|
Dünya uşaq ədəbiyyatının səsli kitabxanası yaradılırBakı şəhəri 216 nömrəli tam orta məktəbdə “Dünya uşaq ədəbiyyatının səsli kitabxanası” layihəsinin təqdimatı keçirilib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, məktəbdən Azərtac-a bildirilib ki, tədbirdə çıxış edən direktor Elnur Bayramov bu layihənin Təhsil Nazirliyinin həyata keçirdiyi III qrant müsabiqəsində ümumtəhsil məktəbləri kateqoriyasında qalib olduğunu söyləyib. O bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda və “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nda sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması, onların sosial inteqrasiyası ölkəmizin təhsil siyasətinin vacib istiqamətlərindən biri kimi qeyd edilir. Bütün dünyada xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb edilməsi müasir dövrün əsas problemlərindən biridir və bu istiqamətdə müxtəlif metodlar tətbiq edilir. Əsas məqsəd onların sosial adaptasiyası üçün optimal inklüziv təhsil modellərinin yaradılmasıdır. Sözügedən layihə çərçivəsində də bu istiqamətdə uşaq və yeniyetmələr üçün yeni nəsil kitabxana yaradılacaq. Elnur Bayramov deyib: “Prezident İlham Əliyevin “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” Sərəncamı ilə bədii və elmi ədəbiyyata ehtiyacın ödənilməsi istiqamətində mühüm addım atıldı. Azərbaycan və dünya ədəbiyyatının müxtəlif nümunələri Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşr olunaraq oxucuların ixtiyarına verildi. Nəzərdə tutulan bu layihə, həmçinin həmin layihənin məntiqi davamı olaraq kitabları səsli formada məktəblilərin istifadəsinə verəcək. Belə ki, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”nın seçilən müəyyən bir hissəsi peşəkar qiraətçilər tərəfindən studiya şəraitində səsləndiriləcək və yaradılacaq www.seslikitabxana.az saytına yerləşdiriləcək”. Tədbirdə çıxış edən Səməd Hətəmov bu cür layihələrin əhəmiyyətindən danışıb. Bildirib ki, bədii zövqün formalaşması və nitqin inkişafı baxımından bu layihə alqışlanmalıdır. İndiyədək pərakəndə olsa da uşaqlar üçün səsli kitablar yaradılıb. Bu layihənin fərqi və əhəmiyyəti ondadır ki, ölkəmiz üçün bu yeni kitabxana model olaraq istifadəçilərin rahatlığını təmin edəcək. Onların rahat şəkildə öyrənmələrinə zəmin yaradacaq. Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Ələmdar Cabbarlı qeyd edib ki, layihə çərçivəsində yaradılacaq səsli kitabxana görmə imkanları məhdud uşaqların, eyni zamanda, ölkədəki ümumtəhsil məktəbləri şagirdlərinin böyük marağına səbəb olacaq. Layihə şagirdlər və onların valideynləri üçün asanlığı təmin edəcək. Şagirdlərin bədii zövqünün və nitq qabiliyyətinin inkişafına müsbət təsir göstərəcək. Mütaliə mədəniyyətinin formalaşmasında yeni innovativ metodla sinifdənxaric oxuya ehtiyacı ödəyəcək ki, bu da müasir dövrün əsas tələblərindən biridir. Bakı şəhəri 186 nömrəli məktəbin direktoru Şakir Mikayılov Təhsil Nazirliyinin həyata keçirdiyi layihələrin əhəmiyyətindən söz açıb. O, belə layihələrin ölkəmizdə təhsilin inkişafında mühüm rol oynadığını söyləyib. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Tarverdi Şükürzadə bildirib ki, İKT-nin imkanlarından istifadə etməklə innovativ texnologiyalar əsasında tədris resurslarının yaradılması dövrün əsas tələbidir. Bu baxımdan layihə çərçivəsində yaradılacaq portal alqışlanmalı və dəstəklənməlidir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Sentyabr, 2019 08:21 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |