bilməsək də, Sən bizi elə mükafatlandır ki, ondan umduğumuz nemətləri qazanaq və növ-bə-növ zəxirələr əldə edək. Bu ayda Sənə qarşı haqsızlıq etsək də, Sən bizi bağışla və bu ayı ömrümüzün son Ramazan ayı qərar vermə. Gələcəkdə bu ayda Özün istədiyin kimi Sənə pərsətiş və itaət etmək üçün bizə yardım et. Növbəti Ramazan ayına qədər bizi saleh əməllərə müvəffəq et, Sənə qarşı haqsızlıqdan uzaqlaşdır. İlahi, bu ayda etdiyimiz kiçik və böyük qəbahətləri, qərq olduğumuz günahları, bilərəktən ya bilməyərəkdən özümüzə qarşı etdiyimiz haqsızlıqları, başqalarına qarşı yol verdiyimiz hörmətsizlikləri bağışla! İlahi, Məhəmməd və Ali Məhəmmədə xeyir-bərəkət ver! Bizi öz örtüyünlə ört, öz əfvinlə əfv et, dil yarası vuranlardan amanda saxla, tənə vuranların dilinə salma, bu ayda əldən verdiklərimizin əvəzini çıxaracaq əməllərə müvəffəq et. Səni and veririk sonsuz mehribanlıq və tükənməz fəzlinə! İlahi, Məhəmməd və Ali Məhəmmədə xeyir-bərəkət ver! Bizim bu əziz ayın getməsiylə başımıza gələcək müsibətləri bizdən uzaq et və bayramla fitrəni bizə mübarək et. Qoy bu bayram indiyədək Sənin əfvini cəlb edən və bilinib-bilinməyən günahlarımızı təmizləyən ən xeyirli gün olsun. İlahi, bu ayın uzaqlaşması ilə bizi də günahlarımızdan uzaqlaşdır, onun çıxması ilə bizi də pisliklərdən çıxart. Qoy bu aydan ən çox faydalanan və ən çox pay alan xoşbəxtlərdən olaq. İlahi, Öz qüdrətinlə elə et sanki, lazımınca bu ayın ehkamını və hörmətini gözləyən, gərəkincə bu ayda ibadət edib günahdan qorunan, Sənə yaxın olub razılığını əldə edən və rəhmətinə qərq olan kəslərdənik. Hətta Öz fəzlinlə bizə onlara verdiyindən daha artığını ver. Axı Sənin fəzlin əksilməz, sərvətin azalmaz, ehsan bulaqların qurumaz, nemətlərin isə doyulmazdır! İlahi, Məhəmməd və Ali Məhəmmədə xeyir-bərəkət ver! Bizə elə savab yaz sanki, bu ay Qiyamətə qədər davam etdi, biz də onu oruc və ibadətlə keçirdik. İlahi, möminlər üçün bayram və sevinc, müsəlmanlar üçün birlik və toplantı günü qərar verdiyin Fitr bayramında bütün günahlardan, keçmişdən qalan bütün pisliklərkən, gizlin olan bütün şərrlərdən tövbə edirik. Günahı bir daha ağlından keçirməyəcək, səhvləri bir daha təkrarlamayacaq kəsin tövbəsi ilə tövbə edirik. Şəkk-şübhəyə yer qoymayan səmimi bir tövbə ilə tövbə edirik. Sən də bu tövbəmizii qəbul et, bizdən razı qal və bu halımızı sabit et! İlahi, içimizdə Axirət əzabından elə bir qorxu, Axirət nemətinə elə bir şövq yarat ki, Səndən istədikkərimizin (bəndəliyin) ləzzətini yaşayaq və əlindən Sənə pənah apardığımızın (günahın) acısını anlayaq. Qoy Sənin yanında elə tövbəkarlardan olaq ki, onları sevməyi Özünə vacib, yenidən başladıqları itaətlərini qəbul etmisən. Sən ədalətlilərin ən ədalətlisisən! İlahi, ata-analarımızı və onlarla bərabər həm keçmişdəki, həm gələcəkdəki din əhlini bağışla. İlahi, Peyğəmbərimizə (s) və soyuna xeyir-bərəkət ver! Ən yaxın mələklərinə, göndərdiyin elçilərə və saleh bəndələrinə xeyir-bərəkət verdiyin kimi. Hətta onların hamısına verdiyindən daha üstün xeyir-bərəkəti Peyğəmbərimizə (s) və soyuna ver, ey aləmlərin Rəbbi! Elə bir xeyir-bərəkət ki, onun xeyri və bərəkəti bizə də çatsın, dualarımızı müstəcab etsin. Həqiqətən, qapısını döyənlərə qarşı ən kərim, təvəkkül edənlərə qarşı ən yetərli və fəzlindən pay istəyənlərə qarşı ən səxavətli Sənsən! Sən hər şeyə qadirsən!
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Aprel, 2024 14:35 ⁄ Çap
Bu bölmədə9 Aprel, 2024 Fitrə zəkatı nə qədər çıxarılmalıdır9 Aprel, 2024 Mübarək Ramazan ayının son gecəsinin əməlləri30 Mart, 2024 “Qədr Gecəsi” oxunmasına cənnət vəd olunan iki surə28 Mart, 2024 Qədr gecəsi oxunması tövsiyyə iki xüsusi dua |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |