|
Bu gün İmam Zaman(ə.f)ın mübarək mövlud günüdür Imam Mehdi (ə) hicri-qəməri təqvimi ilə 255-ci ilin Şaban ayının 15-də, (miladi tarixi ilə 868-ci ildə) Samirə şəhərində müsəlmanların 11-ci imamı Həsən Əsgərinin (ə) ailəsində anadan olub. 12-ci imamın adı Məhəmməd olsa da, o daha çox Mehdi, Qaim və Sahibəzzaman ləqəbləri ilə məşhurdur.
Atası şəhadətə çatdıqda imam Mehdinin (ə) beş yaşı olmasına baxmayaraq, cənazə namazını məhz o qılıb. Bundan sonra isə 12-ci imamın qeyb dövrü başlayıb. Allahın möcüzələrindən biri də imam Mehdinin (ə) günümüzə qədər ömür sürməsidir. Onun nə zamana qədər gözlərdən uzaq yaşayacağı, nə vaxt Allahın Quranda buyurduğu vədə yerinə yetəcəyi bəlli deyil.
Allahın Peyğəmbəri (s) buyurur-«Mənim ümmətimin ən üstün əməli fərəc intizarında olmaq və Allahdan onun baş verməsini istəməkdir.»
Mehdi (ə) inancını düzgün anlamayan, ya da şübhə altına almağa çalışanların irəli sürdüyü bir iddia var- zühur intizarı əslində fəaliyyətsizliyə, passivliyə çağıran bir məsələdir. Yəni əgər dünya zühur ərəfəsində zülmlə dolacaqsa, deməli, ədalət tamamilə məhv olacaq. Buna görə də ədalət uğrunda mübarizə aparmaq mənasızdır.
Bu fikir qərəzli düşmənçilikdən qaynaqlanır. Əslində isə bu düşüncə zühur fəlsəfəsinə, Əhli-beyt məktəbinə tamamilə ziddir.Bütün peyğəmbərlər, övliyalar Mehdinin zühur edəcəyindən xəbərdar olmuş, bunu öz kəlamlarında xəbər vermişlər. Onlar ömürlərini mənasız intizarla keçirməmiş, haqqın dirçəlişi və batilin məhvi uğrunda səy etmiş və bunu tövsiyə etmişlər.
Hədislərdə vurğulanır ki, “İbadətlərin ən üstünü fərəci (Mehdinin zühurunu) gözləməkdir”. Fərəc intizarı isə iki cürdür. Birinci intizar dağıdıcı və fəsadyayıcı xüsusiyyətə sahibdir. Bu cür intizar çəkən şəxs ətrafda nələr baş verdiyinə tam laqeyddir, sakitliklə gözləyir ki, İmam hər şeyi onun əvəzinə həll edəcək. Amma anlamır ki, özündə yüksək insani keyfiyyətlər tərbiyə etmədiyi, Əhli-beytin əsil ardıcılı olmadığı, Mehdiyə layiqli əsgər olmağa hazırlaşmadığı təqdirdə heç zaman o həzrəti tanımayacaq, əksinə, bəlkə də zühur zamanı Onun qatı düşməninə çevriləcək. Deməli, Mehdini (ə) tanımaq və sidq ürəklə qəbul etmək üçün zühura hazırlaşmaq lazımdır. İnsan öz əxlaqını islah etməli, haramdan çəkinməli, nəfsinə yox deməyi bacarmalı, bu yolda hər cür fədakarlığa hazır olmalıdır. Özü bir kəsə zülm etmədiyi kimi, başqasının da zülm etməsinə razı olmamalı, istər açıq, istərsə gizli şəkildə ədalət uğrunda mücadilə aparmalıdır.
Bir çox məsələlərdən sui-istifadə edildiyi kimi, tarix boyu intizar inancından da sui-istifadələrə yol verilib. Bəziləri bu inancı təhrif edərək insanlara elə təlqin ediblər ki, bu inanca əsasən, heç bir ictimai islahat bəşəriyyətə nicat verə bilməz. İnsanlar zülmdən nicat tapmaq istəyirlərsə, Mehdinin zühurunu gözləməlidirlər. İslam tarixində hətta Həzrəti Mehdinin zülm və fəsadla mübarizə aparacağını əsas gətirib, zühurun tezləşməsi üçün müsəlmanları günah etməyə təşviq edən cərəyanlar da mövcud olub.Təbii ki, belə bir inanc bütün ilahi dinlərin məntiqinə ziddir.
Səmavi dinlərdən heç biri İslam dini qədər ictimai fəaliyyətə təkid etməyib və insanlığın müqəddəratının özündən asılı olmasını vurğulamayıb. İslam fəsad və zülmlə mübarizəni, pisliklərdən çəkindirməyi müsəlmanların əsas vəzifələrindən biri olaraq qəbul etmiş və ictimai islahatı, ədalətsevərliyi dini vəzifələrin ən ümdəsi hesab edir. İslam dini yaxşılığa dəvət edib, pisliklərdən çəkindirmə məsələsinə o qədər önəm verir ki, bu iş üçün bir qrup insanı hazırılamağı tövsiyə edir. “Sizin içinizdə xeyrə çağıran, yaxşılığa dəvət edib pis işlərdən çəkindirən bir toplum olmalıdır, qurtuluşa çatanlar da məhz onlardır” (Ali-İmran surəsi, 104).
Fərəc intizarının bəyənilən və doğru forması qurucu, islahedici intizardır. Müsəlmanlar İmamın qeyb dövründə də böyük imtahan qarşısındadırlar. Onlar bir tərəfdən öz imanlarını qorumalı, digər tərəfdən də İmamın zühuru üçün şərait hazırlamalıdırlar. Bu, qonaq gözləyən adamın vəziyyətinə bənzəyir. O, həm öz şəxsi işlərini görür, həm də evdə səliqə-səhman yaradır ki, qonaq gələndə inciməsin.
Zühur zamanının gizli qalması da böyük fəlsəfəyə malikdir. Bu, müsəlmanı ətalətdə qalmağa qoymur. İnsan həmişə fərəc gününün intizarı ilə yaşayır. Həmin hadisənin bu gün ya da sabah baş verəcəyi ümidi ilə hazırlığını qoruyur, sayıqlığını itirmir. İmam Mühəmməd Baqir (ə) “Fərəc günü (yəni Mehdinin zühuru) nə zamandır?” sualının cavabında məhz bunu nəzərdə tutaraq buyurmuşdu: “Fərəc o zaman yetişəcək ki, siz ələkdən keçəsiniz, sonra bir də, daha sonra bir dəfə də ələnəsiniz. Pisləriniz itib, yaxşılarınız qalsın. Bax, o zaman Mehdi zühur edəcək”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 İyun, 2014 11:28 ⁄ Çap
Bu bölmədə25 Fevral, 2024 Bu gün İmam Zamanın (ə.f) mübarək mövlud günüdür8 Mart, 2023 İmamın intizarının dəyəri haqqında24 Aprel, 2019 Zühurun intizarında olan şəxsin məqamı6 Mart, 2019 İmam Zamanın (ə) zühurunu Allahdan diləyin... |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |