إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 7-ci sammiti başa çatıb.

Ahlibeyt.az  tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş naziri Viktor Orban və Qazaxıstanın birinci prezidenti-elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev iştirak edir.

Zirvə görüşü Türk Şurasının yaradılması haqqında Naxçıvan sazişinin (3 oktyabr 2009) imzalanmasının 10 illiyinə həsr edilib. O vaxt sazişi Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan liderləri imzalayıblar.

Azərbaycanın paytaxtında Özbəkistanın təşkilata daxil olması ilə bağlı rəsmi qərar qəbul edilib,  bir sıra sənədlərin imzalananıb və Budapeştdə Türk Şurasının Avropa ofisinin fəaliyyətinə dair qərar qəbul edilib.

AZƏRTAZ-ın verdiyi məlumata görə, Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib.

Əvvəlcə dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

Zirvə Görüşünü açan Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV dövlət və hökumət başçılarını salamlayaraq dedi:

-Hörmətli Nursultan Abişeviç.

Hörmətli dövlət və hökumət başçıları.

Xanımlar və cənablar.

Mən sizin hamınızı səmimiyyətlə salamlayır və Azərbaycana “Xoş gəlmisiniz!” deyirəm.

Qırğız Respublikasının Prezidenti Sooronbay Şaripoviç Jeenbekova ötən dövr ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurlu sədrliyinə görə minnətdarlığımı bildirirəm. Qazaxıstanın birinci Prezidenti, bizim ağsaqqalımız Nursultan Abişeviç Nazarbayev Türk Şurasının fəxri sədri statusunda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edir. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü və Türk Şurasının üzv ölkələrinin prezidentlərinin birgə qərarı ilə hörmətli Nursultan Abişeviçə Türk Şurasının fəxri sədri adı verilmişdir. Nursultan Nazarbayevin türk dünyasında əlaqələrin inkişafı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasında böyük xidmətləri vardır.

Özbəkistan Respublikasını Türk Şurasına üzv olması münasibətilə səmimi qəlbdən təbrik edirəm. Hörmətli, Şavkat Miromonoviç Mirziyoyevə bu müdrik qərarına görə təşəkkür edirəm. Özbəkistanın bu qərarı türk dünyasında birlik və həmrəyliyin daha da güclənməsinə, əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edəcək.

Macarıstanın Türk Şurası ilə əməkdaşlığının genişlənməsi məmnunluq doğurur. Burada Macarıstanın Baş Naziri cənab Viktor Orbanın şəxsən rolunu xüsusi qeyd etmək istərdim. Ötən ay Budapeştdə Türk Şurasının nümayəndəliyinin ofisi fəaliyyətə başlayıb. Ümidvaram ki, bu ofis Şuranın Avropa ölkələri və regional təşkilatlarla əlaqələrinin inkişafına təkan verəcək.

Daha sonra Qırğızıstan rezidenti Sooronbay Şaripoviç Jeenbekovun təşkilatın fəaliyyəti və gələcək planları barədə barədə çıxış edib. Qırğızıstan dövlət başçısı çıxışın sonunda bildirib:

Hörmətli həmkarlar, mən təşkilatımızda sədrliyi Azərbaycan Respublikasına verirəm. İlham Heydər oğlunun iqtisadi islahatları və investisiyaların cəlb edilməsi siyasəti artıq öz bəhrəsini verir. Bu gün Azərbaycan dünya siyasətində xüsusi və mühüm yer tutur. Biz qardaş Azərbaycanın uğurları barədə bütün xəbərləri sevinclə qarşılayırıq. İnanıram ki, Azərbaycanın sədrliyi ilə iqtisadiyyatın, ticarətin, investisiyaların və digər sahələrin inkişafı üzrə əməkdaşlıq daha da güclənəcək. Mən inanıram ki, Azərbaycanın sədrliyi səmərəli olacaq. Fikrimcə, bizim daha da inkişaf etmək üçün çox böyük imkanlarımız var. Əgər biz bütün potensialımızdan və imkanlarımızdan istifadə etsək, ölkələrimizin əməkdaşlığı əhalinin həyat şəraitini yaxşılaşdıracaq. İndi isə çıxış üçün mənim qardaşım və dostum – Azərbaycan Respublikasının Prezidenti, Türk Şurasının yeni sədri cənab İlham Heydər oğlu Əliyevə söz vermək istəyirəm.

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşündə çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı:

- Təşəkkür edirəm, hörmətli Sooronbay Şaripoviç.

