إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Fitr bayramınız mübarək - Bayram namazının qılınma qaydası

Ramazan Bayramınız Mübarək

Mübarək Ramazan ayı sona çatdı.Şəvval ayının ilk günü günü Fitr bayramı qeyd olunur.

Ahlibeyt.az-ın məlumatına görə, artıq Şəvval ayının hilalı müşahidə edilib və may ayının 24-ü Azərbaycanda mübarək Ramazan bayramı qeyd olunacaq.

Bu il ölkə ərazisində koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilən tədbirlər planı çərçıvəsində məscid və ziyarətgahlarda kütləvi tədbirlərin, fərdi ibadətlərin və camaat namazlarının qılınması müvəqqəti olaraq təxirə salınmışdır.Bu səbəbdən Fitr bayramı namazı məscid və ziyarətgahlarda deyil fərdi qaydada evlərdə qılınacaq.

Bu namaz gün çıxandan zöhr azanına qədər qılınmalıdır və bayram namazı vacib ibadət deyil.

Fitr bayramı müsəlmanlar üçün olduqca mühüm bir gündür. Bu bayram bir ay orucdan, Allahla raz-niyaz və münacatdan, ibadət və itaətdən sonra ilahi mükafata yiyələnmək günüdür. Odur ki, həmin gün bir tərəfdən sevinc və şadlıq günüdür.Hər bir oruc tutan müsəlman həm ilahi vəzifəsini yerinə yetirdiyi üçün xoşhaldır,həm Allah tərəfindən mükafatlandırılma və qiymətləndirilmə günü olduğundan nigarandır -Görəsən bir aylıq əməllərimiz Allah dərgahında nə qədər qəbul olunmuşdur?!

İmam Baqir (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu nəql edir: “Şəvval ayının ilk günü çatdıqda, ilahi carçı nida edər: “Ey möminlər, mükafatlarınızı almaq üçün tələsin.” Sonra imam Baqir (ə) buyurur: “Allahın mükafatları şahların mükafatları kimi deyil!” (Yəni Allahın mükafatları böyük və mənəvidir, “ilahi razılıq” mükfatların ən alisidir.) İmam (ə) sonda buyurur: “Şəvval ayının birinci günü mükafatların qəbulu günüdür.”

Nəql olunur ki, imam Həsən (ə) Fitr bayramı günü bir qrup adamın deyib-güldüyünü gördükdə buyurdu: “Allah Ramazan ayını bəndələri üçün müsabiqə ayı qərar verib. Bu ayda bəndələr ibadətləri ilə bir-birini ötməyə çalışarlar. Xeyir əməl sahibləri öndə gedib savaba çatdığı zaman, geridə qalıb əylənənlərə təəccüb edirəm! And olsun Allaha, pərdələr qaldırılsa, salehlərin savaba, azğınların isə cəzaya çatdığı aydın olar.”

Fitr bayramı gününün bir sıra əməlləri var ki, əziz möminlərin diqqətinə çatdırırıq:

1. “Sübh” və “Fitr bayramı” namazlarından sonra aşağıdakı zikri tərkrar-təkrar oxumaq:

اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ وَ لِلَّهِ الْحَمْدُ الْحَمْدُ لِلَّهِ عَلَى مَا هَدَانَا وَ لَهُ الشُّكْرُ عَلَى مَا أَوْلانَا

Duanın oxunuşu: Əllahu-əkbəru əllahu-əkbər, la ilahə illəllahu vəllahu əkbər, əllahu-əkbər və lillahil həmd, əlhəmdu lillahi əla ma hədana və ləhuş-şukru əla ma əvlana.

Duanın tərcüməsi: Allah böyükdür. Allah böyükdür. Allahdan başqa heç bir tanrı yoxdur və Allah böyükdür. Allah böyükdür. Həmd Allaha məxsusdur. Həmd olsun o Allaha ki, bizi hidayət etdi. Bizi bağışladığına görə şükür olsun Ona!

2. Fitr bayramı namazından öncə fitrə-zəkatını çıxarmaq; hər adam başına buğda, arpa, хurma, kişmiş, düyü və qarğıdalı kimi öz məntəqəsində adi qida növlərindən 1 “sa” (təqribən 3 kq) fitrə cıxarmaq vacibdir. Əgər оnların hər hansının pulunu versə də kifayətdir. Bu, Ramazan ayının qəbul şərtlərindəndir və gələn ilə qədər insanın bəlalardan qorunmasına səbəb olur.

3. Qüsl etmək; onunu vaxtı dan yeri söküləndən bayram namazı qılınan vaxta qədərdir.

4. Təmiz libaslar geyinmək, gözəl ətirlərdən istifadə etmək və namaz qılmaq üçün məscidə getmək;

5. Bayram namazından qabaq yaxşı olar ki, xurma, ya şərbətlə iftar edilsin. Şeyx Müfid yazır ki, bütün dərdlərə şəfa olan imam Hüseynin (ə) türbətindən azacıq yemək müstəhəbdir.

Bayram namazının qılınma qaydası

Bayram namazı gün çıxandan zöhr azanına qədər qılınmalıdır.

