إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Minbərin şərəfi ağırlığında məsuliyyəti, Qiyamətdə isə sorğu-sualı var

Minbər yükü....

Allahın yaratdığı bəndələrin bu dünyada icra etdikləri funksiyaları müxtəlif göstəricilərə görə bölə bilərik. Bu göstəricilər sırasında iki xüsusiyyət xüsusi diqqətə layiqdir: məlumat baxımından ötürücü və qəbuledici.

Həyatı boyu biz müxtəlif tərzlərdə, müxtəlif məkanlarda və müxtəlif opponentlərimizə məlumat ötürür, ötürücü qismində çıxış edirik. Eyni zamanda əks rolu da üzərimizə biçirik. Bu, hər bir insanın ayrılmaz atributudur. Sözsüz ki, axirət aləmində bütün əməllərimizə görə sorğu-sual olunacağımız zaman toxunduğumuz məsələlər də tərəziyə qoyulacaq. Və bəlkə də mizana qoyulacaq əməllər sırasında ən ağır gələni də elə bu fəaliyyətimiz olacaq. Mizanın hansı gözündə qərar tutmasından asılı olmayaraq. Amma bütün bəşər içərisində bir zümrə var ki, onların ötürücü, yəni məlumat çatdırma funksiyası adi insanlarla müqayisədə daha ciddi araşdırılacaq, daha diqqətlə nəzərdən keçiriləcək, bu funksiyaya daha sərt çərçivələr tətbiq ediləcək. Söhbət minbərdən xitab etmək yükünü üzərlərinə götürənlərdən, bu funksiya ilə şərəfləndirilənlərdən, eyni zamanda bu özəlliklə İlahi imtahana çəkilənlərdən gedir.

Keçmişin övliyaları, seyyidləri, müqəddəs insanları barədə tarixi faktları böyük maraqla oxuymağı, onların müxtəlif dərəcəli üstünlüklərini dəfələrlə təkrarlamağı, həyatlarında baş verən qeyri-adi hadisələr barədə düşünməyi, bu düşüncələr burulğanına qərq olaraq “Allahu Əkbər!” deməyi xoşlayırıq. O şəxsiyyətləri xatırlayır, məqamlarını dərk etməyə çalışırıq, bədənimizdən elektrik cərəyanı kimi cövlan edən bir hisslə sanki buludlar arxasında qalan, adi insanın adi gözlə görə bilməyəcəyinin heç olmasa bulanığ konturlarını zehnimizdə cızmağa səy göstəririk. Və onların fəth etdikləri yüksəkliklərə qalxa bilməsək də, heç olmasa onların yolundan, buraxdıqları izlərdən yararlanmağa cəhd edirik. Bəs, yaxşı, nə üçün onlar bu gün milyonların qəlbində məskən salıb? Hansı cəhətlərinə görə?

Söhbət məsumlardan getmir, bu başqa bir məsələdir. Məhz zamanında İslamı xalqa yetişdirən, İslamın dəyərlərini izah edən, İslamı əvvəlkilərdən əmanət kimi alıb sonrakılara bu əmanəti bütövlükdə çatdıranlardan bəhs edirik. Minlərlə insan bu ötən 14 əsr ərzində minbərə çıxıb-düşüb. Amma bəzilərini rəhmətlə anırıq, bəzilərini isə lənətlə. Çoxları isə sadəcə tarixin burulğanında iz buraxmadan axirətə köç ediblər. Bəs nə üçün Allah bəzilərinə izzət, bəzilərinə zillət bəxş etdi? Daha doğrusu, izzəti hansı xüsusiyyətləri ilə haqq etdilər bu minbər sahibləri?

İlahi məntiq, İlahi ölçü-biçi, İlahi kriteriyalar bəşər üçün bir sirrdir, sözsüz. Amma zənnimcə səbəblər sırasında bu övliyaların, Allah adamlarının üzərlərinə qoyulan Tanrının dinini adi insanlara ötürmək funksiyasının öhdəsindən ləyaqətlə, düzgün, Rəbbimizin istədiyi tərzdə gəlmələridir. Özlərini ücbdən, təkəbbürdən qorumalarıdır. Onların əyləşdikləri minbərlə xitab etdikləri kütlənin əyləşdiyi yer arasında fiziki, maddi məsafə fərqi oldusa da, bu İnsanlar həmən fərqi heç vaxt mənəvi sahəyə daşımadılar, özlərini məcazi mənada “atlı”, məscid əhlini isə “piyada” sanmadılar, ətrafdakılara yuxarıdan aşağı baxmadılar, Peyğəmbər (s) və Həzrət Əli (ə) minbərinin nəbzini düzgün tutdular, ağızlarından çıxan hər sözü yüz ölçüb bir biçdilər, camaatla qəddar padşah əyyanları ilə danışdığı tərzdə danışmadılar, “Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et” ayəsini minbərdən sadəcə oxumadılar, bu ayəni həyat şüarı seçdilər, bu ayəni yaşadılar. Allah da onları ucaltdı, izzət verdi, əziz etdi.

Allaha şükür ki, bu gün o yolla addımlamağa çalışan minbər sahiblərimiz var: təmkinli, məntiqli, zamanını və zamanın sakinlərini tanıyan. Amma bununla yanaşı başqa nümunələrə də rast gəlirik. Ola bilər tək-tük olsun. Ancaq İslamı gözdən salmağı qarşısına məqsəd qoyanlar məhz belə səhvlər, belə büdrəmələrə teşnədilər. Diqqətli olmaq lazımdır. Minbərdən danışan unutmamalıdır ki, ona dostlarla yanaşı düşmənlər də qulaq asır. Minbərin şərəfi ağırlığında da məsuliyyəti, Qiyamətdə isə sorğu-sualı var.

P.S. Bir məsələni də qeyd etmək zəruridir. Minbər sahibləri məsuliyyət daşıyırlar, sözsüz. Buraxdıqları ara-sıra səhvləri də, inşallah düzəldərlər. Amma onların xitab etdikləri müsəlmanlar da üzərlərində məsuliyyət hiss etməlidirlər. Allah Quranda buyurur: “O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar, onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Ağıl sahibləri də məhz onlardır.” Bir sözlə, minbər sahibləri öz yerində, amma biz də ağıllı olaq.

Mənbə - İslam.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Mart, 2015  14:48 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!