إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bakıda “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda konfrans keçirilib

Oktyabrın 30-da Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə "Dini təhsil, dini tərbiyə və dünyəvilik" mövzusunda konfrans keçirilib.

Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, tədbirdə Bakı şəhərinin Yasamal, Səbail və Nəsimi rayonlarının ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, “Həyat bilgisi” fənnini tədris edən müəllimləri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, DQİDK müxtəlif dövlət qurumları ilə birgə respublikamızda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, xalqımızın zəngin tolerantlıq mədəniyyətinin qorunması, dini radikalizm və ekstremizmə qarşı effektiv mübarizənin aparılması məqsədilə müxtəlif səpkili tədbirlər keçirir. Dövlət Komitəsi digər dövlət qurumları ilə yanaşı, Təhsil Nazirliyi ilə də sıx əməkdaşlıq edir, xüsusilə təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması istiqamətində birgə fəaliyyət göstərir. Bu əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətinə toxunan G. İsmayılov ümumtəhsil məktəblərində milli-mənəvi, o cümlədən dini dəyərlərimizlə bağlı biliklərin daha da dərinləşdirilməsinə ehtiyac olduğunu qeyd edib. O, uşaqlar və gənclərin dinlə bağlı məlumatların etibarlı mənbədən almalarının vacibliyini vurğulayıb. Sədr müavini dini biliklər deyildikdə əsasən bütün dinlərin, müqqəddəs kitabların mahiyyətinin, eləcə də dini radikalizm haqqında məlumatların nəzərdə tutulduğunu bildirib. G.İsmayılovun sözlərinə görə, gənclərə lazımi dini biliklərin sistemli şəkildə verilməməsi onların dini radikalizmin, xurafatın təsirinə düşmə ehtimalını artırır.

Sədr müavini “Həyat bilgisi” fənni daxilində dinlər barədə biliklərin verilməsi istiqamətində atılan addımların əsas məqsədinin hər kəsdə zərərli dini təbliğata qarşı “immunitet” formalaşdırmaq olduğunu söyləyib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov çıxışında gənclərimizin milli-mənəvi dəyərlərimizin əsasında tərbiyə olunmasının vacibliyinə diqqət çəkib. O, qloballaşma adı altında milli-mənəvi dəyərlərimizin sıxışdırılmasının onun məhvinə gətirib cıxara biləcəyini qeyd edib. Yüksək nailiyyətlərə, mütərəqqi dəyişikliklərə yol açsa da, bu prosesin tarixi-mədəni irsə, əxlaqi-mənəvi dəyərlərə müəyyən təhlükə meyilləri yaratdığını bildirib. Milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə sintez edilməsinin əhəmiyyətinə toxunan H.Əsgərov vurğulayıb ki, milli özünüdərk ailədə uşaqların tərbiyəsindən başlayaraq orta məktəblərdə daim diqqət mərkəzində saxlanılmalıdır.

Təqdimatla çıxış edən DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov isə dinin cəmiyyətdəki funksiyaları barədə danışıb. R.Əsgərov, eyni zamanda cəmiyyətimiz üçün real təhlükə olan dini fanatizm, dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları barədə məlumat verib.

Konfrans müzakirələrlə davam edib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Oktyabr, 2018  10:27 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!