Messionizm və məhdəviyyat
Qeyd olunmalıdır ki, xristianların müqəddəs kitabı sayılan Bibliya iki hissədən ibarətdir. Birinci hissə “Əhdi-ətiq” (Qədim əhd) özündə yəhudilərin müqəddəs kitablarını (Tövrat, Kitablar, Nəbilər kitablarını cəmləşdirən Tanah) cəmləşdirir, “Əhdi-cədid” (Yeni əhd) isə yalnız xristianlara məxsus İncillərdən ibarətdir. Müsəlman ənənəsinə görə, İncil - Allahın İsa peyğəmbərə vəhy etdiyi kitabdır. Xristianlara görə isə, İncil (Evangelium) - həvarilərin İsanın ilahi təbiəti barəsində yazdığı kitablardır. Ona görə, Əhdi-Cədid bir neçə İncildən ibarətdir.
Əhdi-ətiqin mətni həm yəhudilər, həm xristianlar üçün müqəddəs sayılır. Əhdi-Ətiqdə Bəni-İsrail barədə deyilir: “...Siz Mənim yanımda ruhanilər səltənəti və müqəddəs bir xalq olacaqsız”. Ayəni təfsir edərkən yəhudilər özlərini bəşəriyyətin seçilmiş xilaskarı kimi qələmə verir, xristianlar isə bu ayədə müraciət olunan Bəni-İsraili hərfi mənada deyil, şərti müraciət kimi təfsir edirlər. Bu baxımdan yəhudi etiqadlarına əsasən, ilk növbədə, gələcək Messiya yəhudi xalqını xilas etməli, daha sonra yəhudi milləti başqa insanlara nicat yolu göstərməlidirlər. “Meşiah” termini üç şəxsə aiddir - Davud peyğəmbər, Musa peyğəmbər və Davud peyğəmbərin nəslindən olan, Axirəzzamanda gələcək xilaskara. Üç şəxsi birləşdirən bircə xüsusiyyətlər var - onların üçü də yəhudi xalqının xilaskarıdır. Birinci məsih - Musa Bəni-İsrailə Misir fironundan nicat verdi və onları Vəd Olunmuş Torpağa (Fələstinə) gətirdi. İkinci məsih - Davud Fələstində ilk yəhudi dövləti yartatdı. Lakin, Davudun və onun oğlu Suleymanın səltənətindən sonra Bəni-İsrail parçalandı, onlar bu torpaqlardan qovuldu və onların Vəd Olunmuş Torpağda hökmranlığına son qoyuldu. Buna “qalut” dövrü deyirlər. Üçüncü meşiah isə Axirəzzamanda gələcək və qaluta son qoyaraq yəhudiləri Fələstində toplayıb onların dünyadakı hökmranlığını təmin edəcək. Beləliklə, yəhudi dinində Messiyanın şəxsiyəti millətçi və siyasi xüsusiyyətlərə malikdir.
Xristian ənənəsində Messiya milli xüsusiyyətlərdən azaddır, o, ümumbəşəri xilaskardır. Xristian dünyagörüşünə əsasən, bəşərin bəlaları Adəmlə Həvvanın Cənnətdə günah etməsindən başladı. Həmin dövrdən etibarən dünyaya gələn bütün insanlar Adəmlə Həvvanın günahının səmərəsi sayılır. Bütün insanlar günahdan doğulur və zatən günahkardır. Buna doğum günahı və ya zati günah deyirlər. İnsanlara rəhmi gələn Allah onlarla yeni əhd bağlamağı qərara aldı. O öz oğlunu (üç təcəllasından birini), yəni İsanı yer üzünə göndərir, onu iztirab və işgəncələrə məruz qoyur ki, həmin cismani əziyyətlərlə İsa bütün bəşəriyyətin zati günahını yusun. Bununla da Allah insanlarla yeni əhd bağlayır: zati günahdan azad olmaq istəyən gərək xaç suyuna çəkilsin və kilsənin himayəsinə keçsin. Hər kim xristian olsa anadan olduğuna görə cəhənnəm əzabı görməyəcək. Lakin bununla Allah oğlunun missiyası başa çatmır, çarmıxa çəkilərək qətlə yetirilən İsa daha sonra dirilir və göylərə çəkilir. Həmin an insanlara xəbər verilir ki, İsa ikinci dəfə qayıdacaq və yer üzündə ilahi səltənəti bərqərar edəcək.
İslamda Məhdi bəşəriyyəti həm mənəvi həm maddi cəhətdən kamala çatdıracaq lider rolunda çıxış edir. O heç kəsin günahlarını yumayacaq və ya heç kəsin əvəzinə ədalətli cəmiyət qurmayacaq. Məhdi, bəşəriyyət ona ehtiyac duyacağı zaman zühur edəcək. Bu isə belə anlama gəlmir ki, bəşəriyyət zülmdən bezib ona möhtac olacaq. Əksinə, sivilizasiyanın inkişafı o həddə çatacaq ki, insanlar ilahi qanunlar əsasında idarə olunan vahid bir cəmiyyətə birləşmək istəyəcək. Məhdi bəşəri inkişafın çatışmayan son ünsürüdür, bəşəriyyət onu qəbul etməyə hazır olduqda o, zühur edəcək. Həmçinin mövzuya irfani baxımdan yanaşmaq da olar. İnsanın fərdi mənəvi təkamülü dünya həyatında mənəvi zərfiyyətini genişləndirib, potensialını reallaşdırıb ilkin mənbəsinə - Allaha qayıdışdırsa, bəşəriyyətin də təkamülü cəm şəkildə mənəvi zərfiyyatın maksimum artırılıb istedadları üzə çıxardıqdan sonra Qiyamət mərhələsinə keçməsindədir. Quran buyurur: “... Biz Allahdanıq və Ona tərəf qayıdacağıq” və bu qayıdış fərdi baxımdan özünütanıma ilə gerçəkləşirsə, ictimai baxımdan - məhdəviyyat yolu ilə gerçəkləşir.
“Gələcək axtarışında” kitabından çıxarışlar əsasında hazırlanıb (ardı var)