إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

31 Mart - Azərbaycanlılara qarşı törətdilən soyqırımından 103 il ötür

Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım düşünülmüş şəkildə genişmiqyaslı qanlı aksiyalar nəticəsində yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, minlərlə azərbaycanlını böyük qəddarlıqla qətlə yetirmişlər. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə insan evindən-obasından didərgin düşmüşdur.

Ahlibeyt.az-ın  məlumatlına görə,Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir.

1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib.

Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.

Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub.

Soyqırım siyasətini həyata keçirmək üçün IV-XIX əsrlər ərzində öz dövlətlərinə malik olmayan ermənilər "Böyük Ermənistan" dövlətini yaratmaq üçün Rus imperiyasının siyasətindən alət kimi istifadə etmişdilər.

Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir.

Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırım da tarixin açılmamış səhifələrindən biridir.

"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarlar 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki qədim Azərbaycan torpaqlarını əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi.

Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edildi.Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb Bakının böyük bir hissəsini xarabalığa çevirdilər.

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət ayrıldı. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə istintaq komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci il mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ümummilli Matəm Günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırım və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.

Erməni millətçilər öz havadarlarının köməyi ilə 1950-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar.

XX əsrin əvvəlində əhalisinin əksəriyyəti azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulurdu. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilirdi. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməmiş qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verirdi.

Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılırdı. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalırdı.

Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradırdı. Xalqımıza qarşı aparılan soyqırım siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılırdı.

1992-ci ilin fevral ayında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməmiş divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi.

Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkatın nəticəsi olaraq, bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarlar tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınıb çadırlarda yaşamağa məhkum edilmişdi. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid oldu, xəsarət aldı.

Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqların zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilib.

Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq, soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Mart, 2021  10:00 Çap

Bu bölmədə


© 2021 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com