إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycanda 8 Noyabr - Zəfər Günü qeyd edilir

 

Bu gün Azərbaycanın suverenliyinin tam bərpa olunduğu bir vaxtda Zəfərin üçüncü, xüsusi ildönümünü qeyd edirik.

 

 

Ahlibeyt.az xəbər verir ki, bu gün ölkəmizin bütün ərazisində 8 Noyabr - Zəfər Günü qeyd edilir.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra ərazilərimiz separatçılardan təmizlənib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub.

Dövlət başçısı oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər edib, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırıb.

Zəfər Günü ilə əlaqədar olaraq, bu ilin sentyabr ayında separatçılardan təmizlənən Xankəndi şəhərində hərbi parad keçiriləcək. Ali Baş Komandan, Prezident İlham Əliyevin qəbul edəcəyi paradda nümunəvi hərbi bölüklərin iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.

44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olunub.

Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçib, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad olunub.

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər olub. Zəngin dövlətçilik və hərb tarixinə malik Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut edib, düşmən üzərində tarixi zəfər çalıb.

Prezident İlham Əliyev 2020-ci il dekabrın 3-də Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Şuşanın işğaldan azad edildiyi gün - 8 Noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.

Xatırladaq ki, 8 noyabr ölkədə qeyri-iş günüdür.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Noyabr, 2023  09:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!