إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Siyasi partiyalar, media və vətəndaş cəmiyyətlərinin nümayəndələri BƏYANAT qəbul edib

"Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda dəyirmi masada bəyanat qəbul olunub.

Ahlibeyt.az-ın APA-ya istinadən məluimatına görə, Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, media təmsilçilərinin və müstəqil siyasi ekspertlərin iştirakı ilə "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə qəbul olunan bəyanatda deyilir: "Biz, "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda dəyirmi masanın iştirakçıları olan siyasi partiyaların, vətəndaş cəmiyyətinin təmsilçiləri, media rəhbərləri və müstəqil siyasi ekspertlərin bu gün beynəlxalq aləmdə, o cümlədən regionda baş verən mürəkkəb və həssas prosesləri, real imkan və perspektivləri hərtərəfli müzakirə edərək, Azərbaycanın müstəqilliyinin, eləcə də dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması, taleyüklü məsələlərdə milli həmrəyliyimizin tam şəkildə bərqərar edilməsi, xalqımızın həyat səviyyəsinin, dövlətimizin iqtisadi və hərbi potensialının, beynəlxalq aləmdə nüfuzunun və təsir imkanlarının daha da gücləndirilməsi məqsədilə aşağıdakıları bəyan edirik:

- Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının qısa müddətdə işğaldan azad edilməsi istiqamətində hərb yolu da daxil olmaqla atılacaq addımları birmənalı şəkildə müdafiə edəcəyimizi bəyan edir;

- siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın ordu qurculuğuna və silahlı qüvvələrimizə hərtərəfli və birmənalı dəstəyinin zəruriliyini ifadə edir;

- ölkədə həyata keçiriləcək islahatları dəstəkləyir, ardıcıl və davamlı olmasını vacib sayır;

- vətəndaş sülhü və milli həmrəylik istiqamətində birgə fəaliyyətin göstərilməsinin zəruriliyini nəzərə alaraq, siyasi mübarizədə etik normaları gözləməyə, milli-mənəvi və əxlaqi dəyərlərimizə zidd əməllərə yol verməməyə, eyni zamanda davamlı dialoq mühitinin yaradılmasına, sosial şəbəkələrdə, o cümlədən kütləvi informasiya vasitələrində təhqir, böhtan və şayiə xarakterli məlumatlar yaymamağa çağırır;

- respublikamızda keçirilən seçkilər zamanı bu prosesə beynəlxalq hüquqa zidd hər hansı xarici müdaxilənin yolverilməz olduğunu xüsusi vurğulayır və belə müdaxilə cəhdlərinə qarşı birgə fəaliyyəti zəruri saydığımızı bildiririk".

Qeyd edək ki,tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Vəhdət Partiyasının sədri Tahir Kərimli, AĞ Partiyanın sədri Tural Abbaslı, digər partiya sədrləri, siyasi ekspertlər, QHT rəhbərləri, media nümayəndələri iştirak edirlər.

Müsavat Partiyasının başqanı Arif Hacılı və Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğluna dəvət göndərilsə də, onlar dəyirmi masaya qatılmayıb.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib ki,internet vasitəsilə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların ünvanlarını və əlaqə vasitələrini tapıb, dəvət göndərib: "Təkcə Əli Kərimlini dəvət etməmişəm”.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Sentyabr, 2019  13:28 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!