|
“Sosial-psixoloji komplekslərin folklorda proyeksiyası: Metaforik düşüncə və simvolik məna” kitabı çapdan çıxıbFolklorşünas Səfa Qarayevin “Sosial-psixoloji komplekslərin folklorda proyeksiyası: Metaforik düşüncə və simvolik məna” kitabı çapdan çıxıb Ahlibeyt.az xəbər verir ki, bu barədə AMEA mətbuat xidmətinin məlumatında bildirilib. Dünya folklorşünaslıq elminin prioritet istiqamətlərindən olan sosial-antropoloji yanaşmalar, xüsusən psixoanalitik folklorşünaslıq üzrə çoxsaylı tədqiqatlar müəllifi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səfa Qarayevin növbəti kitabı, “Sosial-psixoloji komplekslərin folklorda proyeksiyası: metaforik düşüncə və simvolik məna” monoqrafik tədqiqatı işıq üzü görüb. Kitabda Azərbaycan folklorunun metaforik düşüncə və simvolları sistemi dünya elmi təcrübəsinə əsaslanmaqla psixoanalitik metodun və sosial-antropoloji yanaşmaların sistemli tətbiqi əsasında tədqiqata cəlb olunub. Araşdırmada metodun tətbiqi folklorun kollektivlik, ənənəvilik və variantlılıq təbiəti nəzərə alınmaqla həyata keçirilmişdir. Aparılan təhlillər zamanı müəyyənləşdirilmişdir ki, sosial ünsiyyətin tərkib hissəsi olan mərasimlər, dastanlar, nağıllar, lətifələr, inanclar, o cümlədən ayrı-ayrı folklorik obraz, motiv və davranışlar yalnız cəmiyyətin şüuri cəhətdən anlaşılan konseptlərini təcəssüm etdirmirlər. Onlar bəzən cəmiyyətin özünün açıq müzakirəyə çıxarmadığı, kollektivin birbaşa dərk etmədiyi yanaşmaların da simvolik ifadəçisi kimi çıxış edirlər. Kitabda folklor materiallarının simvolik məzmunu ekvivalentlik kontekstində tədqiqata cəlb olunmuş, psixoanalitik folklorşünaslığın müasir nəzəri-metodoloji yanaşmalarının tətbiqi ilə onların qeyri-şüuri məna səviyyələri müəyyənləşdirilmişdir. Kitabın “Novruzda yaradıcı cinsi davranışların simvolikası: Xızırın gecələr bərəkət paylaması və papaqatmanın psixoanalitik semantikası” adlanan birinci hissəsində Novruz və Xıdır-Elləz bayramında, əsasən oğlanlar tərəfindən axşamlar icra olunan papaqatma, qurşaqsallama kimi folklor faktlarının psixoanalitik semantikası araşdırılmışdır. Müəyyən olunmuşdur ki, ritual əsasında yaradılış semantikası daşıyan Novruzdakı mərasimi elementlətərin qeyri-şüuri səviyyəsini, əsasən, cinsi simvolika təşkil edir. Bu mənada qeyd olunmuşdur ki, Novruz bayramında axşamlar icra olunan papaqatma faktı ilə fallik ata obrazı olan Xızırın gecələr bərəkət paylaması eyni semantik çərçivəni paylaşırlar. Kitabın “Dastanlardakı buta motivində aşiq və məşuq münasibətlərinin psixosemantikası və infantil prototipi” adlanan ikinci hissəsində epik qəhrəman obrazının psixosemantikası analiz olmuşdur. Müəyyənləşdirilmişdir ki, buta motivi qəhrəmanın infantil təbiəti və ərgənlik dönəminə aid olan iki dramatizmi diqqət mərkəzinə gətirir: Edip kompleksi kontekstində ata ilə dramatizm və sosial normalar kontekstində ailə ilə dramatizm. Burada sosial reallıq kontekstində şəyirdin ustaddan uzun sürən təlim prosesindən sonra aşıqlıq sənətinə yiyələnməsi ilə məhəbbət dastanlarında qəhrəmanın buta vasitəsi ilə gözlənilmədən aşığa çevrilməsi arasındakı psixosemantik fərq analiz olunmuşdur. Müəyyənləşdirilmişdir ki, sosial reallıqdan fərqli olaraq, məhəbbət dastanlarında aşıqlığın ustad (psixosemantik baxımından “ata”) olmadan reallaşmasının psixosemantik əsasında ata gücünün inkarı dayanır. Kitabın “Azərbaycan sosiokulturoloji mühitində gülüşün psixosemantikası” adlanan üçüncü hissəsində milli cəmiyyətdə müxtəlif sosial-mədəni münasibətlər çərçivəsində gülüş faktının ifadə etdiyi psixosemantik mahiyyət araşdırılmışdır. Mədəniyyətdə gülüşün yaranma texnologiyalarının, aktuallaşma situasiyalarının, metaforalarının və kollektiv sosial davranış aktı kimi xüsusiyyətlərinin folklorşünaslıq aspektindən araşdırıldığı tədqiqatda belə bir qənaət irəli sürülmüşdür ki, bir çox hallarda müsbət emosiyaları ifadə edən gülüş metaforası bəzən aqressiv münasibətin də ifadəçisinə çevrilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 İyul, 2022 09:41 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |