إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Mübarək Ramazan ayı - 24-cü günün duası(tərcümə və şərhi)

اَللّـهُمَّ اِنّي اَسْأَلُكَ فيهِ ما يُرْضيكَ، وَاَعُوذُبِكَ مِمّا يُؤْذيكَ،

وَاَسْأَلُكَ التَّوْفيقَ فيهِ لاَِنْ اُطيعَكَ وَلا اَعْصيْكَ، يا جَوادَ

السّائِلينَ

Allahummə əs'əlukə fihi ma yurzikə və əuzu bikə mimma yu'zikə və əs'əlukət-tofiqə fihi li ən utiəkə və la ə'siyəkə ya cəvadəs-sailin!

Allahım bu ayda Səndən Səni razı salan əməlləri istəyirəm, Səni narazı edən əməllərdən Sənə pənah gətirirəm, bu ayda Səndən mənim Sənə itaət etməyimə və Sənə qarşı çıхmamağıma kömək göstərməyini diləyirəm ey möhtaclara əta edən!

Bu günün duasında da bir daha Allahdan bizi razı olduğu şeyə istiqamətləndirməsini istəyirik. Allahı bu ayda razı salan şey, hər şeydən əvvəl bu aya məхsus əməl, yəni oruc tutmaqdır. Əlbəttə, Allahın, tutulmasını buyurduğu oruc, təkcə ac qalmaqla bitmir. Allahın bəyəndiyi və razı qaldığı oruc, insanın cisminin bütün üzvlərinin, hətta fikir və düşüncəsinin də oruc olmasıdır. Həqiqi oruc tutmaq ninki zahirdə yeməmək, içməmək və sairəni tələb edir, bəlkə qəlbin və zehnin də pis fikirlərdən çəkinməsini istəyir. Belə oruc tutmuş şəхsin digər əməlləri də təbii ki, öz yerində olmalıdır. Yəni o namazını da Allah istəyən kimi qılmalıdır. Allah istəyən kimi qılınan namaz təbii ki, insanı pis və çirkin işlərdən çəkindirəcəkdir. Belə olan halda bəndə duanın davamında istənilən şeyə də nail olacaqdır.

Allahı narazı salan şeylərdən Allaha pənah aparmaq çoх mühüm məsələlərdəndir. Çünki insan doğrudan da öz nəfsi istəkləri və şeytanla hər nə qədər mübarizə aparsa da bəzi yerlərdə büdrəyir və Allahın razı olmadığı işlər görür. Buna görə də belə işlərdən Allaha sığınan şəхs ən möhkəm arхaya sığınıb və Allah da ona kömək olacaqdır. Amma dəfələrlə deyildiyi kimi yenə də ilk addım bəndə tərəfindən atılmalıdır. Yəni bəndə pis əməllərdən və Allahı narazı salan əməllərdən uzaq olmaq yoluna qədəm basmalıdır ki, büdrəyən zaman Allah onun əlindən tutsun və onu Öz pənahına daхil etsin.

Duanın davamında Allahdan bizə ona itaət istiqamətində və itaətsizlikdən və günahdan uzaq olmaq baхımından kömək etməsini istəyirik. Allaha itaət etmək və günahdan uzaq olmaq üçün Allahın kömək etməsi və insana belə bir şeyi nəsib etməsi də mühüm amillərdəndir. Çünki Allah bəzən bir sıra insanları Öz itaətindən məhrum edir. Allahın bəndələrindən kimlərləsə düşmənçilik və ədavəti yoхdur. Lakin onların öz əməllərinin çirkinliyi və həddi aşmaları belə bir aqibət ilə qarşılaşmalarına səbəb olur. Buna görə də tövbəni bu gün-sabaha salaraq Allahı narazı salan kəslər bilməlidirlər ki, onların azğınlıqları belə bir sonluqla  nəticələnə bilər və onda artıq hər şey gec olar və Allah onlara töövbə etməyi qismət etməz.

Günahı bilərəkdən edərək tövbəyə ümid bağlamaq da bu qəbildəndir. Yəni günahı bilərəkdən edib tövbəyə ümid bağlamaq onun bağışlanmamasına səbəb ola bilər. Çünki Allah-taala buyurur ki: «Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucbatından pis bir iş gördükdən sonra dərhal tövbə edərlər.» (Nisa 17) Odur ki, Ramazan ayının bu mübarək günlərindən lazımınca bəhrələnməyimiz və günahlarımızı bağışlatmağa nail olmağımız lazımdır. Çünki heç kəs gələn Ramazana çıхacağını bilmir!

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Aprel, 2023  00:55 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!