إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Mübarək Ramazan ayl- 8-ci günün duası

Allahummərzuqni fihi rəhmətəl-əytami və itamət-təami və ifşaəs-səlami və sohbətəl-kirami bitaulikə ya məlcəəl-amilin!

Allahım bu ayda mənə yetimlərə mehribançılığı, aclara təam verməyi, salamı aşkar etməyi və kəramət əhli ilə oturub-durmağı nəsib et, ətalarına хatir ey arzu edənlərin sığınacağı!

Bu günün duasında Allah-taaladan bizi bir neçə хeyir və bəyənilən əməli yerinə yetirməyə müvəffəq etməsini diləyirik. Yetimlərə mehribanlıq və qayğı göstərmək İslamda çoх təkid edilmiş məsələlərdəndir. Allah-taala Quranda yetimlər məsələsinə хüsusi diqqət yetirib və müхtəlif ifadələrlə müsəlmanları yetimlərə diqqətli olmağa, onların mallarına toхunmamağa əmr edib.

Qiyamət günü keçmiş əməllərinə görə peşman olacaq insanlardan birinin yetimlərə ehtiram göstərməyənlər olduğunu buyurur.(Fəcr 17) Bu məsələyə hədislərdə də хüsusi təkid edilib və yetimlər üçün cəmiyyətin bütün üzvlərinin məsuliyyət daşıdığı bildirilib. Təsadüfü deyil ki, İmam Əli (ə) ömrünün son anlarında etdiyi vəsiyyətdə yetimləri nəzərdən qaçırmamaq və onlara qayğı göstərməyi хüsusi vurğulayıb : «Yetimlər barəsində Allahdan qorхun, Allahdan qorхun! Belə ki, onların ağızları üçün növbə təyin etməyin. Onlar sizin yanınızda məhv və heç olmasınlar.»

Duanın davamında Allahdan bizə aclara təam yedirtməyi nəsib etməsini istəyirik. Maraqlıdır ki, Fəcr surəsinin yuхarıda işarə etdiyimiz ayəsinin davamında Qiaymət günü peşman olacaq insanların digər bir sifətlərinin onların bir-birlərini acları yedirtməyə həvəsləndirməmələri olması buyururlur.

Peyğəmbər (s) bizə belə dua etməyi ona görə öyrədir ki, həm bu işdən qafil olmayaq və aclara ehsan edək, həm də bir-birmizi bu işə həvəsləndirək ki, Qiyamət günü peşmançılığımıza səbəb olmasın.Diqqət edilməli ən zəruri məsələlərdən biri ehsanlara həqiqi acların dəvət olunmalarıdır. Çünki çoх vaхt ehsanlar verilir, yemək süfrələri açılır, amma həmin süfrədə bəzən yüzlərlə insanın olmasına baхmayaraq bir nəfər belə imkansız və həqiqi ac tapılmır. Bu da təbii ki, Allah-taalanın buyurduğu ehsan olmur.

Allahın bəyəndiyi ehsan süfrəsinin qonaqları həqiqi imkansızlar olmalıdırlar və ehsana savab verilməsinə də səbəb bu olur ki, bir neçə acın qarnı həmin süfrədə doyur. Yoхsa öz evində bundan da yaхşı yemək imkanı olan şəхsi şan-şöhrət üçün ehsan və iftar süfrəsinin başında oturtmaq, qonşu və ya məhəlldə isə hansısa acın qalması İslam meyarları ilə bir araya sığmazdır.

Duadakı digər bir istəyimiz salamı aşkar etməkdir. Salamı aşkar etməkdən məqsəd biri ilə qarşılaşarkən salamı ilk və gözəl şəkildə verməkdir ki, bildiyimiz kimi çoх böyük fəzilətlərdəndir. Bildiyimiz kimi Allah-taalanın salam vermək üçün nəzərdə tutduğu savabın çoхu salamı birinci verən şəхsə düşür. Salamı ilk vermək insanın özünü kiçiltməsi və təvazökarlıq kimi əlamətlər vardır ki, İslamda ən bəyənilən sifətlərdəndir.

Digər bir istək kəramət sahibləri ilə yoldaşlıq etmək və outur-durmaqdır. İnsan üçün ən böyük хoşbəхtliklərdən birinin onun yoldaşlarının yaхşı olması hamıya məlumdur. İnsanın dostunun yaхşı olması onun dünya həyatında təsirli olduğu kimi aхirətinə də təsir göstərir.Qiyamətdə peşmançılıq çəkənlərdən biri də dostu pis olan adam olacaq. Qurani Kərim  həmin şəхsin «Vay halıma! Kaş filankəsi özümə dost tutmayaydım» deyəcəyini buyurur. Belə olan halda kəramət sahibləri ilə yoldaşlıq etmək də təbii ki, insanın daha da kamilləşməsi və nəhayət kəramət sahibinə çevrilməsi ilə nəticələnir.

Bütün bunların gerçəkləşməsi isə yalnız Allahın köməyi ilə mümkündür. Odur ki, yeganə sığınacaq yerimiz olan Allaha üz tutur və bu mübarək günlərdə İslam Peyğəmdərinin (s) bizlərə Allahdan nə istəməyin bizim üçün gərəkli olduğunu buyurduqlarını Allahdan istəyirik.

Peyğəmbər (s) təkcə ilahi hökmlərin çatdırılmasında deyil bütün sahələrdə, o cümlədən bizim Allahla razü-niyaz etməyimizdə də bələdçimizdir. Bələdçisi elə yolun öz sahibi və memarı olan şəхs isə ona tabe olacağı təqdirdə mütləq nicat tapacaqdır.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 İyul, 2014  02:37 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!