“Elə bir Novruz günü olmaz ki, biz həmin gün fərəc (zühur) arzusunda olmayaq. Çünki bu, bizim və tərəfdarlarımızın günüdür”.
İmam Sadiq (ə).
Biharül-ənvar, 59-cu cild, səh. 92.
Hər şeydən öncə bunu deməliyik ki, Novruz sırf dini və islami bayram deyil. Çünki əslində Novruz bilavasitə təbiətlə bağlı olan və təbiətdə baş verən dəyişikliyi özündə əks etdirən bir bayramdır. Onun mənşəyini səmavi dinlərdən və səmavi kitablardan daha əvvəlki dövrlərdə axtarmaq lazımdır. Novruzun kökləri atəşpərəstlikdən də qədimlərə gedib-çıxır. Amma uzun müddət İranda və atəşpərəst bir mühitdə qeyd edildiyi və İslamın yarandığı zaman da atəşpərəstlərə məxsus bir bayram sayıldığı üçün, Novruzu çox zaman səhv olaraq spesifik məcusi bayramı hesab edirlər.
Müsəlman alimlərinin qələmə aldıqları tarix və coğrafiya kitablarından əlavə, sırf dini məzmunlu əsərlərdə də Novruz bayramı haqqında məlumatlara rast gəlirik. Şeyx Tusinin “Misbahül-mütəhəccidin”, İbn Fəhd Hillinin “əl-Mühəzzəbül-bari”, İbn İdris Hillinin “əs-Sərair”, Şeyx Bəhainin “Cameyi-Abbasi”, Əllamə Məclisinin “Zadül-məad” və “Biharül-ənvar”, Hürr Amulinin “Vəsailüş-şiə”, Seyyid Mühəmməd Kazim Yəzdinin “Ürvətül-vüsqa”, Şeyx Abbas Quminin “Məfatihül-cinan” kitablarında və onlarla başqa mənbələrdə Novruz gününün fəzilətləri, müstəhəb əməlləri haqqında qeydlər mövcuddur.
Kitablarda yazılıb ki, İmam Əli ibn Əbu Talibin (ə) xilafət illərində ona Novruz hədiyyəsi (yemək) gətirdilər. Həzrət Əli (ə) bu hədiyyənin hansı münasibətlə verildiyini soruşanda, Novruz bayramı olduğunu söylədilər. İmam hədiyyəni qəbul edib buyurdu: “Hər günümüzü Novruz edin”. Bu hədisin fərqli variantlarını Şeyx Səduq “Mən la yəhzürühül-fəqih” (3-cü cild, səh. 300), Beyhəqi “əs-Sünənül-kübra” (9-cu cild, səh. 392), Səmani “əl-Ənsab” (3-cü cild, səh. 37) kitablarında qeyd etmişlər. Bəzi məlumatlara görə, Həzrət Əliyə (ə) hədiyyə gətirən adam – əslən fars mənşəli olan hənəfi məzhəbinin banisi Əbu Hənifənin babası Nöman ibn Mərziban imiş.
“Biharül-ənvar” və “Vəsailüş-şiə” kitablarındakı bir neçə irihəcmli hədisdə Müəlla ibn Xüneys adlı səhabənin dilindən İmam Cəfər Sadiqin (ə) Novruz bayramı haqqında xoş sözləri rəvayət edilib (“Biharül-ənvar”, 59-cu cld, səh. 91 və 119; “Vəsailüş-şiə”, 5-ci cild, səh. 172-174). Bu hədislərdə İmam Sadiq (ə) Novruz bayramını keçmiş ümmətlərin həyatında və eləcə də, İslam tarixində baş vermiş bəzi əlamətdar hadisələrin ildönümü kimi təqdim edir, bu günün müstəhəb ibadətlərini, hətta bayram namazının qılınma qaydasını bildirir. Novruz bayramının Qədir-Xüm gününə təsadüf etməsi fikri ilə də bu hədislərdə rastlaşırıq.
Novruz haqqındakı hədislərin böyük əksəriyyəti Müəlla ibn Xüneys vasitəsilə rəvayət edilir. Müəlla haqqında rical kitablarındakı məlumatlar ziddiyyətlidir. Bəzi tədqiqatçılar onu çox da mötəbər ravi kimi dəyərləndirməmiş, bəziləri isə əksinə, onun haqqında tam qətiyyətlə müsbət fikir söyləmişlər. Müəllanın Əhli-beytə sevgisinə görə şəhadətə çatması, qatilinin isə İmam Sadiqin (ə) bədduası ilə məhv olması da diqqətdən kənarda qalmamalıdır.
