إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyanın xeyir və zərərləri - Kumeyl duasının şərhi

Dünyanın xeyir və zərərləri

İnsan səadəti üçün çox qorxulu olan uzun-uzadı arzulardan qurtarmaq üçün Quran və Əhli-beyt (ə) xəbərlərini mütaliə edib tarixi əhvalatlarla tanış olmaq, qəbiristanlığa gedib qəbirlərdə yatanlar haqqında düşünmək çox faydalıdır. Bəli, qəlb arzular ilğımına büründüyü vaxt insan dünya və axirət faydalarından, hətta elm və biliyin səmərələrindən belə məhrum olur.

Maraqlı bir hekayət

Əttar Nişaburi belə rəvayət edir:

Bir gün Həsən Bəsri səfər zamanı Dəclə çayına çatıb dayanır. Qəfildən tanınmış zahid Həbib Əcəmini görür. Həbib deyir: "Nə üçün dayanmısan?” Həsən cavab verir ki, - "Qayıq gözləyirəm.” Həbib Əcəmi deyir: "Ustad, mən səndən elm öyrənmişəm. Sən demisən ki, qəlbindən həsədi çıxarsan, uzun-uzadı arzulardan qurtarmaqla dünya sevgisindən xilas olsan, ayağını qoyub suyun üstündən keçə bilərsən.” Həbib bu sözləri deyib suyun üstündən keçir. Həsən bu səhnənin təsirindən huşunu itirir. Özünə gəldikdən sonra soruşurlar ki, - "Sənə nə oldu?” Deyir: "O, elmi məndən öyrənib. İndicə məni danlayıb, özü suyun üstündən keçdi. Əgər Qiyamət günü Siratdan keçmək əmr olunduğunda bu sayaq dala qalsam, halım necə olacaq?” Sonra Həbibdən soruşdu ki, - "Bu məqama necə çatdın?” Həbib dedi: "Ustad, mən qəlbimi ağardıram, sən kağız qaralayırsan.” Həsən təəssüflə pıçıldadı: "Elmimdən başqası faydalandı, mən isə bir xeyir götürə bilmədim.”

"Və xədəətnid-dünya biğururiha”

("Dünya öz hiylələri ilə məni aldatdı.”)

Dünyanın xeyir və zərərləri, hiylə və yalanları insanın nəfs halına və təfəkkür tərzinə uyğun qiymətləndirilməlidir. Nəfs istəklərinə məğlub olan insan dünyanın bər-bəzəklərinə aldanaraq yalnız gördüklərini həqiqət hesab edir. O, yalnız ölüm məqamında maddi nemətlərdən ayrılarkən anlayır ki, həqiqət hesab etdiyi şeylər yalanmış və bütün zəhmətləri bada getmişdir.

Fironlar və qarunlar doğulduqları vaxt heç də bizim tanıdığımız kimi çirkin doğulmurlar. Yalnız sonradan nəfs istəkləri onların düşüncəsini yanlışlığa yönəldir. Amma nəfsani çirkinliklərdən təmiz olan, təfəkkürünü mənasız düşüncələrdən qoruyan, gözəl əxlaqa üstünlük verən insanlar ilahi mərifətdən faydalanır, dünyanı əbədi səadətə çatmaq üçün vasitə bilir və saleh əməl dalınca gedirlər.

İlahi peyğəmbərlər və məsum imamlar dünya bər-bəzəyinə aldanmayan insanlardır. Bütün incəlikləri bəsirət gözü ilə müşahidə edən hal əhli xalqı qəflət yuxusundan oyatmaq üçün çoxlu nəsihətlər etmişlər ki, bu barədə düşünməyə dəyər.

