إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycan Ordusu şəhid verib

Sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində isə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Müdafiə nazirliyi mətbuat xidmətinin məlumatında bildirilir:

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində və Ermənistanla dövlət sərhədi istiqamətində vəziyyət düşmən tərəfindən məqsədyönlü şəkildə getdikcə daha da gərginləşdirilir.

Son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması hallarının artması, təmas xəttinə yaxın yaşayış məntəqələrimizin, mülki əhalinin və infrastrukturun müntəzəm atəşə tutulması, daha iriçaplı silahlardan istifadə olunması, mövqelərimizə qarşı keçirilən kəşfiyyat-təxribat fəaliyyətləri, o cümlədən pilotsuz uçuş aparatlarının (PUA) geniş tətbiqi cəbhədə vəziyyətin ciddi kəskinləşməsinə səbəb olub.

Bütün hallarda Azərbaycan Ordusunun qoşun növlərinin tətbiqi ilə düşmən təxribatlarının qarşısı alınıb və o, ağır itkilərə məruz qalıb. Belə ki, dünən gecə saatlarında Hava Hücumundan Müdafiə bölmələrimizin fəaliyyəti nəticəsində düşmənin daha bir taktiki PUA-sı məhv edilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir! Bəyan edirik ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ermənistan tərəfinin növbəti təxribatı ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidməti açıqlama yayımlayıb:

Ermənistan XİN-in bölgədə sülh və regional təhlükəsizliyin təminatından bəhs edən ən son açıqlaması və bu ölkənin Xarici İşlər nazirinin münaqişənin sülh yolu ilə həllinə çağırış edən bəyanatının ardınca bu qanlı təxribatın törədilməsi Ermənistan rəhbərliyinin əsl niyyətinin sülh yox, təcavüzün davam etdirilməsi olduğunun bariz nümayişidir.

Düşmən qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində törətdiyi bu qanlı cinayətin bütün məsuliyyətini Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır.

Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyaraq, dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidimizə Allah rəhmət eləsin!

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Sentyabr, 2020  12:25 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!