Bəzi mənbələrdə Novruz bayramını tənqid atəşinə tutan və bu günü bayram kimi qeyd etməyi haram sayan rəvayətlərə də rast gəlirik. Amma bu rəvayətlərin bir qisminin sənədi Peyğəmbərə qədər gedib-çıxmır (Beyhəqinin ”əs-Sünənül-kübra“ kitabındakı kimi), bəzi rəvayətlər isə zəif sayılır.
Bu fakt məlumdur ki, xalq şüurunda Novruz – “İmam Əlinin (ə) taxta çıxdığı gün” sayılır. Bəzi mənbələrdə (məsələn, Azərbaycan Sovet Ensiklopediyası) şiələrin Novruz bayramını Həzrət Əlinin (ə) hakimiyyətə gəlişinin ildönümü kimi qeyd etmələri tənqid edilir və göstərilir ki, İmam Əlinin (ə) xilafətə gəlişi miladi 656-cı ilin yay fəslində baş vermişdir. Lakin həmin mənbələr bunu unudurlar ki, Novruz – Həzrət Əlinin (ə) Osmanın qətlindən sonra hakimiyyətə gəlişi ilə deyil, Qədir-Xüm çölündə Peyğəmbər tərəfindən dini və dünyəvi hakimiyyətə gətirilməsi ilə üst-üstə düşüb.
Əlbəttə, heç kim iddia etmir ki, Novruz bayramı hər il Qədir-Xüm günü ilə üst-üstə düşməlidir. Çünki hicri-qəməri və hicri-şəmsi illər arasındakı 10-12 günlük fərq bunu qeyri-mümkün edir. Məlum olan budur ki, məhz həmin il (hicri 10-cu il) zilhiccə ayının 18-i şəmsi təqvimlə yeni ilin başlanğıcı ərəfəsinə, yəni Novruz bayramı ərəfəsinə təsadüf etmişdi.
Müasir alimlərindən Ayətullah Cəvadi Amuli “Məfatihül-həyat” kitabında Qədir-Xüm gününün şəmsi təqvimlə 27 esfənd gününə təsadüf etdiyini yazır ki, bu da miladi təqvimlə 632-ci il mart ayının 18-i deməkdir. Böyük astronom və riyaziyyat alimi Əllamə Şərani də hesablamalar nəticəsində bu fikrə gəlmişdi. Peyğəmbərin Qədir-Xümdə 3 gün qaldığını və bu müddət boyunca Həzrət Əlinin təbrik mərasiminin davam etdiyini nəzərə alsaq, Novruz bayramının da bu mərasimə təsadüf etdiyini qəbul etməliyik.
Novruzun tarixini İranla bağlamaq istəyənlər etiraz edib deyə bilərlər ki, bu bayramın Qədir-Xüm gününə təsadüf etməsini Səfəvilər dövrünün şiə alimləri özlərindən uydurmuşlar. Amma bu gün əldə olan istənilən sinxron cədvəllərlə (saytımızın “konvertor” bölümündəki elektron hesablayıcı da daxil olmaqla) deyilənlərin doğru olduğunu əyani şəkildə görmək mümkündür.
Monqollar dövründə yaşamış məşhur astronom və şəriət alimi Qiyasəddin Cəmşid Kaşani özünün “Risaleyi-Ğədiriyyə”sində məsələyə bəzi başqa nüanslar da əlavə edir. Onun yazdığından məlum olur ki, hicri 10-cu ildə (Qədir-Xüm hadisəsinin baş verdiyi ildə) müsəlmanlar şəban, ramazan, şəvval və zilqədə aylarını ardıcıl olaraq 30 gün qəbul etmişdilər. Müəllif bunu Ayın görünməməsi ilə izah edir. (Ardıcıl olaraq 4 ayın 30 gün olması astronomik və şəri cəhətdən mümkündür; bax: “Təhzibül-ehkam”, 4-cü cild, səh. 241, ətək yazısı). Müəllif bu nəticəyə gəlir ki, əslində Qıdir-Xüm gününü şəmsi (və ya miladi) təqvimə çevirərkən, bu iki gün artımını da nəzərə almaq lazımdır. Belə isə, həmin iki günü əlavə edəndə Qədir-Xüm gününün düz yeni Günəş ilinin başlanğıcına (fərvərdin ayının 1-nə), başqa sözlə desək, mart ayının 20-nə və Novruz bayramına təsadüf etdiyini alırıq.
islam.az