Həzrət Əli (ə) buyurur: "Həzrət Zəhraya (ə) məxsus Fədək bağlarında işlədiyim vaxt Qureyş tayfasından olan gözəl bir qadın mənə yaxınlaşıb dedi: "Əgər mənimlə evlənmək istəsən, sənə gəlməyə razıyam. Sənə ehtiyaclarını aradan qaldırmaqda köməkçi olar, yerdəki xəzinələrin yolunu göstərər və səni dünyada sultanlığa çatdıraram.” Soruşdum: "Kimsən ki, səninlə evlənim?” Dedi: "Dünya.” Dedim, get özünə başqa bir ər axtar, çünki dünyaya üç dəfə talaq vermişəm və geriyə də yol yoxdur.”("Biharul-ənvar”, 70-84.)

Dünyanın hiylələrinə aldanan insan alnına əbədi həlakət damğası basmış, dünya və axirət faydalarından məhrum olmuşdur. Dünyaya rəğbət göstərməyən isə Allahın razılığı kimi bir xəzinəyə yol tapmışdır.

İmam Sadiq (ə) buyurur: "Allah-Taala dünyadan çəkinib, ona rəğbət göstərməyən kəsin qəlbinə hikmət vermiş, dilini açmış, dünyanın eyibləri, ondakı xəstəliklər və şəfasını görmək üçün qəlb gözünə işıq vermişdir və onu dünyadan sağ-salamat və nöqsansız əmin-amanlığa doğru aparacaqdır.”("Vəsailuş-şiə”, 16-10.)İmam Kazım (ə) buyurdu:

Loğman öz oğluna belə dedi: "Ey övladım! Doğrudan da dünya dərin bir dəryadır. Çox aləmlər onda qərq olmuşdur. Bu dəryada öz gəmini ilahi təqva, bu gəminin yükünü iman, yelkənini təvəkkül, sürücüsünü əql, yol göstərənini elm və mərifət, ləngərini (lövbərini) səbir qərar verəsən.”("Kafi”, 1-15.)

Həzrət Peyğəmbər (s) buyurur: "Dünyada bir qərib, bir yoldan ötən kimi ol və özünü qəbir əhli hesab et.”("Biharul-ənvar”, 70-99.)İmam Sadiq (ə) İbn Cündəbə deyir: "Əgər axirət evində Allaha yaxın və Firdövsə sakin olmaq istəyirsənsə dünyanı yüngül saymalısan.”("Tuhəful-uqul”, 303.)

Ayə və rəvayətlərdən məlum olur ki, dünya saleh əməl və axirət üçün istifadə olunarsa xeyirlidir. Dünyanın necəliyi insanın əqidəsindən asılıdır. Əgər insan dünyada iman, əxlaq, saleh əməl qazanırsa, bu dünya, heç şübhəsiz ki, faydalıdır. Günah qazanılan dünya isə insanın zərərinədir. Dünya ilə əlaqədə olmadan onun haqqında söz demək olmaz. Dünyanın necəliyi insanın dünya ilə əlaqəsinin keyfiyyətindən bəlli olur. İnsanı doğru yoldan uzaqlaşdıran dünya haqqında deyilir: "Pisliklər bir evdə toplanmışdır və bu evin açarı dünya məhəbbətidir.”

"Dünyaya daxil olmaq asan, ondan sağ-salamat çıxmaq isə olduqca çətindir.”

"Əgər axirət əbədi gil qab, dünya isə müvəqqəti qızıl cam olsaydı, axirəti seçmək lazım gələrdi. Halbuki, axirət əbədi qızıl qab, dünya isə müvəqqəti gil camdır.”

Əbu Hazim Məkki deyir: "Dünyadan çəkinin. Eşitmişəm ki, Qiyamət günü bəndə sorğuya çəkildiyi vaxt Allah-Taala belə nida edər: "Bu o bəndədir ki, Allahın kiçik saydığını böyük sayıb, Allahın düşmən tutduğunu dost tutub.”

Ardı var...

Əvvəli: http://ahlibeyt.az/news/a-11431.html

"Kumeyl duasının şərhi” ( Hüseyn Ənsarian) ixtisarla

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 İyul, 2022  10:18 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!