Əsrin imamının (ə) qeybdə olduğu dönəmdə bu namazı qılmaq müstəhəbdir. Bu namazı həm camaatla, həm də fərdi şəkildə qılmaq olar və o iki rükətdir:

Birinci rükətdə “Həmd” və “surə” oxunduqdan sonra beş təkbir deyilir və hər təkbirdən sonra bir qunut tutulur. Beşinci qunutdan sonra növbəti təkbir deyilir, ardınca rüku və səcdələr yerinə yetirilir.

İkinci rükətdə isə dörd təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur. Beşinci təkbirdən sonra rüku və səcdələr yerinə yetirilir. Təşəhhüd və salamla namaz başa çatır. Namaz qurtardıqdan sonra xanım Fatimeyi-Zəhranın (s.ə.) “təsbihatı” deyilir, möminlər haqda dua edilir.

Bu namazın qunutunda istənilən duanı oxumaq olar. Amma daha yaxşı olar ki, bu dua oxunsun:

اللَّهُمَّ أَهْلَ الْكِبْرِيَاءِ وَ الْعَظَمَةِ وَ أَهْلَ الْجُودِ وَ الْجَبَرُوتِ وَ أَهْلَ الْعَفْوِ وَ الرَّحْمَةِ وَ أَهْلَ التَّقْوَى وَ الْمَغْفِرَةِ أَسْأَلُكَ بِحَقِّ هَذَا الْيَوْمِ الَّذِي جَعَلْتَهُ لِلْمُسْلِمِينَ عِيدا وَ لِمُحَمَّدٍ صَلَّى اللَّهِ عَلَيْهِ وَ آلِهِ ذُخْرا وَ شَرَفا وَ کَرامَتاً وَ مَزِيدا أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تُدْخِلَنِي فِي كُلِّ خَيْرٍ أَدْخَلْتَ فِيهِ مُحَمَّدا وَ آلَ مُحَمَّدٍ وَ أَنْ تُخْرِجَنِي مِنْ كُلِّ سُوءٍ أَخْرَجْتَ مِنْهُ مُحَمَّدا وَ آلَ مُحَمَّدٍ صَلَوَاتُكَ عَلَيْهِ وَ عَلَيْهِمْ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ خَيْرَ مَا سَأَلَكَ مِنْهُ عِبَادُكَ الصَّالِحُونَ وَ أَعُوذُ بِكَ مِمَّا اسْتَعَاذَ مِنْهُ عِبَادُك الْمُخْلصُونَ

 

Duanın oxunuşu: Əllahummə əhləl kibriyai vəl əzəməh, və əhləl cudi vəl cəbərut, və əhləl əfvi vər-rəhməh, və əhlət-təqva vəl məğfirəh, əs`əlukə bihəqqi hazəl yəvm, əlləzi cəəltəhu lilmusliminə iyda, və li Muhəmmədin səlləllahu ələyhi və alih, zuхrən və şərəfən və kəramətən və məzida, ən tusəlliyə əla Muhəmmədin və ali-Muhəmməd, və ən tudхiləni fi kulli хəyrin ədхəltə fihi Muhəmmədən və alə-Muhəmməd, və ən tuхricəni min kulli suin əхrəctə minhu Muhəmmədən və alə-Muhəmməd, sələvatukə ələyhi və ələyhim. Əllahummə, inni əsəlukə хəyrə ma səələkə bihi ibadukəs-salihun və əuzu bikə mimməstəazə minhu ibadukəl-muхləsun

Duanın tərcüməsi: İlahi, Sən calal və əzəmət, bəxşiş və qüdrət, əfv və rəhmət, təqva və məğfirət sahibisən! Səndən istəyirəm ki, müsəlmanlar üçün bayram və Mühəmməd (Allahın salamı olsun ona və Əhli-beytinə) üçün zəxirə, şərəf və yüksək məqam təyin etdiyin bu günə xatir, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam göndərəsən, Mühəmməd və Mühəmmədin Əhli-beytini daxil etdiyin hər bir xeyir və səadətə məni də daxil edəsən, Mühəmməd və Mühəmmədin Əhli-beytini (Allahın salamı olsun ona və onlara) çıxartdığın hər bir şərdən məni də çıxarasan! İlahi, mən Səndən saleh bəndələrinin Səndən istədiklərini istəyir, saleh və xalis bəndələrinin Sənə sığındıqları ilə Sənə sığınıram!(“Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Şəvval ayının əməlləri” bölümü.)

Qeyd edək ki, QMİ qazilər şurasının fətvasına əsasən ölkəmizin üfüqünə uyğun olaraq Ramazan bayramı may ayının 24-nə təsadüf edir. Həmçinin mərcəi təqlid müctehidi Ayətullah Xameneinin bu axşam ofisi  açıqlama yayıb. Açıqlamada qeyd edilir ki, şəvval ayının hilalı müşahidə edilib və bazar günü 24 may Şəvval ayının birinci günü - Fitr Bayramıdır. Azərbaycan və İranın üfüqü eyni olduğundan hər iki ölkədə bayram sayılır.

Xatırladaq ki, Ayətullah Seyyid Əli Sistani ayın teleskopla görülməsini yetərli bilmədiyi üçün bayram elanı verməyib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 May, 2020  22:27 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!