Hörmətli həmkarlar.

Qırğızıstandan Türk Şurasına sədrliyi qəbul edən Azərbaycan bu müddət ərzində ölkələrimiz arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi istiqamətində öz səylərini göstərəcəkdir. Bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.

Türk Şurasının VII Zirvə Görüşü Naxçıvan Sazişinin imzalanmasının onuncu ildönümünə təsadüf edir. 2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə Görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir.

Ötən on il ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçib. Şura ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayır. Türk Şurasının mötəbər beynəlxalq təşkilatlarla əlaqələri genişlənir. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq mövcuddur. TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqi, maddi və mənəvi dəyərlərimizin dünya səviyyəsində təbliğində əhəmiyyətli rol oynayır.

Mənim Sərəncamımla 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan olunub. Bu günlərdə növbəti Nəsimi festivalı təntənəli şəkildə keçirilib. Təqdirəlayiq haldır ki, TÜRKSOY dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə 2019-cu ili “Nəsimi ili” elan edib.

Türkdilli Ölkələrin Parlament Assambleyası uğurla fəaliyyət göstərir və bir neçə parlamentlərarası təşkilatlarla sıx əməkdaşlıq edir. Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman kimi sahələrdə birgə fəaliyyətimiz xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir.

Zirvə görüşlərimiz ənənəvi olaraq əməkdaşlığımızın müxtəlif sahələrini əhatə edən mövzulara həsr olunur. Builki tədbirimizin “Kiçik və orta sahibkarlığın inkişafı” adlanan mövzusu mühüm aktuallıq kəsb edir. 2017-ci ildə Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Agentliyin yaradılmasında məqsəd kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsidir. Ölkə daxilində və xaricində geniş fəaliyyət imkanlarına malik güclü sahibkarlar sinfi formalaşıb. Sahibkarlığın İnkişafı Fondu tərəfindən indiyədək 36 min sahibkara 1,4 milyard ABŞ dolları həcmində güzəştli kredit ayrılıb. 2018-ci ildə özəl sektorun ölkəmizin ümumi daxili məhsulunda payı 85 faiz təşkil edir.

Son 16 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb. Ölkəyə 270 milyard dollardan çox sərmayə qoyulub ki, bunun yarısı xarici sərmayədir. Azərbaycan xarici borcu az olan dövlətdir. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada doqquzuncu yerdəyik.

İqtisadi sahədə aparılmış islahatlar beynəlxalq təşkilatlar tərəfindən də təqdir olunur. Dünya Bankının 2020-ci il üzrə “Doing Business” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Belə ki, Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayəsi 15 milyard ABŞ dolları, Türkiyənin Azərbaycan iqtisadiyyatına qoyulan sərmayəsi isə 12 milyard ABŞ dolları təşkil edir.

Tarixən qədim İpək Yolunun üzərində yerləşən ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq təbii ki, əsas istiqamətlərdən biridir. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. 2017-ci ilin oktyabr ayında istifadəyə verilmiş Bakı-Tbilisi–Qars dəmir yolu tarixi İpək Yolunun bərpasına bizim müştərək töhfəmizdir. Bakı Beynəlxalq Dəniz Limanı 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malikdir. Ehtiyac olduğu təqdirdə limanın yükaşırma qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteynerə kimi artırıla bilər. Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir. 2018-ci ildə türkdilli ölkələrdən 8 milyon ton yük Azərbaycan vasitəsilə daşınıb.

Biz enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət veririk. Azərbaycan bu sahədə də öz imkanlarını təqdim edir. Mərkəzi Asiyadan olan tərəfdaşlarımızın enerji resurslarının bir hissəsi Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir.

Biz ölkələrimizə xaricdən turistlərin cəlb edilməsi və ölkələrimiz arasında turist axınını təşviq etmək üçün səylərimizi artırmalıyıq. 2019-cu ilin doqquz ayında Azərbaycana, ümumilikdə, 2 milyon 400 min turist səfər edib ki, onlardan 330 mini türkdilli ölkələrin payına düşür. 2018-ci ilin eyni dövründə isə bu rəqəm 285 min idi.

Ölkələrimiz arasında təhlükəsizlik sahəsində əməkdaşlıq genişlənir. Ötən ay Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 22-ci iclası Bakıda keçirilib. Ölkələrimizin təhlükəsizliyinin möhkəmləndirilməsi və regional sabitliyin təmin olunması baxımından bu sahədə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.

Bildiyiniz kimi, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur. Ermənistan 30 ilə yaxındır ki, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. İşğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-mədəni irs, İslam abidələri və məscidlərimiz dağıdılıb və məhv edilib.

Ermənistan çalışır ki, müsəlman ölkələri ilə sıx əməkdaşlıq qursun. Ancaq dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz. Dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini nümayiş etdirir.

Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qəbul edilib. Bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycan torpaqlarından qeyd-şərtsiz və tam çıxarılması birmənalı olaraq tələb edilir. Eyni zamanda, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatlar buna oxşar qərar və qətnamələr qəbul ediblər. Ermənistan bu qətnamə və qərarların tələblərinə məhəl qoymur, beynəlxalq hüquqi öhdəliklərinin icrasından boyun qaçırır.

Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşlərinin yekun bəyanatlarında da dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək davamlı olaraq təsbit edilir. Fürsətdən istifadə edərək, mən Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllini dəstəkləyən tərəfdaşlarımıza təşəkkür edirəm.

Azərbaycan bu gündən Türk Şurasına sədrliyi öz üzərinə götürür. Sizi əmin edirəm ki, Azərbaycan təşkilata sədrliyi dövründə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylərini davam etdirəcək.

Diqqətinizə görə təşəkkür edirəm.

Prezident İlham Əliyev Türk Dünyasının Ali Ordenini Nursultan Nazarbayevə təqdim edib.

Qazaxıstanın birinci Prezidenti və Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev görüşdə çıxış etdi.

N.Nazarbayev təşkilatın yaranması, fəaliyyəti və gələcək planlarından bəhs edərək bildirib ki,Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını təşkilat səviyyəsinə qədər yüksəltmək olar:

"Beləliklə, əgər bizim Şuramız təşkilata çevrilsə, bizim qurumumuzu türkdilli deyil, Türk Dövlətləri Təşkilatı adlandırmaq olar. Biz bilirik ki, vahid köklərə malikik, amma ötən əsrlər ərzində, ötən dövr ərzində bizim ölkələrimiz öz yollarını dəyişiblər. Köklərimiz eynidir, türk dövlətləri adlandırmalıyıq.

Hörmətli görüş iştirakçıları, türk inteqrasiyasının möhkəmləndirilməsi və inkişafı yolunda əməyimi yüksək qiymətləndirməyiniz mənim üçün böyük şərəfdir. Ümid edirəm ki, biz gələcəkdə də sizinlə birlikdə yeni zirvələr fəth edəcəyik və mən bu yolda sizə kömək etməyə və dəstək göstərməyə həmişə hazıram. Diqqətinizə və mənə göstərdiyiniz hörmətə görə təşəkkür edirəm."

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşdə çıxış etdi.

Prezident Rəcəb Tayyib Ərdoğanın

çıxışı

- Hörmətli prezidentlər.

Hörmətli qurucu Prezident.

Hörmətli Baş Nazir.

Hörmətli nazirlər, əziz qardaşlarım.

Sizi ən səmimi hisslərimlə, məhəbbətlə və hörmətlə salamlayıram. Türk Şurasının VII Zirvə Görüşü ilə əlaqədar “Odlar Yurdu” can Azərbaycanın paytaxtı Bakıda olmaqdan böyük məmnunluq duyuram.

Zirvə toplantısına ev sahibliyi edən İlham Əliyev qardaşıma qonaqpərvərliyinə görə təşəkkürümü bildirirəm.

Fürsətdən istifadə edərək, Türk Şurasına sədrliyi ötən il uğurla öz üzərinə götürən möhtərəm qardaşım Prezident Jeenbekovu təbrik edirəm.

Naxçıvan Sazişinin onuncu ildönümünə təsadüf edən və əziz qardaşım Şavkat Mirziyoyevin də aramızda tamhüquqlu üzv olaraq qatıldığı bu Zirvə Görüşü həqiqətən tarixi əhəmiyyətə malikdir. Özbəkistana ürəkdən “Aramıza xoş gəldiniz!” deyirəm.

Bu Zirvə Görüşünü tarixi edən digər bir məqam isə türk dünyasının ağsaqqalı, Qazaxıstan Respublikasının qurucu Prezidenti əziz qardaşım elbası Nazarbayevə minnətdarlığımızın bir göstəricisi olaraq təklifim əsasında Türk Şurasının fəxri prezidenti adının təqdim edilməsidir. Hörmətli ağsaqqalım, Zati-alinizə təqdirlərimi və təbriklərimi ifadə edirəm.

Macarıstanın Baş Naziri əziz dostum cənab Viktor Orbanı bu il aramızda görməkdən bir daha böyük məmnunluq duyuruq.

Fürsətdən istifadə edib baş katibimiz hörmətli Bağdad Amreyevə və komandasına əzmkar səylərinə görə təşəkkür edirəm.

Hörmətli qardaşlarım, Türk Şurası kimi təsisatların dünya siyasətində rolunun daha da artdığını görürük. Türk Şurasının digər çoxtərəfli platformalarla əməkdaşlığına və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsinə önəm veririk. Şuranın BMT Baş Assambleyasında və İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi statusuna sahib olmasını arzu edirik. Beləliklə, türk dünyasında ortaq bir fondun qurulması təklifini dəstəkləyirik. Ancaq əvvəlcə bu fondun maliyyə, hüquqi və inzibati təməlləri sağlam qoyulmalıdır. Bu məsələdə katibliyin əlaqələndirməsi ilə aidiyyəti milli və beynəlxalq qurumların da təcrübəsindən istifadə edilərək genişmiqyaslı iş görülməsinin faydalı olduğunu düşünürük.

Beynəlxalq ticarətin dollar əsaslı olması qeyri-müəyyənlik şəraitində risklər yaradır. Buna görə iqtisadiyyatlarımız üzərindəki valyuta təsirini azaldacaq mexanizmləri tətbiq etməliyik. Yerli valyutalarla ticarətə əhəmiyyət verdiyimizi xüsusilə qeyd etmək istəyirəm.

Hörmətli qardaşlarım, Şərq-Qərb istiqamətində orta dəhliz üzərindən Xəzərdən və Türkiyə ərazisindən keçən nəqliyyat marşrutları böyük potensiala malikdir. Bu marşrutdan tam mənasında istifadə etməyimiz gömrüklərimiz arasında əməkdaşlığın inkişafından asılıdır. Təəssüf ki, kvotalar ticarətimizin qarşısında duran ən böyük maneələrdən biridir. Türk Şurası olaraq, aramızdakı kvotaları ortadan qaldırmalıyıq. Bundan başqa, diasporlarımızın birgə fəaliyyət göstərmələrinə dair layihələrə də önəm verməliyik.

Hazırda Türk Şurasına üzv ölkələrdən təxminən 1300 tələbəyə Türkiyə təqaüdləri ilə universitetlərdə təhsil almaq imkanı təqdim edirik. Türkiyə universitetlərindən məzun olan on minlərlə tələbəmiz, şükür olsun, bu gün həkim, mühəndis, məmur, siyasətçi kimi türk dünyasına qürurla xidmət edir. Başda mədəniyyət və təhsil olmaqla elm, tarix, gənclər, idman, arxiv, kitabxanaçılıq kimi sahələrdəki fəaliyyətimizi genişləndirərək davam etdirməliyik. Beləliklə, mərkəzi Bakıda yerləşən TürkPA-nı, Türk Mədəniyyəti və İrsi Fondunu, Astanadakı Türk Akademiyasını və Ankarada fəaliyyət göstərən TÜRKSOY-u hamımız birlikdə dəstəkləməliyik. Bu təşkilatlarımız arasında əlaqələri genişləndirəcək əlaqələndirmə komitəsinin yaradılmasına dair qərarı Zirvə Görüşündə qəbul etməyi nəzərdə tuturuq.

Müasir dövrdə bölgəmizdə sülhə və əmin-amanlığa ən böyük təhdid mənbəyi terror təşkilatlarıdır. PKK/YPG, İŞİD, FETÖ kimi şər şəbəkələrinin mövcudluğu təhlükəsizlik sahəsindəki əməkdaşlığımızın əhəmiyyətini artırmışdır. Suriyada son səkkiz ildir yaşadıqlarımız isə bir terror təşkilatının əli ilə digərinin məhv edilməsinin mümkün olmadığını göstərmişdir. Ölkə olaraq PKK/YPG-ni ortadan qaldırmaq məqsədilə oktyabrın 9-da çox mühüm bir addım atdıq. “Sülh çeşməsi” əməliyyatımızın iki əsas məqsədi var. Bunların birincisi, Suriyanın şimalındakı PKK/YPG-dən gələn terror təhdidinin tamamilə aradan qaldırılmasıdır. Əməliyyatımızın ikinci qayəsi isə səkkiz ildir müsafir etdiyimiz 3 milyon 650 min suriyalı ərəbin öz ölkələrinə, vətənlərinə sağ-salamat qayıda bilmələrini təmin etməkdir. Bundan başqa, təxminən 350 min suriyalı kürdü ölkəmizdə qonaq qəbul edirik.

