إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Parlamentdə Əlcəzair soyqırımı ilə bağlı dinləmələr keçirilməsi, Fransa ilə bağlı sənəd qəbulu təklif edilib

“Fransa tərəfindən oxşar vəziyyət Vətən müharibəsindən əvvəl də müşahidə edilirdi. Ancaq həmin sənədin təsir qüvvəsi Senatın divarlarından kənara çıxmadı”.

Ahlibeyt.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Cavanşir Feyziyev deyib.

Deputat bildirib ki, Ermənistan hökuməti anlamır ki, Senatın bu qərarı heç də erməniləri müdafiə etmək istəyindən irəli gəlmir: “Bu, Fransanın Cənubi Qafqazda öz geosiyasi maraqlarını yeritmək istəyindən irəli gəlir. 10 noyabr üçtərəfli bəyanatında da Fransanın imzası yer almadı. 44 günlük müharibənin nəticələri dünya tarixininə Azərbaycanın uğuru, Minsk qrupunun isə uğursuzluğu kimi yazıldı. Öz uğursuzluğuna görə bu gün onlar belə addımlar atırlar. Davamlı sülh bəzi ölkələrin maraqlarını qane etmir. Fransalı həmkarlarımız nəzərə almaldıır ki, 2 ildir Cənubi Qafqaz yeni reallıqlar şəraitində yaşayır. Bu bölgədə söz sahibi də, güc sahibi də Azərbaycandır”.

Deputat Ramin Məmmədov qeyd edib ki, Fransa Senatı dünən növbəti dəfə Azərbaycana qarşı qərəzli mövqeyini nümayiş etdirərək, ölkəmiz əleyhinə əsassız qətnamə qəbul edib: “Qətnamədə kifayət qədər absurd iddialar və ifadələrə yer verilib. Bu ilin sentyabrında Ermənistanın hərbi təxribatları nəticəsində baş vermiş hadisələr tamamilə başqa bir rakursdan qiymətləndirilir, 30 il ərzində torpaqları işğal edilmiş bir ölkə hərbi təcavüzdə ittiham edilir. Azərbaycanın ərazilərində hansısa qondarma qurum müstəqil subyekt kimi təqdim olunur. Bu, açıq-aşkar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlikdir. Beynəlxalq hüquqa, Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə qlobal strategiyası, Avropa İttifaqı Şurasının dövlətlərin ərazi bütövlüyü barədə 2016-cı ildən bəri ardıcıl qəbul etdiyi sənədlər çərçivəsində Fransanın üzərinə götürdüyü öhdəliklərə ziddir. 13-14 sentyabrda baş vermiş hərbi təxribat zamanı Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq, öz suverenliyinə və ərazi bütövlüyünə təhlükəni dəf etmək, mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri həyata keçirib. Qətnamədə göstərilənlərin əksinə olaraq, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatın müddəalarını Azərbaycan deyil, məhz Ermənistan pozub. Çünki Ermənistan silahlı qüvvələrinin və qanunsuz hərbi birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi, regionda bütün kommunikasiyaların açılması ilə bağlı müddəaları yerinə yetirməkdən yayınan Ermənistandır.

Ermənistan müharibə bitdikdən sonra belə Azərbaycan ərazilərində minaların basdırılmasını davam etdirib, mina xəritələrini təqdim etməkdən müxtəlif bəhanələrlə yayınır. Halbuki "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiyaya görə dövlətlər minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürür. Ermənistan "Hərbi əsirlərlə rəftara dair" və "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" Cenevrə Konvensiyalarını və onlara əlavə protokolların tələblərini pozaraq Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlılar haqqında məlumatları vermir”.

Deputat Əlcəzair soyqırımı barədə Azərbaycan parlamentində də dinləmələrin keçirilməsini təklif edib:

“Bütün bunların fonunda Fransa Senatının belə bir sənəd qəbul etməsi, bu ölkənin beynəlxalq hüquqa əsl münasibətini ifadə edir. Keçmişində Əlcəzair soyqırımı kimi bir ləkə olan, Seneqal, Kamerun, Ruanda və Mərakeşdə qətliamların iştirakçısı olmuş Fransanın irqi ayrı-seçkilikdən danışmağa haqqı yoxdur. Hesab edirik ki, milyon yarım insanın qətli ilə nəticələnən Əlcəzair soyqırımı barədə Azərbaycan parlamentində də dinləmələrin keçirilməsi məsələsinə baxmaq mümkündür. Xüsusi vurğulamaq istərdim ki, Senatın səs çoxluğu ilə qəbul etdiyi bu qətnaməyə səs verənlər nəticə etibarilə Fransanın Azərbaycan və Ermənistan arasında gedən danışıqlarda, Cənubi Qafqazdakı proseslərdə iştirakının əleyhinə səs verdilər”.

Deputat Fəzail Ağamalı Azərbaycan parlamentində İran və Fransanın əleyhinə sənəd qəbul edilməsini təklif edib: “Təklif edirəm ki, sabah İran və Fransanın ölkəmizə qarşı düşmənçiliyini müzakirə edək və parlament səviyyəsində sənəd qəbul edək”.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Noyabr, 2022  11:52 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!