إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycan İlahiyyat İnstitutunda Heydər Əliyev təqaüdü təsis olundu

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) elmi şurasının qərarı ilə ümummilli lider Heydər Əliyev adına aylıq təqaüd təsis edilib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, İnstitutunun məlumatında bildirilir ki, məbləği 200 manat olan təqaüd qış imtahan sessiyasında fərqlənən tələbələrə fevral-iyul, yay imtahan sessiyasında fərqlənən tələbələrə isə avqust-yanvar ayları müddətində ödəniləcək.

Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkəmizdə milli-mənəvi dəyərlərimizə münasibətdə yeni mərhələ başlanıb. Bu zəngin ənənənin qorunmasına dövlət səviyyəsində böyük qayğı və diqqət göstərilib, qapıları uzun müddət bağlı qalan müqəddəs ibadət ocaqları fəaliyyətini bərpa edib, onların təmiri və inşası geniş vüsət alıb.

Ümummilli lider Heydər Əliyev, həmçinin elm və təhsil sahəsində köklü dəyişikliklərin həyata keçirilməsini təmin edib. Bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ali təhsil sisteminin yeni və müasir inkişaf istiqamətlərinin, strateji hədəflərinin müəyyən edilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Azərbaycan xalqının Ümummilli Liderinin ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsində, dinlərarası dialoqun inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında, gənc nəslin sağlam ruhda tərbiyəsində, həmçinin bölgədə sülhün və sabitliyin bərqərar edilməsində müstəsna xidmətləri olub.

Bütün bunları nəzərə alaraq, Azərbaycan İlahiyyat İnstitutunun elmi şurası ümummilli lider Heydər Əliyev adına aylıq təqaüdün təsis edilməsi barədə qərar qəbul edib.


 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Fevral, 2019  10:45 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!