Bu gün əməliyyatın yeddinci günündəyik. Əməliyyatımız BMT Baş Assambleyasının 74-cü toplantısında bütün dünyaya nümayiş etdirdiyimiz təhlükəsiz bölgə xəritəsinə uyğun şəkildə uğurla davam edir. Bu gün səhərədək təxminən min kvadratkilometrlik ərazini separatçı terror təşkilatının işğalından azad etdik. İnşallah, qısa zamanda Münbiçdən İraqla sərhədimizə qədər olan bölgəni təhlükəsiz vəziyyətə gətirib ilk mərhələdə bir milyon, daha sonra iki milyon suriyalı qaçqının öz istəkləri ilə evlərinə qayıtmalarını təmin edəcəyik. Afrin, Cerablus, Azezdə olduğu kimi, burada da beynəlxalq dəstəklə infrastruktur, məktəb, xəstəxana və ev layihələri ilə sabitliyi təmin edəcəyik.

Suriyanın şimalı sülh çeşmələri ilə yenidən cücərənə, hədəflərimizə çatana qədər mübarizəmizi davam etdirəcəyik. Ulu əcdadımız Dədə Qorqudun dediyi kimi, “Yaxşı dost yaxşı gündə çağırılanda, pis gündə isə çağırılmadan gələndir”. Bəli, Türkiyənin terrora qarşı apardığı ölüm-dirim mübarizəsində siz qardaşlarımdan çox güclü həmrəylik gözləyirik. Əməliyyatın başladığı andan etibarən Türkiyəyə dəstək verən bütün liderlərə buradan bir daha təşəkkür edirəm. Üç yüz milyonluq türk dünyasındakı hər bir qardaşımın qəlbinin bizimlə döyündüyünü, ölkəmiz və qəhrəman ordumuz üçün dua etdiyini çox yaxşı bilirəm. Eyni qaydada 15 iyul gecəsi 251 insanımızı şəhid edən, 2193 insanımızı yaralayan FETÖ təşkilatı ilə mübarizədə ölkəmizə verdiyiniz dəstəyi davam etdirməyinizi xahiş edirik. Türkiyə Maarif Fondu vasitəsilə əlimizdən gələn hər cür töhfəni verməyə hazırıq.

Hörmətli qardaşlarım, milli mübarizələrimizdə bir-birimizin yanında durmaq qardaşlığımızın borcudur. Azərbaycanın əzəli torpağı Dağlıq Qarabağın və ətrafının Ermənistanın işğalı altında qalması bir milyon qardaş-bacımızı evlərindən, yurdlarından uzaqda qaçqın və köçkün vəziyyətində yaşamağa məcbur edib. BMT Baş Assambleyasındakı nitqimdə də dediyim kimi, bu, qəbuledilməz bir vəziyyətdir. Dağlıq Qarabağ probleminin ən qısa müddətdə sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələn səyləri göstərməyə davam edəcəyik. Türk dünyasının əsas hissəsi olan Kipr türkləri problemin həll olunmamasından hələ də əziyyət çəkirlər. Gözləntimiz kiprli türklərin məruz qaldıqları haqsız təcrid və embarqonun aradan qaldırılmasına yardım etməyinizdir.

Bu düşüncələrlə çıxışımı yekunlaşdırarkən Türk Şurasının bu günlərə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərimi bildirirəm. İnşallah, gələn il Türkiyədə keçiriləcək səkkizinci Zirvə görüşümüzdə Türkmənistanı da tamhüquqlu üzv olaraq aramızda görəcəyimizə inanıram.

Zirvə Görüşümüzün xeyirli olmasını diləyir, Sizin vasitənizlə türk dünyasındakı bütün qardaşlarıma buradan salam və sevgilərimi göndərir, Türkmənistanın iştirakı ilə də, bəli, altı dövlət - bir millət olmağı arzu edirik.

Allah köməyiniz olsun. Təşəkkür edirəm.

Zirvə Görüşündə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev çıxış etdi.

