إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Unudulmazlar” saytı və mobil tətbiqinin təqdimatı olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi ilə hazırlanan “Unudulmazlar” saytı və mobil tətbiqinin təqdimatı olub.

Ahlibeyt.az xəbər verir ki, tədbirdə Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov, millət vəkilləri, qeyri-hökümət təşkilatlarının nümayəndələri, qazilər iştirak edib.

“Unudulmazlar” mobil tətbiqi ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımız, bu döyüşlərin qaziləri haqqında ətraflı məlumat əldə etməyə imkan yaradan, onların cəmiyyətə daha yaxından tanıdılmasına xidmət edən layihədir. Şəhidlər və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər haqqında dolğun informasiya resursu olan mobil tətbiqi hər kəs İOS və Android sistemlərindən yükləyə bilər.

Tədbiri giriş sözü ilə açan Vüqar Behbudov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi əsasında şəhid ailələri və müharibə veteranları ilə bağlı geniş miqyaslı sosial dəstək proqramı icra olunur:

"Proqram çərçivəsində artıq 119 min şəxsə dəstək yönümlü 243 min xidmət göstərilib. O cümlədən, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4 min, ümumilikdə ötən dövrdə 13 minədək mənzil və fərdi ev verilib. Postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 284 avtomobil, ümumilikdə ötən dövrdə 7500 avtomobil təqdim edilib. 7000-ə yaxın imtiyazlı şəxs isə həmin dövrdə sanator-kurort və müalicə mərkəzlərinə yollayışla təmin olunub. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmlarımız, mülki şəhidlərimiz, Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin cəmiyyətə daha yaxından tanıdılması da diqqətdə saxlanılır. “Unudulmazlar” saytı ( Unudulmazlar.az ) və mobil tətbiqi bu məqsədə xidmətə edir".

Vüqar Behbudov əlavə edib ki, saytda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müharibə dövründə yazdığı tvitlər, şəhidlərimizin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin həyat və döyüş yolunu özündə əks etdirən məlumatlar, foto və videolar, təltifləri və ailə üzvləri haqqında məlumatlar təqdim olunur. Həmçinin ad, soyad, ata adı və digər kriteriyalar üzrə axtarış imkanı yaradılıb.

Daha sonra çıxış edən millət vəkili Vüqar İsgəndərov qeyd edib ki, mətbuat orqanları və sosial şəbəkə istifadəçilər bu sayta istinad edərək vaxtaşırı məlumatlara yer versələr qəhrəmanlarımız unudulmaz.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Oktyabr, 2022  12:39 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!