|
Azərbaycanın diplomatik xidmət orqanlarının yaradılmasından 100 il keçirBu gün Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasından 100 il keçir. Ahlibeytaz AZƏRTAC-a istinadən xəbər verir ki, müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq 2007-ci il avqustun 24-də Prezident İlham Əliyev hər il iyulun 9-nun Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Diplomatiya gününün müəyyən olunması ilə bağlı bir neçə təkliflər nəzərdən keçirilib, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin xarici dövlətlə imzaladığı ilk müqaviləsi - Osmanlı Türkiyəsi ilə bağlanan müqavilə günü, Paris Sülh Konfransında Antanta dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanındığı gün və s. Lakin nəticədə qərara alınıb ki, arxivlərdən Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinə aid tapılmış ilk rəsmi sənəd 1919-cu il 9 iyul tarixli Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat olduğundan məhz bu tarix diplomatiya gününün əsasını təşkil etsin. Azərbaycan diplomatiyası ilk addımlarını atarkən - 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib. 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi de-fakto tanınandan sonra Azərbaycan hökuməti tərəfindən Qərbi Avropa və Amerikada Azərbaycanın diplomatik nümayəndəliklərinin təsis edilməsinə dair qanun layihəsi hazırlanıb. 1922-ci il dekabrın 30-da Moskvada Birinci Ümumittifaq Sovetlər qurultayında SSRİ-nin yaradılması haqqında müqavilə imzalandı. Azərbaycanın müstəqil xarici siyasət fəaliyyəti tamamilə dayandırıldı. 1923-cü il oktyabrın 8-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin 529 saylı əmrinin birinci paraqrafı ilə Türkiyə və İran istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklər ləğv edildi. Yalnız İkinci Dünya müharibəsinin sonlarına yaxın - 1944-cü ildə sovet hakimiyyəti özünün geniş strateji maraqlarını əsas götürərək digər respublikalarla yanaşı, Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığını da yaratdı. Lakin bu orqan uzun illər boyu yalnız formal mövcud oldu. 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir-birinin ardınca dünya dövlətləri və BMT tərəfindən tanındı. 1993-cü ildə ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə həyata keçirilən milli dövlətçiliyin qurulması prosesi Xarici İşlər Nazirliyi sistemini də əhatə edib. Ulu Öndər Azərbaycanın xarici siyasətinin strateji ana xəttinin konturlarını cızıb. Azərbaycanın müstəqilliyinin itirilməsi və Xalq Cümhuriyyətinin acı aqibətinin yenidən yaşanıla bilinəcəyi bir şəraitdə ölkəmizin yaxın və uzaq tarixi keçmişi, üzləşdiyi geosiyasi reallığı dərindən təhlil edilərək ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan xarici siyasət strategiyası, ilk növbədə, respublikamızın milli maraqlarının aydın və dəqiq şəkildə müəyyən edilməsini, bərabərhüquqlu, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında qonşu dövlətlər və dünya birliyi ilə mehriban münasibətlərin qurulmasını, eyni zamanda, Avratlantik inteqrasiya xəttinin tutulmasını, uğurlu enerji və nəqliyyat infrastrukturları diplomatiyası vasitəsilə uzunmüddətli perspektivdə davamlı inkişafın əldə edilməsini, xarici siyasətimizin manevr imkanlarının və strateji dərinliyinin artırılmasını, ən əsası Ermənistanın Azərbaycana qarşı təcavüzünün məhəlli səviyyədən çıxarılaraq beynəlmiləlləşdirilməsini, işğalın nəticələrini aradan qaldırmaq üçün Ermənistana qarşı beynəlxalq siyasi təzyiqin gücləndirilməsini və son hədəf olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının təmin olunmasını özündə ehtiva edib. Ulu Öndərin xarici siyasət xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara və mövqelərimizin dünya səviyyəsində müdafiə edilməsinə əsaslanan müstəqil, çoxşaxəli, balanslı və fəal xarici siyasət yeridir. Bu gün Azərbaycan böyük layihələrin təşəbbüskarı və iştirakçısı qismində regional əməkdaşlığı inkişaf etdirən və beynəlxalq nüfuza malik olan bir dövlətdir. Hazırda etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanın xarici siyasət uğurları qonşu ölkələrlə və dünyanın digər dövlətləri ilə balanslaşdırılmış münasibətlərin qurulması, qarşılıqlı maraqlardan irəli gələn bərabər dialoq və əməkdaşlığın həyata keçirilməsinə əsaslanır. Dövlətimizin başçısı sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini uğurla müdafiə edir. Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu getdikcə artır. Regionun lider dövləti olan Azərbaycan dünya miqyasında öz sözünü deyən ölkələrdəndir. Bu gün Azərbaycan öz milli maraqlarına xələl gətirmədən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında bütün xoşniyyətli tərəfdaşlar üçün nadir əməkdaşlıq məkanına çevrilib. Qazanılmış uğurlar vahid strategiya çərçivəsində ölkə rəhbərliyinin müəyyən etdiyi prioritet vəzifələrə uyğun olaraq Azərbaycan Respublikası tərəfindən həyata keçirilən müstəqil xarici siyasətin səmərəliliyini, təsir qüvvəsinin genişliyini və tarazlılığını bir daha təsdiq edir. Azərbaycan xarici əlaqələrin və tərəfdaşlığın təşviqi vasitəsilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda bərabərhüquqlu əsasda qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirərək, milli tərəqqinin tələbatlarını qarşılamaq yolunu məqsədli şəkildə davam etdirir. Beləliklə, bütün qonşu dövlətlərlə, təbii ki, hamıya məlum səbəblərə görə Ermənistan istisna olmaqla, müxtəlif müstəvilərdə əməkdaşlıq uğurla inkişaf edir. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb dəhlizləri çərçivəsində logistik layihələrin həyata keçirilməsi üçün öz tranzit imkanlarını təqdim edir. Ölkəmizin zəngin enerji potensialının gerçəkləşməsi davam edir, uzun illər böyük mənfəət gətirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri ilə yanaşı, Cənub Qaz Dəhlizi çərçivəsində işlər sürətlə tamamlanır. Azərbaycan Xəzəryanı ölkələrin dialoqunda fəal iştirak edir və bu, 2018-ci ildə Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasına gətirib çıxararaq Xəzərin sülh, mehriban qonşuluq və əməkdaşlıq zonasına çevrilməsi üçün şərait yaradıb. Bu yolla toplanılan daxili potensial davamlı olaraq Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarda və təşəbbüslərdə uğurlarına çevrilir. Beləliklə, 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünün ardınca ölkəmiz 2017-2019-cu illər üçün 176 səs lehinə olmaqla BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilir. 2019-cu ildən etibarən Azərbaycan 2011-ci ildə üzv olduğu və BMT-dən sonra ikinci ən böyük beynəlxalq platforma olan Qoşulmama Hərəkatında sədrlik vəzifəsini icra edəcək. Təşkilatın nisbətən yeni bir üzvünün onu idarə etməyə hazırlaşması faktı özü-özlüyündə əlamətdar haldır. Avropa İttifaqı ilə əməkdaşlığın irəli aparılmasında əldə edilən mühüm tərəqqi ilə yanaşı, NATO, Şanxay Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası, Afrika İttifaqı, Amerika Dövlətləri Təşkilatı ilə də qarşılıqlı təmasların davamlı inkişafı milli maraqlarımızı təmsil və müdafiə etmək üçün əlverişli şərait yaradır. Eyni zamanda, rəsmi Bakı üzvü olduğu beynəlxalq strukturlar çərçivəsində aparılan əməkdaşlıqda çox fəal iştirak edir. ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, MDB, GUAM, Avropa Şurası və QDİƏT bu çoxtərəfli formatlardan yalnız bəziləri qismində qeyd oluna bilər. Eyni zamanda, əldə edilmiş nəticələr qarşımıza növbəti yeni vəzifələr qoyur və Azərbaycanın uzunmüddətli maraqlarının reallaşması baxımından yeni imkanlar açır. Xarici siyasət prioritetlərinin sırasına, ilk növbədə, ölkəmizin suverenliyi və müstəqilliyinin gücləndirilməsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması və beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz çərçivəsində ərazi bütövlüyümüzün bərpa edilməsi daxildir. Bundan başqa, prioritetlərə, həmçinin Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu bütün irimiqyaslı beynəlxalq layihələrin gerçəkləşdirilməsinin davam etdirilməsi, habelə dövlətlər, onların birləşmələri və beynəlxalq təşkilatlar daxil olmaqla bütün beynəlxalq aktorlarla qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi aiddir. Hazırda Bakıda 66 ölkənin və 11 beynəlxalq təşkilatın diplomatik missiyaları fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycanın xaricdə 59 səfirliyi, beynəlxalq təşkilatların yanında 5 daimi nümayəndəliyi və 9 baş konsulluğu ölkəmizi təmsil edir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 İyul, 2019 11:00 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |