إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycan fəqihləri

Azərbaycan xalqı həmişə öz istedadı ilə seçilib və İslama, xüsusilə də şiəliyə böyük alimlər bəxş edib

Azərbaycan xalqı həmişə öz istedadı ilə seçilib və İslama, xüsusən şiəliyə böyük alimlər verib. Bu tək orta əsrlərə aid deyil. Elə Rus imperiyası dövründə də Azərbaycanlı gənclər vətənlərini tərk edib Nəcəfi-Əşrəfə elm dalıca gedirdilər. Beləki, Nəcəfdə böyük ad-san qazanmış Badkubeyi, Naxçıvani, Qarabaği və İrəvani soyundan olan fəqihlər indiyədək böyük ehtiramla yad edilirlər.

Nəinki Azərbaycanlı kişilər, həmçinin xanımlar da İslam elminə böyük xidmət göstəriblər. Məsələn, Ayətullahul-üzma Seyyid Əli İrəvani nənəsi, Ayətullahul-üzma Şeyx Payaninin anası bu cür alimələrdən idilər.

Ayətullah Yusif İrəvani, Ayətullah Əbdülməcid İrəvani, Ayətullah Hüseyn Lənkərani, Ayətullahul-üzma Əhməd Payani İranda İslam inqilabı zamanı İmam Xomeyninin yanında olub ona dəstək göstəriblər. Ayətullah Badkubeyi İmam Xomeynin fəlsəfə ustadı olub. Nəcəf alimlərindən olan Seyyid Mürtəza Naxçıvani isə İmam Xomeyni İraqda sürgündə olarkən onun xidmətində olub, burada ona dəstək veribdir.

İslam aləminin mərcəyi-təqlidi Ayətullahul-üzma Fazil Lənkərani də Azərbaycanın Lənkəran bölgəsindən olub. Alimin babası Boradigah kəndində yaşayıb və burada onun tikdiyi məscid fəaliyyət göstərir.

Azərbaycanda qalan müctəhidlər də həmişə dinə böyük şövqlə xidmət ediblər. Onlar, rus məmurlarının azərbaycanlıların arasında xristianlığın yayılmasına qarşı mübarizə aparırdılar. Buna görə də daim təqiblərə məruz qalırdılar. Məsələn Ayətullah Mirzə Əbdür-Rəhman Müctehid Qarabaği Qarabağ fəqihlərindən idi. Onun xalq arasında məşhurluğundan və ehtiramından qorxan rus məmurları alimi həbs etdirir daha sonra sürgün edirlər. Ayətullan haçı Şeyx Əli Əsğər İrəvani isə ruslara qarşı müharibədə iştirak etdikdən sonra İrana köçməli olur. Ayətullan Hacı Molla Mirzə Əhməd Müçtehid Şirvani isə Qafqaz əhalisini ruslara qarşı cihada dəvət edirdi. Öz zəmanəsində (XIX əsrin birinci yarısı) Qafqazda böyük nüfuz sahibi olan bu müctəhid rus imperiyasını lərzəyə salır. Artıq onun özü ilə fiziki mübarizə apara bilməyən ruslar İran şahı Fəth Əli şaha yazırlar ki, müctehidi mübarizədən çəkindirsin. İran şahı bu cür məktub yazaraq, alimdən xahiş edir ki, camaatı cihada dəvət etməsin, əks təqdirsə bütün İran zərbə altına düşə bilər. Alim bu məktubu oxuduqdan sonra təəssüblənir, öz vəsiyyətini edir və sübh namazında səcdə halında dünyasını dəyişir. Belə alimlərin sayı çıxdur.
 
Sovet dövründə isə kommunidtlərin dinsizlik siyasətinə qarşı üsyan edənlər də məhz müctəhidlərimiz olub. Onların taleyi olduqca acınacaqlı idi. O zamanlar müctəhid və alimlər Bibi-Heybət ziyarətgahının ətrafında yaşayırdılar. Buna görə də buradakı qəsəbəyə  “Şıxlar”, yəni “şeyxlər” deyərdilər. Kommunistlər bir gecənin içində həmin alimləri gəmiyə mindirib dənizə apardılar. Səhəri günü Bibi-Heybətin sahili əmmamələrlə dolu idi. Şəhid Şeyx Hənifə Badkubeyi, Şəhid Şeyx Əbdülqəni Badkubeyi, Şeyx Mehdi, Ayətullah Əli Lənkərani kimi böyük alimlər Qafqazda kommunistlərə qarşı qiyama başçılıq edirlər. Onlardan bəziləri 30-cu illərdə şəhadətə yetirilir, bəziləri Sibirə və Orta Asiyaya sürgün edilir, bəziləri isə ölkədən qaçaraq İrana və İraqa köç edirlər.

Ayətullah Şəhid Şeyx Əbdülqəni Badkubeyinin qiyamı barədə ümumiyyətlə dərsliklərdə yazmırlar, sanki onun adını tarixdən pozmaq istəyirlər. Hərçənd ki, Nəcəf alimlərindən olan bu müctəhid zəmanəsi üçün böyük qəhrəmanlıq göstərib. Sovetlər dövlətinin dinə qarşı ən sərt mübarizə apardığı illərdə o Bakıda müctəhid və tələbələri toplayıb qiyam arzusunu ifadə edir. Bu barədə səs-səda Azərbaycanın digər məntəqələrinə yayılır və müxtəlif məntəqələrdən Bakıya axın başlayır ki, kommunistlərə qarşı qiyama dəstək versinlər. Bundan xəbər tutan kommunistlər qiyam başçılarını həbs edirlər və onlara zindanda işgəncə verdikdən sonra 1930-cu ildə şəhadətə yetirirlər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Oktyabr, 2009  01:12 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!