Özbəkistan dövlət başçısı çıxışı zamanı qeyd edib ki, şuraya üzv ölkələrin müasir ədəbiyyat və incəsənətdə, tarix elmi və memarlıqda böyük uğurlar qazanmış nümayəndələrinin həvəsləndirilməsi məqsədilə TÜRKSOY beynəlxalq mükafatının təsis olunmasını təklif edirik.

Sonra Macarıstanın Baş Naziri Viktor Orban geniş nitqlə çıxış etdi.

V.Orban çıxışı zamanı bildirib ki, bizim ölkələrimiz arasında coğrafi məsafə kifayət qədər böyükdür. Buna görə də bizim vətəndaşların öz aralarında ünsiyyət saxlaması xüsusilə vacibdir. Hazırda Türk Şurasının üzvü olan ölkələrdən gəlmiş tələbələrə Macarıstan hökuməti 725 təqaüd verir. Qazaxıstanlı tələbələrə 250 təqaüd, azərbaycanlı tələbələrə 200 təqaüd, türkiyəli tələbələrə 150 təqaüd, özbəkistanlı tələbələrə 75 təqaüd və qırğızıstanlı 30 təqaüd veririk. Hörmətli xanımlar və cənablar, biz bu rəqəmləri daha da artırmağa hazırıq.

Daha sonra Türkmənistanın Baş Nazirinin müavini Purli Aqamuradov görüşdə çıxış edərək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə fəxri qonaq qismində iştirak etmək üçün dəvətə və nümayəndə heyətinə göstərilən səmimi qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Türk Şurasının Baş katibi Bağdad Amreyev Zirvə Görüşündə çıxış edib.

B Amriyev çıxışı zamanı bildirib Ki,transxəzər marşrutunu Şərqlə Qərb arasında səmərəli ticarət-nəqliyyat dəhlizinə çevirmək üçün biz gündəliyə nəqliyyat və gömrük sahələrində optimal və əlverişli şərtlərin formalaşdırılması məsələsini daxil edirik:

"Həmin dəhliz boyunca logistik xərcləri azaltmaqla nəqliyyat və gömrük əməliyyatlarının operativliyini artırmaq olduqca vacibdir. Bunun üçün biz birgə Xəzər gəmiçilik şirkətinin yaradılmasını müzakirə etməyi planlaşdırırıq. Həmin strategiyada bir çox müxtəlif sahələr var, o cümlədən diaspor, turizm, kənd təsərrüfatı, gənclər məsələləri.

Yaxın 10 ildə biz qlobal arenada mühüm yer tutan türk dünyasını daha nüfuzlu, güclü və vahid birliyə çevirmək üçün böyük həvəs və səylə işləməyə hazırıq."

Prezident İlham ƏIiyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi ilə növbəti görüşün Türkiyədə keçiriləcəyini elan etdi.

Sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün sənədləri imzalandı.

X X X

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə yekun vuran Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Hörmətli dövlət və hökumət başçıları. Əziz dostlar.

Artıq imzalanma mərasimi başa çatmışdır. Zirvə Görüşümüz də yekunlaşır. Bir daha nümayəndə heyətlərinin başçılarına, bütün qonaqlara bu Zirvə Görüşündə iştirak etdiklərinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Özbəkistanın tamhüquqlu üzv dövlət kimi Türk Şurasına qoşulması çox əlamətdar addımdır, Türk Şurasının coğrafiyasını genişləndirir və gücümüzü artırır. Macarıstanda Şuranın nümayəndəliyinin ofisinin açılması Avropa dövlətləri və təsisatları ilə daha sıx əməkdaşlıq üçün yeni imkanlar açır. Bu gün çıxışlarda səslənən dəyərli fikirlər əminəm ki, bizim işimizi zənginləşdirəcək və bu təkliflərin reallaşması əməkdaşlığımızın keyfiyyətcə yeni pilləyə qalxmasına imkan yaradacaqdır.

Azərbaycan bu gündən Şuraya sədrliyi öz üzərinə götürür. Sizi əmin etmək istəyirəm, biz var gücümüzlə çalışacağıq ki, növbəti bir il ərzində təşkilatımız daha da güclənsin və qarşıda duran bütün vəzifələr uğurla icra edilsin.

Bir daha sizə dərin hörmət və ehtiramımı bildirirəm. Beləliklə, bizim toplantımız başa çatır. Sağ olun.

X X X

Sonra Prezident İlham Əliyevin adından Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının şərəfinə ziyafət verildi.

Daha sonra konsert proqramı oldu.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Oktyabr, 2019  09:41 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!