إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Eyiblərimizi bizə hədiyyə edən qardaşlarımızı sevə bilmirikmi...

“Qardaş” deyib sevə bilmədiklərimiz

Həyatını Allahın bəndələri üçün müəyyən etdiyi qanunlarla tənzimləməyi qarşısına məqsəd qoyan insanın ayə və hədisləri mütəmadi olaraq mütaliə etməsi bir zəruriyyətdir. Onlardan vəzifələrindən olan yaxşılığa dəvət və pisliklərdən çəkindirmə prosesinə riayət etdiyi zaman istifadəsi də başadüşüləndir, hətta qaçılmazdır. Amma həmişəmi söylədiklərimiz ayə və hədislərə özümüz əməl edirik? Başqasının başına “ağıl qoyanda” öz davranışlarımıza da nəzər salırıqmı?

İslamın nə dərəcədə demokratik din olduğunu, müsəlmanların isə nə qədər ürəyiaçıq və qəlbigeniş olduğunu sübuta yetirmək üçün tez-tez İmam Cəfər Sadiqdən (ə) belə bir hədis nəql olunur: “Qardaşlarımın ən sevimlisi eyblərimi mənə hədiyyə edən kəsdir”. Amma dini cameədəki real duruma nəzər saldıqda bu hədislə bəzi namüntənasibliklər gözə çarpır.

Çox təəssüf, lakin Azərbaycan din adamları arasında sivil tənqid, sivil müzakirə alınmır ki, alınmır (istisnalar, əlbəttə ki, var). Biz heç cür eyiblərimizi bizə hədiyyə edən qardaşlarımızı sevə bilmirik. Bacarmırıq. Bunun üçün isə müxtəlif bəhanələr tapırıq. Məsələn, “filankəs nə vaxtdan mənə qardaş oldu?”, “filankəs heç mömin deyil ki!”, “filankəsin niyyəti saf deyil!”, “filankəs paxıllığımı çəkir!”, “filankəs sionistlərə işləyir!”, “filankəs bu mövzunun xiridarı deyil” və s. Yuxarıda qeyd edilən hədisə daha çox birtərəfli riayyət etməyi xoşlayırıq: biz tənqid edək, bizi sevsinlər. Amma əks istiqamət qəbulolunmazdır, tənqidi sevmirik, həzm etmirik.

Əlbəttə ki, burda bir mühüm xüsusiyyəti də vurğulamalıyıq. Eybi hədiyyə edən şəxs üsul və məkan seçimini düzgün etməlidir. Əgər kimisə qardaş bilib ona səhvini izah etmək istəyiriksə, əgər məqsəd həqiqətən ona yaxşılıq etməkdirsə, əgər bu işdə zərrə qədər özümüzü reklam etmək və ya daha ağıllı göstərmək niyyətimiz yoxdursa, o zaman mütləq və mütləq məsələyə ciddi yanaşmalı, istehza, rişxənd, kinayədən uzaq durmalı, vasitəçi aramamalı və “hədiyyəmizi” qardaşımıza şəxsən çatdırmalı, bunu ictimailəşdirməməliyik (yəni “hədiyyəni” FB və ya başqa sosial şəbəkələrdə təqdim etməkdən çəkinməliyik). Bu, Peyğəmbərimizin (s) və Əhli-beytin (ə) əxlaqına uyğun bir davranış olar. Yalnız bundan sonra qarşı tərəfdən müvafiq cavab gözləyə bilərik.

Sonda bir məqamı da qeyd edək. Qardaş olmaq hamının eyni geyinib, eyni yaşayıb, eyni düşünməsi deyil. Qardaşlıq bağları daha ali, daha ucadır. Hər xırda narazılığa, hər fikir ayrılılğına görə münaqişə yaratmağa, daha da irəli gedərək kimisə qardaşlıqdan silməyinə dəyməz. Allahın bir, vahid, bütöv görmək istədiyini parçalamamalıyıq. Əlbəttə ki, Allaha və Kitabına iman gətirmişiksə.

Mənbə:Islam.az

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 May, 2015  14:51 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!