|
Azərbaycan üçün mühüm strateji əhəmiyyət kəsb edən layihə təqdim olunubAMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) hərbi, müdafiə və mülki xarakterli elmi-tədqiqat işləri çərçivəsində hazırlanmış növbəti layihəsinin təqdimatı keçirilib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə AMEA mətbuat xidməti məlumat yayıb. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə qeyd edib ki, SETM müharibə şəraitində olan ölkəmiz üçün böyük əhəmiyyətə malik elmi-tədqiqat işlərinin hazırlanması, yeni və mövcud layihələrin davam etdirilməsi, eləcə də yekun nümunənin aidiyyəti qurumlarla birgə sınaq işlərinin həyata keçirilməsi işlərini uğurla davam etdirir. Akademik A.Əlizadə ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə artıq 3 ildir ki, fəaliyyət göstərən AMEA Yüksək Texnologiyalar Parkında bir sıra mühüm elmi-praktiki nailiyyətlərin əldə olunduğunu, innovativ tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Alim bildirib ki, əsas məqsəd büdcədənkənar vəsait hesabına fundamental elmi istiqamətlərdə yeni layihələrə sərmayə yatırılması, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsidir. SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev mövcud və perspektiv elmi tədqiqat işləri barədə çıxış edərək bildirib ki, hazırda SETM ilə AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiya Parkı” MMC tərəfindən müvafiq dövlət qurumları ilə birgə layihələr həyata keçirilir. O, həmçinin layihələrin həyata keçirilməsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının xüsusi xidmətləri olduğunu vurğulayıb. F.Abdullayev öz çıxışında bildirib ki, SETM-in əsas məqsədi və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi zamanı AMEA-nın aidiyyəti elmi müəssisə və təşkilatlarının, xüsusilə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin mütəxəssislərinin layihələrə cəlb edilməsi, bu sahədə elmi tədqiqat, texnoloji, layihə-konstruktor, texniki istehsal hazırlığı, sınaq laboratoriyalarını özündə birləşdirən sistemin yaradılması olduqca əhəmiyyətlidir. SETM rəhbəri diqqətə çatdırıb ki, ilin sonunadək bir neçə layihənin də təqdim olunması nəzərdə tutulur. Sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının səlahiyyətli nümayəndəsi, polkovnik Arif Həsənov və SETM rəhbərinin müavini, fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov təqdim olunan hərbi məmulatın texniki parametrləri və potensial döyüş şəraitində istismarı barədə ətraflı məlumat veriblər. Polkovnik A.Həsənov Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən, 2019-cu il mayın 1-dən 3-dək “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərdə, həmçinin Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimlərində SETM-in hərbi məmulatlarının nümayiş olunduğunu deyib. O, bildirib ki, maksimal distansiya, mürəkkəb relyef, gecə vaxtı və mürəkkəb radioelektron şəraitdə müxtəlif poliqonlarda keçirilən döyüş atışlı təlimlərdə SETM tərəfindən icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən layihələrin sınaq mərhələsindən uğurla keçmiş son hazır nümunələri qarşıya qoyulmuş tələblərə tam cavab verib və onların texniki parametrlərinə görə potensial döyüş şəraitində istismarı (idarə edilməsi) zamanı yüksək nəticələr əldə edilib. Bildirilib ki, Müdafiə Nazirliyi rəhbərliyinin rəyinə əsasən, SETM-in layihələrinin son hazır nümunələrinin Azərbaycan Ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab olunub. Sonda yeni avadanlığın texniki göstəriciləri və istismarı ilə bağlı çoxsaylı suallar cavablandırılıb, bir sıra təkliflər irəli sürülüb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Avqust, 2019 12:07 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |