إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hicabsız "hicablılar"

Allah insanı yaratdı və bu həyatda davranma qaydalarını, halal və haramı, vacibləri müəyyənləşdirdi. Lazım bildiklərini izah etdi, açıqladı, bəzilərinin mahiyyətini isə elə məchul saxladı. Zaman ötdükcə bəşər bu məchullara bacardığı qədər işıq tutmağa çalışdı, fəlsəfəsini, batini mənasını aradı. Düz ya əyri – onu Allah bilir.

Allahın vacib buyurduğlarından biri də qadının hicabıdır. İslamı qəbul edən qadın nə üçün hicab bağlamalıdır? Bəşərin cavabı belədir: cəmiyyətdə fəsadın yayılmaması, qadının iffətinin qorunması, kişilərin (elə qadınların da) imanının əldən getməsinə zəmin yaradılmaması üçün.

Bunları qeyd etdikdən sonra bir sual ətrafında düşünməmək olmur: yaxşı, bəs görəsən bu gün hicab bağlayan xanımlarımızın hamısı bu məqsədi bilir, anlayır? Çox təəssüf ki, müsbət cavab vermək mümkün deyil. Artıq şəhər və rayonlarımızda kifayət qədər hicablılar var ki, onlar küçədə göründükdə qarşı cins nümayəndələrinin diqqətini digərlərindən, hicabsızlardan daha çox çəkirlər. Rəngarəng və bəzədilmiş hicab, az qala bütün bədən üzvlərinin konturlarını cızan geyim, fantasmaqorik və kreativ aksesuarlar. Əlbəttə, elə anlaşılmasın ki, biz iyul ayında günorta saatlarında Kürdəmir-Ucar arasındakı çöllükdə susuzluqdan yanan it kimi dilini çıxarıb onun-bunun namusuna göz qoyan kişilərin müdafiəsinə qalxırıq. Qətiyyən! Bu günah bir işdir və hər kəs də bu əməlinin cavabını verəcək. Mövzumuz başqadır – bəzi hicablı xanımlar. Yəni Allahın buyuruğunu öz aləmlərində yerinə yetirən, amma əslində bu buyuruğun nəinki mahiyyətinə və batininə, hətta zahirinə də xəyanət edən.

Unutmaq olmaz ki, hicab ancaq yarım kvadrat metr parça demək deyil. O, sadəcə baş örtüyü də deyil və kəlayağı, şlyapa, yaylıq kimi yayda Günəş şüalarından, qışda isə qardan qorunmaq üçün nəzərdə tutulmayıb. Onun əsas mahiyyətini anladığımız qədər artıq qeyd etdik. Hicab həm də əmr-bi-mərufun bir nümunəsidir. Hicablı xanım yadından çıxarmamalıdır ki, bu qiyafə ilə cəmiyyət içində görünəndə faktiki olaraq Allahın bir höccətinə, İslamın səfirinə çevrilir. Kənardan baxanlar da onu məhz belə dəyərləndirirlər. Başqa belə davamlı, belə məsuliyyətli əmr-bi-məruf nümunəsi varmı? Bunu unutmaq, ucuz tutmaq olmaz. Eyni zamanda bir həqiqəti də unutmaq olmaz: o Gün gələcək və bütün hicablar aradan qalxacaq. Hər kəs də əməlinə görə cavab verəcək. Hicablı da, hicabsız da.

P.S. Bu günlərdə bir qayınatanın, necə deyim, iradınımı, şikayətinimi, gileyinimi eşitdim. Dindən uzaq bir ailə gözünün ağı-qarası olan övladlarına toy ediblər, sevə-sevə hicablı gəlin gətiriblər. 3-4 gündən sonra gəlin hamını şoka salıb: “Hicabı açmaq istəyirəm. Bəyəm siz istəmirsiniz?” Əlləri üzündə qalan yeni ailə üzvlərindən “yox” cavabı alınca isə çox məyus olub. Belə...

P.P.S. “Ürkütmə, nə qədər çox hicablı olsa bir o qədər yaxşıdır” deyənlərlə də razı deyiləm. Bu eynən elə hey anbara toplanan, amma sonradan torpağa səpilməyən buğda dənələrinə bənzəyir. Artır, çoxalır, fəqət fayda vermir, cücərmir, bir müddətdən sonra isə çürüyüb gedir.

Mənbə: islam.az Vüsal Əliyev
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Aprel, 2015  17:47 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!