إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Faydalı arzuların faydasız arzulardan seçilməsi

Diqqət yetirmək lazımdır ki, arzu öz-özlüyündə məzəmmət olunmur. Bir çox arzular faydalı, dəyərlidir. Böyük elmi dərəcəyə çatmaq, ilahi övliyalar cərgəsinə qatılmaq, hətta Allah bəndələrinə xidmət üçün dünyəvi məqam istəmək dəyərli arzulardandır. Uzun-uzadı arzular dedikdə bütün ömrü puça çıxaran və nəticədə axirət üçün faydası olmayan arzular nəzərdə tutulur. Ömrü dünya istəklərinin gerçəkləşməsinə sərf etmək istəyi bu qəbil arzulardandır. Belə arzular insanın dünya məhəbbətini gücləndirir, hətta bəyənilməyən yollara aparır.

Başlanğıc həyat mərhələsində əliboş bir insan bərbəzəkli saray tamahına düşüb bu arzusuna çatmaq üçün çalışırsa, bütün ömrünü bu işə sərf etməli olur. Əlbəttə ki, belə bir arzunu gerçəkləşdirmək üçün Allahdan uzaqlıq və başqalarının haqqını tapdamaq bahasına başa gələn sərmayəyə ehtiyac var. İnsan bu sərmayəni ələ keçirmək üçün halal-harama baxmadan sə’y göstərir.

Amma bir şəxs daha yaxşı ibadət etmək və Allaha yaxınlaşmaq üçün ondan ne’mət istəyirsə, bu ilahi istəkdir. Xalqa xidmət üçün imkan arzulayanlar əslində axirət arzusundadır. Bu zümrədən olanlar uyğun istəklərlə yanaşı bu istəklərin səmimliyini göstərən səciyyələrlə tanınırlar. Mə’lum olur ki, onlar ətrafdakıları aldatmaq fikrində deyillər və bəyan etdikləri arzuları sadəcə bir pərdə deyil. Şübhəsiz, belələri axirət və Allahın razılığı sorağındadırlar.

Dünyapərəstlik və Allahdan xəbərsizlikdən qaynaqlanan uzun-uzadı arzular insanın bütün ömrünü puça çıxaran arzulardandır. Bu arzular insanın düşüncəsini bütünlüklə özünə məşğul edir və onun diqqətini yalnız dünyaya yönəldir. Bə’zi mə’nəvi yönümlü arzular da uzun-uzadı arzular qismindən ola bilər. İnsan var-dövlət eşqi ilə bütün ömrünü bada verdiyi kimi, dini alimlik dərəcəsi almaq üçün də hər şeyi yaddan çıxara bilər. Nə sərvət, nə məqam, nə dini ad insan üçün son məqsəd olmamalıdır. Belə bir münasibət məzəmmət olunmuşdur və insanı doğru yoldan uzaqlaşdırır.

Nəql edirlər ki,hz.Əli(ə)bir şəxsin adını çəkib buyurdu: “O rəyasət və məqam istəyindədir.” Sonra O həzrət əlavə etdi: “Çobansız sürüyə hücum çəkən iki canavarın zərəri mənsəbpərəst insanın müsəlmanların dininə zərərindən daha azdır.”

Allah-təala öz dostlarının vəsfində buyurur: “Mö’minlər o kəslərdir ki, Allah yada salındıqda qəlblərinə qorxu düşər, onlara ayələr oxunduqda imanları artar və öz Rəblərinə təvəkkül edərlər.” (“Ənfal”, 2) Digər bir ayədə Allah zikri müqabilində mö’min qəlbin uçulmasının zəruriliyi bildirilir: “İman gətirənlər üçün bir vaxt çatmadımı ki, qəlbləri Allah zikri və nazil olmuş haqla yumşalsın?!” (“Hədid”, 16)

Təbii ki, dünya məhəbbətinə qərq olmuş və gələcək üçün planlar cızan qəlb uzun-uzadı arzulara məşğul olduğundan onda Allah zikrinə yer tapılmayacaq. Allah məhəbbətindən xali qəlbin zikr zamanı qorxu və uçulmasından danışmağa dəyməz. Çünki bir qəlbdə iki eşq yaşatmaq olmaz. Dünya bər-bəzəyinə məftun insan qəlbində ilahi eşq bəsləyə bilməz.

Allah-təala buyurur: “Allah heç kimin dərinliyində iki qəlb qərar verməyib.” (“Əhzab”, 4)
Bu qəbil hədislərdən başqa bir nöqtə də aydınlaşır: mö’minin ən böyük amalı və arzusu Allaha yaxın məqama çatmaqdır. Əksinə, ən böyük zərər isə Allaha yaxınlıqdan məhrum olmaq sayılır. Allah qüdsi hədisdə buyurur: “Qəlbi bərkimiş insan məndən uzaqdır.”


Ustad Misbah Yəzdi -"İlahi Nəsihətlər"

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Aprel, 2014  17:13 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!