Allahın Rəsulu(s) vəfat edən zaman böyük–kiçik, kişi–qadın, qoca–cavan, ümumiyyətlə bütün Mədinə əhalisi matəm saxlamışdı. Elə bir müsəlman tapmazdın ki, Peyğəmbər(s)-in vəfatına görə qəmgin olmasın. Bir sözlə, Mədinə şəhəri ah-nalə səsinə qərq olmuşdu. Bu ayrılıq ən çox həzrəti-Mühəmməd(s)-in yaxınlarına, xüsusən əmisi oğlu Əli(ə.s)-yə daha çox təsir etmişdi. Hətta bəziləri həyəcandan danışa bilmirdi. Əgər bu qəm-qüssə dağlara üz tutsaydı, dağların belə buna dözümü çatmazdı.
Lakin heç kim həzrəti-Fatimə(s.ə) kimi qəmgin ola bilməzdi. Yalnız Allah özü buna şahid idi.
Get-gedə kədər artır, göz yaşı isə dayanmırdı.
«Fatimə(s.ə) Peyğəmbər(s)-in vəfatından sonra cəmi yetmiş beş gün yaşadı(cəmadiussani ayının 3-ü). Bu yetmiş beş gündə heç kim onu gülərüz görmədi. Həftədə iki dəfə(I və III günlər) Ühüd şəhidlərinin qəbirləri kənarına gedib, orada namaz qılar və dua oxuyardı. O Xanım vəfat edənə kimi bu işi davam etdirirdi».
Təbərsi «Ehticac» kitabında (Ic,səh.147.) Süveyd ibn Qüflənin söylədiklərini belə təsvir edir:
Həzrəti-Fatimə(s.ə) ölüm yatağında olarkən mühacir və ənsar qadınlarından bir qrupu onun yanına gəlib belə ərz etdi:
Ey Peyğəmbər(s) qızı, bu xəstəliklə səhəri necə açdınız?
Fatimə(s.ə) Allaha həmd və səna dedikdən, eləcə də atası Peyğəmbər(s)-ə salam göndərdikdən sonra buyurdu:
And olsun Allaha! Səhəri sizin dünyanı, sizin kişiləri bəyənmədiyim halda açdım. Sizin kişiləri düşmən bilirəm, çünki onları öz dilimin altında yoxlayıb, ağzımdan tulladım və onları sınaqdan sonra tanıdım.
İti qılıncların kütləşməsi, (yəni sizin kişilərin əvvəllər İslamın inkişafı yolundakı fəallığı, sonradan isə bu məsələdə süsüt olmaları), iman gətirdikdən sonra dindən çıxıb dünyəvi həvəslərə aludə olaraq azğınlaşmaq çox çirkindir.
Nə qədər çirkindir bu dəstə (bizim hüququmuzu müdafiə etməyənlər) və onlar üçün İlahi əzab.Onlar özlərini əbədi axirət əzabına düçar etdilər. Görərsiniz, əzabın ağır daşını onların boynuna saldım və onların çirkin əməllərinin cavabını onlara qaytardım. Onları boşladım, əməlləri paltar kimi onların əyinlərini bürüdü.
Bizə zülm edənlərdən Allahın geniş rəhməti kəsilsin və onlar o rəhmətdən uzaq düşsünlər. Vay olsun onlara ki, rəhbərlik və imamlıq məqamını möhkəm risalət dağlarından aldılar, nübüvvət və hidayət köklərini və Cəbrayılın nazil olduğu yeri haqqın sahibindən məhrum etdilər.
Bilin ki, sizin kişilərin əməlləri, aşkar bir ziyandır (İslama). Çünki onlar Əli(ə.s)-dən üz çevirdilər. And olsun Allaha! Əli(ə.s)-nin qılıncı meydanda iti və kəsərli olub. O, ölümdən qorxmurdu, öz qüdrətli əlləri ilə düşmən cəngavərlərini fəlakət torpağına atıb məhv edirdi. Allaha and olsun! Əgər onlar ümmətin idarəsini Əli(ə.s)-yə tapşırsaydılar, O(ə.s), hər yolundan azanı yola gətirərdi. Əli(ə.s) aşkar hüccətdən qaçanları qaytarardı. O camaatı haqqa tərəf elə sövqləndirərdi ki, haqqa üz tutanların nə ağzı yaralanar, nə də yorulardı. Əli(ə.s) onları çoxlu, həm də ətirli şəlalələrə varid edərdi. O şəlalələrin suyu və ətrafı saf, pak olardı.
Bəli, Əmirəlmöminin(ə.s) onları məhz bu cür sularla sirab edərdi. Həzrəti-Əli(ə.s) özü onların dünyasından bəhrələnmədiyi bir halda nəsihət edərdi. Məqamını öhdəsinə götürsəydi, doğru və yalançı, təqvalı və həris insanlar bir-birindən fərqlənərdilər.
«Və əgər şəhərlərdə və kəndlərdə yaşayan camaat iman gətirib təqvalı olsalar yerin və göyün bərəkətləri onlar üçün açılar (onlara verilər). Amma onlar (həqiqətləri) inkar etdilər, biz də onları öz əməllərinin cəzasıyla cəzalandırdıq». (Əraf, 96)
«Və bu dəstədən o kəslər ki, zülm etdilər, öz pis əməllərinin cəzasına çatacaqlar və heç vaxt İlahi əzabın cəngəlliklərindən qaça bilməyəcəklər». (Zümər, 51)
Zəmanəyə bax! Ey kaş biləydim ki, bu (bivəfa) camaat nəyə və kimə arxalanıb belə ailəyə təhqir və zülm edib pis yol seçdilər?!
Onlar bizə zülm etdilər və bizə kömək etmədilər. And olsun Allaha, möhkəm qanadları buraxıb toyuq qanadlarına yapışdılar. Kül olsun elə başlara ki, sahibləri yaxşı iş gördüklərini güman edirdilər, amma cahil tamahkardırlar.
«İtaət etmək üçün haqqa hidayət edən şəxs layiqlidirmi, ya özü hidayət olmayan şəxs? Məgər ki (başqası tərəfindən) hidayət oluna? Sizə nə olub? Necə də (batil) hökm verirsiniz?» (Yunis, 35)
Bilin ! Canıma and olsun, sizin (kişilərin) bu hərəkətiniz çox çəkməz, vaxt gələr ki, sona yetər. Cəza vaxtı çatdıqda azğınlar öz layiqli cəzalarını alarlar. Gələcək nəsillər isə özlərindən qabaq yaşayanların aqibətinə baxar, ibrət götürər.
Fitnə və bəla gözləyin, özünüzü iti qılınclar, zalımlar səltənəti, ümumi hərc-mərcliyə hazırlayın. Zalımlar sizi çalıb-çaparlar, sizin üçün çox az bir şey qoyarlar. Sizin cəmiyyətinizi qətlə yetirərlər. O vaxt düzgün rəhbərlik xəttindən ayrıldığınız üçün həsrət çəkərsiniz. Sizin qəlbləriniz kor olubdur.