إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu gün - 24 may Ramazan ayının ilk “Qədr gecəsi” daxil olur

Bu gecə 24 may şam azanını zamanı (gün batdıqdan sonra) mübarək  Ramazan ayının ehtimal olunan birinci "Qədr" gecəsi daxil olur.

Hədis və rəvayətlərə əsasən  Ramazan ayının 19, 21, 23-cü gecələrindən biri Qədr gecəsidir.

Bu il həmin gecələr may ayının 24-dən 25-nə;26-dan-27-nə;28-dən 29-na keçən gecələrə təsadüf edir.

Qədr gecəsi Quranın nazil olduğu gecəsidir. Qədr gecəsi mübarək ramazan ayının gecələrindən birinə təsadüf edir. Qədr gecəsinin mübarək bir gün olduğu barədə Allahu-təala (c.c.) Duxan surəsində belə buyurur: “Biz Quranı mübarək bir gecədə (Qədr gecəsində) nazil etdik” (Duxan surəsi, ayə 3).

Bəqərə surəsində buyurur: “(Mübarək) Ramazan ayı elə bir aydır ki, Quran bu ayda nazil edilmişdir” (Bəqərə surəsi, ayə 185)

Bu mübarək gecənin şəninə nazil olan Qədr surəsində buyrulur:

“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik!” (Qədr surəsi, ayə 1)

Qeyd olunan ayələrdən məlum olur ki, Qədr gecəsi mübarək bir gecədir və Quran bu gecə nazil olmuşdur.

Qurani-Kərim iki dəfəyə nazil olmuşdur. Birinci dəfə Quran bütövlükdə həzrət Peyğəmbər (s.a.a.v.)-in mübarək qəlbinə, ikinci dəfədə isə 23 il ərzində tədricən, ayə-ayə və surə-surə o həzrətə nazil olmuşdur. Bu iki növ nazil olmanı Allahu-təala (c.c.) Qurani-Kərimdə də vurğulamışdır. “Həqiqətən, Biz Quranı Qədr gecəsi nazil etdik.” ayəsindən və Duxan surəsinin 3-cü ayəsindən (”Biz Quranı mübarək bir gecədə (Qədr gecəsində) nazil etdik”) ayəsindən açıq-aydın məlum olur ki, Qurani-Kərim bütövlükdə Qədr gecəsində həzrət Peyğəmbər (s.a.a.v.)-in mübarək qəlbinə nazil olmuşdur.

Quranın tədricən, ayə-ayə nazil olması haqda isə Allahu-təala (c.c.) belə buyurur: “(Ya Peyğəmbər (s.a.a.v.)!) İnsanlara aramla (yavaş-yavaş) oxuyasan deyə, Biz Quranı hissələrə ayırıb (ayə-ayə, surə-surə) göndərdik.” (İsra surəsi, ayə 106)

Qədr gecəsi fəzilətli, başqa gecələrdən üstün və böyük əhəmiyyətə malik olan bir gecədir. Allahu-təala (c.c.) bu haqda Qurani-Kərimdə buyurur: “[Ya Peyğəmbər!] Sən nə bilirsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan daha xeyirlidir (bərəkətlidir, fəzilətlidir)” (Qədr surəsi, 2-3-cü ayələr)

Əgər bir şəxs Qədr gecəsi ibadətlə məşğul olarsa, onun bu gecədəki ibadəti 1000 ay (təqribən 84 il) ibadətindən üstün və fəzilətli olar.

Qədr gecəsinin fəziləti haqqında çoxlu hədislər nəql olunmuşdur. Onlardan bir neçəsini oxucuların nəzərinə çatdırmağı faydalı hesab edirik.

Qeyd etmək lazımdır ki, islam peyğəmbərindən əvvəlki peyğəmbərlərin dövründə onlar üçün qədr gecəsi təyin olunmamışdır. İslam peyğəmbərinin dövründə Allahu-təala  onun ümməti üçün bu mübarək gecəni təyin etdi.

Bir gün həzrət peyğəmbər öz sahəbələrinə keçmiş peyğəmbərlərin ummətlərinin uzunömürlü olmasından və onların 80 illik və daha artıq ibadətlərindən söhbət açdıqda onlar qibtə edərək dedilər: “İlahi! Nə olaydı, bizə də uzun ömr əta edəydin və biz də ömrümüzü Sənə ibadət etməyə sərf edəydik.” Belə düşünərək sahəbələr Bəni-İsrail tayfasına qibtə edirdilər. Allahu-təala  həzrət Peyğəmbər (s.)-ə bu ayəni nazil etdi: “Qədr gecəsi min aydan daha xeyirlidir.” (Qədr surəsi, ayə 3)

Allah-təala (c.c.) öz peyğəmbərinə demək istəyir ki, ey Mənim Peyğəmbərim, Mən sənin ümmətinə uzun ömr verməmişəm, lakin əvəzində onlar üçün gecələr arasında bir gecə təyin edirəm və adını Qədr gecəsi qoyuram. Kim o gecəni ibadətlə məşğul olarsa. Ona 1000 ayın ibadətinin savabından artıq savab verərəm.

“Qədr gecəsi 1000 aydan daha xeyirlidir.” Bu ayənin ardınca Allahu-təala (c.c.) buyurur: “O gecə (Qədr gecəsi) mələklər və Ruh (Cəbrail) Rəbbinin izni ilə yerə enərlər.” (Qədr surisi)

O gecə mələklər yer üzünə enib Allahu-təalanın (c.c.) bu aləmdə insanlara və bütün yaranmışlara təyin etdiyi imamı, canişini ziyarət edərlər.Allahu-təala (c.c.) hər bir zamanda peyğəmbərlər göndərmişdir. İslam peyğəmbərindən sonra da o həzrətin yolunu davam etdirən imamlar göndərmişdir. İmam Əli (ə), imam Həsən (ə), imam Hüseyn (ə), imam Səccad (ə), imam Baqir (ə), imam Sadiq, imam Museyi-Kazım (ə), imam Riza (ə), imam Muhəmməd Təqiy (ə), imam Əliyyən-Nəqiy (ə), imam Həsən Əsğəri (ə) bir-birinin ardınca imamlıq edəndən sonra Allahu-təala (c.c.) imam Zamanı (ə.c.) qeyb pərdəsi altında saxladı.

Hal-hazırda o həzrət yaşayır, lakin insanların gözündən qeybdədir. Allahu-təala (c.c.) istədiyi zaman o, zühur edəcək. Bu, Allahu-təalanın (c.c.) iradəsidir. Odur ki, hər zaman yer üzündə imam vardır.

Allahu-təala (c.c.) Qurani-Kərimdə buyurmuşdur: “O gecə mələklər və Ruh (Cəbrail) Rəbbin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işi icra etmək üçün (Allahu-təala (c.c.) dərgahından əmrlər alaraq) yerə enərlər.”

Bir nəfər imam Baqir (ə)-dan soruşdu: “Ey Allahu-təalanın (c.c.) huccəti, Qədr gecəsinin Ramazan ayının hansı gecəsi olduğunu bilirsənmi?” İmam Baqir (ə) buyurdu: “Əlbəttə, bilirəm. O gecə bütün mələklər enərək bizi ziyarət edirlər.”

Deməli, məlum olur ki, yer üzü heç vaxt huccətsiz qalmayıb və qiyamət gününə qədər də huccətsiz olmayacaq.Hər il Qədr gecəsi mələklər yer üzünə enib Allah-təalanın  insanlar üçün təyin etdiyi imamı ziyarət edib salamlayırlar. İslam Peyğəmbərinin dövründə də Qədr gecəsi mələklər yerə enib o həzrəti ziyarət edirdilər. Həzrət Peyğəmbər (s.a.a.v.) özü buyurmuşdur: “Qədr gecəsi mələklər göydən yerə enib məni ziyarət edirlər. Məndən sonra Qədr gecəsi mələklər Əlini (ə) ziyarət edəcəklər. Əlidən sonra isə onun 11 övladını ziyarət edəcəklər.” Bu gecə şübhəsiz ki, mələklər yer üzünün huccəti olan İmam Zamanı (ə.c.) ziyarət edirlər.

Qədr gecəsinin fəzilətləri,gecənin xüsusi əməl və tövsiyyələri mövcuddur.Aşağda qeyd olunan linkdən onlarla geniş şəkildə tanış ola bilərsiniz

http://ahlibeyt.az/news/a-7017.html

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 May, 2019  10:40 Çap

Bu bölmədə


Xəbər lenti







21 Avqust, 2019  11:34








© 2019 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com