إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu gündən Azərbaycanda əhalinin siyahıyaalınması başlayır

Bu gündən Azərbaycanda əhalinin müstəqillik dövründə sayca 3-cü siyahıyaalınması başlayır.

Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 7-də imzaladığı  “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” fərmana əsasən, Azərbaycanda əhalinin növbəti siyahıyaalınması bu ilin oktyabrın 1-10-da keçiriləcək. Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənməsi, nəticələrinin dərc edilərək yayılması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə həvalə edilib.

Təşkilati planların tərtib edilməsi nəticəsində əhalinin siyahıyaalınmasının rayonlaşdırılması başa çatdırılıb. Ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33 min 907 sayıcı məntəqəsinə bölünüb, bu prosesə cəlb olunacaq işçilərə olan tələbat müəyyən edilib.

Siyahıyaalma vərəqəsi ölkə üzrə ev təsərrüfatlarının və ailələrin sayına, yaşayış binaları və evlərinə, yaşayış üçün istifadə edilən digər tikililərə dair ətraflı məlumatların əldə olunmasına imkan verəcək. Sorğu vərəqəsində isə siyahıya alınacaq hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli (etnik) mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əhalinin ölkədaxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri və digər mühüm göstəricilər üzrə suallar öz əksini tapıb.

Siyahıyaalma vərəqəsində 6 sual, sorğu vərəqəsində isə alt suallar da daxil olmaqla, 46 sual nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanda əhalinin siyahıyaalınması sonuncu dəfə 2009-cu ildə keçirilib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Oktyabr, 2019  10:37 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!