إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Azərbaycanda dini turizm” adlı kitab nəşr edilib

“Azərbaycanda dini icmalara maliyyə yardımı göstərilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2014-cü il tarixli, 892 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılmış vəsait hesabına Tərxan Paşazadənin müəllifi olduğu “Azərbaycanda dini turizm” adlı kitab nəşr edilib.

Ahlibeyt.az-ın Salamnews-a istinadən məlumatına görə, bir neçə mövzudan ibarət olan kitab fəal istirahətin geniş yayılmış və ən kütləvi növü olan turizm haqqında ümumi məlumatla başlayır. Qeyd olunub ki, bütün dünyada olduğu kimi Azərbaycanda da son dövrlərdə turizmin müxtəlif növlərinin inkişafına xüsusi önəm verilir. Kitabda qeyd olunub ki, hazırda turizmin ölkəmizə xas ola biləcək əsas növləri mədəni, biznes, sağlamlıq, ekoloji, istirahət, əyləncə, dağ, qış, xizək, çimərlik, idman, kənd, yaşıl, ov, tarix, dini turizmdir ki, bu kitabda oxucularlar sonuncu növ – dini turizmlə bağlı məlumatlar əldə edə bilərlər.

Müəllif Azərbaycanın dini turizm potensialı ilə bağlı ümumiləşdirilmiş formada oxucuları məlumatlandırmaqla, ölkəmizlə bağlı 2006-2017-ci illərdə qeydə alınmış rəsmi statistik göstəriciləri də təqdim etmişdir. Kitabın ən maraqlı mövzularından biri kimi isə Azərbaycanlı zəvvarların xarici səfərləri mövzusunu qeyd edə bilərik.

Dini turizmlə bağlı Azərbaycan qanunvericiliyinə də diqqət çəkən müəllif son mövzuda müvafiq sahədə “daha nələr edilməlidir?” sualına cavab axtarmışdır.

Qeyd edək ki, kitabın müəllifi Tərxan Paşazadə 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. O, Bakı Slavyan Universitetini regionşünaslıq (bakalavr) və Sumqayıt Dövlət Universitetini (magistr) ixtisasları üzrə bitirmişdir. 2007-ci ildən AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun dissertantı olmuşdur. 2006-cı ildən Vikipediya könüllüsü olan Tərxan müəllim, 2009-cu ildən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində işləyir; dövlət qulluğunun kiçik müşaviridir.

“Azərbaycanda dini turizm” kitabı müəllifin işıq üzü görən dördüncü kitabıdır.

1

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Fevral, 2019  12:45 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!