إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Ahlibeyt.az Azərtac-a istinadən verdiyi xəbərə görə, Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəlmişdilər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu.

Azərbaycanın dövlət himni səsləndi.

Dövlətimizin başçısı İlham Əliyev və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoydular.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş Nazir Əli Əsədov, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev və digər rəsmi şəxslər iştirak ediblər.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 16 il ötür.

Tarix dahi insanların ideyalarının və əməllərinin üzərində qərar tutur. Ulu öndər Heydər Əliyevin də ömür yolu, əslində, Azərbaycanın bir qərinəlik tarixidir. O tarix ki, uzun illər boyu Azərbaycan mühitinin, Azərbaycan həyatının ayrılmaz parçası olub. Onun yazdığı tarix qurtuluş, inkişaf, milli tərəqqi salnaməsinə çevrilib. Heydər Əliyev milli dövlətçiliyimizin banisi, müstəqilliyimizin rəmzidir.

İstedadlı insanlar, böyük şəxsiyyətlər üçün zaman və məkan məhdudiyyəti yoxdur. Onlar heç bir zaman və məkana sığmırlar. Bu, əsrlərin sınağından çıxan və öz təsdiqini tapan bir fikirdir. Zaman onu da sübut edir ki, dünyanın tarixi böyük şəxsiyyətlərin tərcümeyi-halıdır. Heydər Əliyevin tərcümeyi-halı isə Azərbaycan tarixidir. Çünki onun hakimiyyətdə olduğu illərdə Azərbaycana bəxş etdiklərini tarix boyunca heç bir hakimiyyət sahibi etməyib. O, Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi qalıb. Çünki o, Azərbaycanı dünyaya tanıdıb, dünyanı Azərbaycana gətirib. O, Azərbaycanı qorumaq üçün yaşayıb, Azərbaycanı yaşatmaq üçün qurub-yaradıb. Heydər Əliyevin parlaq dühası onu Azərbaycan xalqının ümummilli liderinə, üstəlik dünya siyasətinin nəhənglərindən birinə çevirib. Odur ki, Azərbaycan xalqı bu böyük övladı ilə haqlı olaraq fəxr edir.

“Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub”, - deyən Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya məmləkətləri sırasında layiqli yerə çıxarıb. O, keçmiş SSRİ-nin ən nüfuzlu siyasətçilərindən biri idi. Bu səbəbdən də “Azərbaycan sənin üçün kiçikdir, sən ittifaqa lazımsan”, - deyə onu Moskvaya dəvət etdilər. Amma burada o, həm də onu gözü götürməyən məkrli qorbaçovların xəyanətinə tuş gəldi, Vətəninə döndü. Bu qayıdış isə daha möhtəşəm oldu. Ümidlə, inamla yolunu gözləyən xalqının arzusu ilə yenidən hakimiyyətə gəldi. Milyonları öz ətrafında, bir bayraq altında birləşdirə bildi. Sözünün qüdrəti ilə hər kəsi inandırdı. Əməlləri ilə sözünü gerçəyə çevirdi.

Azərbaycan dövlət quruculuğu prosesini sürətlə keçdi. Çünki ulu öndər Heydər Əliyevin yaratdığı təməl prinsiplər düzgün yerinə yetirilmişdi. Dahi siyasi xadimin xidmətləri sayəsində dövlətçilik, azərbaycançılıq, dünyəvilik, müasirlik kimi ideyalar cəmiyyətin dünyagörüşü sisteminin ayrılmaz hissəsinə çevrildi, müasir Azərbaycanın mövcudluğunun və inkişafının ideya əsasını təşkil etdi. Heydər Əliyev öz fəaliyyəti ilə Azərbaycanda demokratik cəmiyyətə keçid mexanizmini yaratdı, müstəqil və demokratik cəmiyyət formalaşdırmaq kimi tarixi missiyanın öhdəsindən uğurla gəldi. Ulu Öndər güclü dövlət, səmərəli iqtisadiyyat və azad insan amillərinə əsaslanan konsepsiyası ilə müstəqil Azərbaycanın tarixində qızıl səhifələr yazdı. Heydər Əliyevin quruculuq salnaməsi azərbaycanlıların həyatına birdəfəlik daxil oldu. Onun Azərbaycana rəhbərlik illəri milli intibah dövrü kimi əbədiləşdi.

Meydana silahsız gələn bu insan qüdrətli Azərbaycan Ordusu yaratdı, cəbhədə atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, ölkəmizdə böyük neft erasının əsasını qoydu. Azərbaycanın müasir tarixində misilsiz işlərə imza atdı. Heydər Əliyev dövrü Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, təhsilinin qızıl dövrünə çevrildi. Türk dünyasının bu böyük oğlu güclü dövlətçilik məktəbi də yaratdı. Heydər Əliyev ən mürəkkəb ziddiyyətli tarixi proseslərin gərdişindən bacarıqla baş çıxaran, ən çətin vəziyyətlərdə belə təmkinini itirməyən və dünyadakı geosiyasi dəyişiklikləri realistcəsinə qiymətləndirib mənsub olduğu xalqın, ölkəsinin mənafeyini praqmatik ağılla və təcrübəsi ilə dəqiqliklə hesablayan bir lider idi. Odur ki, Azərbaycan müstəqil siyasət yürütmə prinsiplərinin bərqərar olduğu güc mərkəzinə çevrilib. Dünya birliyində hörmət və ehtiram ünvanına çevrilən ölkəmiz beynəlxalq aləmdə dostluq, tərəfdaşlıq və qardaşlığın mühüm nümunəsi kimi tanınır və sözün əsl mənasında, tam müstəqil ölkəyə çevrilib. Dahilik intellektin fövqəladə böyüklüyüdür. Heydər Əliyev isə özünün qeyri-adi intellektini yalnız xalqa, dövlətə və Vətənə xidmətə həsr etdi. Ona görə də müasir müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir.

Qeyd edək ki, Heydər Əliyevin vəfatından 16 il keçir.

1

1

1

1

 

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Dekabr, 2019  10:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!