إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İnsanlıq qarşısındakı sipər - Həsəd və sui -zənn

İnsanın nəfsi nə qədər xəbis olarsa, başqalarının gözəl halına, onların var-dövlətinə həmişə həsəd aparar. Bu cür insan Allahın başqalarına əta etdiyi nemətə görə həmişə narahat olub paxıllıq edər.(Camius Səadət -Şeyx Muhəmməd Mehdi Ən-Nəraqi)

 

Sui-zənn(bədgüman) və həsəd ‒ hər ikisi öz-özlüyündə böyük günahdır. Onlar arasında müəyyən əlaqə vardır. Bunlardan birinin varlığı digərinn meydana gəlməsi ilə nəticələnir.

Ətrafa sui-zənlə baxan insan sui-zənn etdiyi şəxsin hərəkət və davranışlarında həmişə mənfi cəhət axtardığına görə fərqinə varmadan həmin insana gizli düşmənçilik bəsləməyə başlayır. Eyni zamanda həmin adamın ən məsumanə hərəkət və davranışlarına belə sui-zənlə yanaşır.

Həsəd etdiyi insan həqiqətdə Allah rizası üçün çalışıb-çabalayan insan olsa da belə onun bu hərəkətlərini özünü göstərmə kimi qiymətləndirir və onun haqqında daim belə düşünür. Bəzən sui-zənn həsədə, bəzən də həsəd sui-zənnə səbəb olur. Bu mənada hər iki günah insanı fasid dairəyə salır. Mömin isə fasid deyil, saleh dairənin dalınca getməlidir. Yəni möminin hər işi başqa bir xeyirli işə zəmin hazırlamalıdır. Beləcə o, bir xeyir əməli bitirər-bitirməz dərhal digər bir xeyirxahlığın ardınca qaçmalıdır.

Əslində sui-zənn və həsəd kiçik bir  meyillənmədən başlayır. İradəni ortaya qoyaraq tədbir görülməsə, bu, tədricən ruhi xəstəliyə çevrilir. Başqa sözlə desək, pərgəlin mərkəzində meydana gələn kiçik bir inhiraf o biri ucunda böyük bucaq əmələ gətirir. Həsədkar həsəd etdiyi insanın namaz, həcc kimi sırf axirətə aid ibadətlərinə belə paxıllıq etməyə başlayır. Hətta o həddə gəlib çatır ki, bu ruhi xəstəlik küfür dərəcəsində paxıllığa çevrilir və həsədkar həsəd etdiyi mömin qardaşı barədə: “Ayağı qırılsın, mindiyi təyyarə düşsün, həccə gedə bilməsin!” kimi imanla heç cür örtüşməyən sözlər deməyə başlayır.

Bu baxımdan, qəlbdə cücərən bu cür hislərin xəyallarını belə boğmalı və böyük günahlara qapı açmasına imkan verməməlidir. Çünki başlanğıcda bu cür günahların öhdəsindən gəlmək daha asan olur. Əgər bu mərəz başını qaldıran kimi tövbə-istiğfarla təmizlənməsə, böyüməsinə imkan verilsə, tədricən qəlbin başdan-ayağa qaralmasına, hətta möhürlənməsinə səbəb ola bilər. Bildiyiniz kimi, Hz. Pir, “Ləmalar”da günahın bu xüsusiyyətini belə izah edir:“Hər bir günahda küfrə gedən yol var. Günah istiğfarla məhv edilməsə, qurd deyil, kiçik bir mənəvi ilana çevrilib qəlbi sancar.”

Rəsuli- Əkrəm Peyğəmbərimiz də (sallallahu əleyhi və səlləm) bu həqiqəti bir hədisi-şərifdə belə dilə gətirir: “Qul bir günah işləyəndə qəlbində qara bir nöqtə əmələ gəlir. Əgər o, günahdan imtina edər, əfv dilər, tövbə edib Allah yoluna dönərsə, qəlbi təkrar parlayar. Əksinə günah işləməkdə davam etsə, qara nöqtə böyüyər və bütün qəlbi bürüyər. Quranda: “Vərdiş halına gətirdikləri pis əməllər get-gedə qəlblərini paslandırdı” (“Mutəffifin” surəsi, 83/14) ayəsində bəhs edilən pas məhz budur.” (Tirmizi, Təfsirul-Quran 75; İbn Macə, Zühd 27)

Hədisdən də göründüyü kimi, hər günah sinədəki qəlbi deyil, qəlbi həyatımızı ləkələyir. Hər ləkə də başqa bir ləkəyə zəmin hazırlayır. Dişin dibinə düşən mikrob dərhal “Bura gəlin, burda əlverişli şərait var. Birlikdə dişi çürüdək, diş ətində yara əmələ gətirək” deyib digər mikrobları da çağırır. Qəlbdə əmələ gələn bir ləkə “Məni tək qoymayın” deyə digər ləkələri çağırır. Beləcə get-gedə ləkələrin sayı artır. Bir ləkə, ikinci ləkə, axırda da Qurani-Kərimin: “Vərdiş halına gətirdikləri pis əməllər get-gedə qəlblərini paslandırdı” həqiqəti zühür edir. Beləliklə, qəlbi elə bir zülmət bürüyür ki, bu zülmətdə insanın doğrunu yanlışdan ayırd etməsi mümkün deyil. Nəyin doğru nəyin əyri olduğunu tam seçə bilmədiyinə görə də doğru sandığı əyri yollara düşür.

Bu təhlükədən yaxa qurtarmağın ən mühüm və təsirli yolu üç-beş nəfər də olsa, hər gün söhbəti- dost məclisləri qurub imanı təzələməkdir. Bəli, bu cür xəstəliklərin müalicəsi ancaq vicdanda öz təravətini saxlayan iman həqiqətləri ilə mümkündür. Buna görə də insan hər gün imana bu gözlə baxmalı, hər yeni günün başlanğıcında “Allahım, dünən Səni bu cür tanımamışdım. Məgər mən nələri fövtə vermişəm. Bu gün Səni ayrı cür hiss edir, ayrı cür tanıyıram” deyərək yeni bir iman və mərifət üfüqünə qanad açmalıdır.

Əbədi səadət yurdu Cənnətə qovuşmaq qəbirdən, sirattan, mizandan asılıdır.Buna görə də axirətə iman mövzusunu hər gün məsələyə yeni bir rəng, yeni bir naxış və yeni bir üslubla yanaşaraq o həqiqəti bir daha vicdanən hiss etməliyik.

Axirətə imanla yanaşı, nübüvvətə iman mövzusu da bu şəkildə işlənməli və elə bir üslubda təqdim olunmalıdır ki, İnsanlığın İftixarı (əleyhi əlfü əlfi səlatin və salam) yada düşəndə insanların həsrətdən içi sızlasın. Həmçinin qədərə elə inanmalıyıq ki, başımıza ən böyük müsibət gəlsə belə, “Xeyir, Allahın məsləhət bildiyindədir” Və ya “Küfür və zəlalət istisna olmaqla hər şey üçün Allaha həmd olsun” deməyi bacarmalıyıq. Bəla, müsibətlərlə, ağır və çətin sınaqlarla üz-üzə gələndə tərəddüd etmədən: “Bunda da bir xeyir var. Demək ki, Cənabi-Allah bizə xəbərdarlıq edir” deməyi bacarmalıyıq.

İman həqiqətləri barədə düşünmək çox mühüm olduğu kimi, İslami əsasları hərfi-hərfinə, nöqsansız və ciddi bir təəbbüdilik ruhu ilə yerinə yetirmək də çox əhəmiyyətlidir. Çünki əmrə itaətdə incə məqamı dərk etmək min ağılın min mühakiməsindən əhəmiyyətlidir. Şeytan o möhtəşəm ağılını işlətmiş və uduzmuşdur. Hz. Adəm (əleyhissalam) isə bir mənada ayağı büdrədikdən sonra əmrə itaətdəki incə məqamı qavramış və təkrar yüksələrək mələkləri belə geridə qoymuşdur.

Bütün bunları həyata keçirmək üçün bu işdə səriştəsi olan hər kəs səfərbər olmalı, bu işi sürətləndirməli, dərsdən dərsə tələsməli və məsələlər ətrafında müzakirə etməlidirlər. Cismani mərəzdən daha böyük olan ruhi xəstəliklərin qarşısını almaq üçün də mütləq tədbir görülməli, layihə və planlar irəli sürülməlidir. Mənəvi xəstəliklər təhlükəliyinə görə maddi xəstəlik və müsibətlərlə müqayisəyə gəlməz. Cismani xəstəliklər insana bir az ağrı verir və ən uzağı onun fani ömrünü əlindən alır. Ruhi xəstəliklərə gəlincə, onlar qəlbi və ruhi həyatı öldürdüyü kimi, axirətdə də əbədi həyatı məhv edir. Buna görə də məsələ böyümədən tədbir görülməli və kökündən həll edilməlidir.

Mürşid mövqeyində olanlar həsəd, paxıllıq, qısqanclıq kimi ruhi xəstəliklərin öhdəsindən gəlməsi hər zaman mümkün deyil. Qəlbin kir, pas və möhrünü silib-silməmək Allaha aiddir. Yenə də “İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar! Şübhəsiz ki, onun zəhmətinin nəticəsi görünəcəkdir!” (“Nəcm” surəsi, 53/39-40) ayəsinə istinadən bizim vəzifəmiz bu istiqamətdə səy göstərməkdir. Bəli, imanlı insan fərdi və ictimai həyatda meydana gələn çatları doldurmağa, yaralanmış insanları sağaltmağa, müvaiznətini itirən və səndələyənlərin əlindən tutmağa, zehinə, hətta xəyalları, təsəvvürü çirklədən mənfi düşüncələri aradan qaldırmağa çalışmalıdır. Mömindən məhz bu vəfa, bu insanlıq gözlənilir. Bunun əksi isə böyük vəfasızlıq və insani həssaslığı itirmək deməkdir.



Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Sentyabr, 2014  12:22 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!