|
Maddiləşən dünya
Maddiləşən dünya Qərbin bu günkü materializmləşməsi XIX əsrdə başlayan proseslərə dayanır. O zamanlar protestant ölkələrində Tanrını inkar etmək olduqca böyük bir cəsarət istədiyindən ateist fikirlərin söylənilməsi azad düşüncə hesab olunurdu. Xristian təlimlərinin insanpərvərliyə zidd olduğunu iddia edən ateist mütəfəkkirlər özlərini humanist, yəni insanpərvər adlandırırdılar. Digər yandan xristianlıqda islahatların aparılmasını zəruri sayan protestant keşişlər (Meri Safford, Kurtis Riz və Con Ditrix) bəyan edirdilər ki, dünyaya teokratik baxış avtokratikdir, humanist baxış isə - demokratik. Din gərək insanın Axirətini deyil, dünyasını təmin etsin. Bu, Reformasiya dönəmindəki “yalnız dünyada xoşbəxt olan Axirətdə xoşbəxt ola bilər” tezisinin yeni səslənməsi idi. Əlbəttə, ilahi din insanın maddi inkişafını təmin etmək iqtidarındadır, lakin dinə sırf zənginləşmə üçün ideoloji baza kimi yanaşma dinin əsas missiyası - əbədi həyatı və bu həyata inamdan doğan mənəvi dəyərləri heçə endirir. Tədricən ateist humanizmi protestant dünyaçılığı ilə əvəz olundu. Humanistlər mənəvi idealları dindən ayırmağa, həmçinin dini mədəni identifikasiya ünsürü kimi tanıtdırmağa çalışırdılar. Bu baxımdan, yenə də Reformasiyaya məxsus digər tezis – “əməlin niyyəti deyil, özü mühümdür” – öz təsirini göstərmişdi. Mənəviyyat dindən ayrıdır deyən humanistlər yeni, maddi dəyərlərə əsaslanan “humanist dininin” yaradılmasını labüd sayırdılar. Hətta bu məsələ zamanın əsas tələbi kimi qələmə verilirdi. Zaman dəyişdikcə, elmi sahədə yeni yanaşmalar peyda olduqca humanizm də transformasiyalara məruz qalırdı. Məsələn, XIX əsrdə humanizm allahsızlığı, dinsizliyi, mənəviyyatla dinin əlaqəsizliyini, XX əsrin əvvəllərində - ümumbəşəri qardaşlıq, gender bərabərliyi, müstəmləkələrin azadlığını, daha sonra isə - XX əsrin sonlarından ali dəyərlərin varlığı və insan şəxsiyyətinin təkmilləşməsinin zəruriliyini təbliğ edirdi. Postmodernizmin təsiri altında humanizm eklektik – ziddiyyətləri özündə birləşdirən bir təlimə çevirildi. Renessans zamanı belə bir ifadədən istifadə olunurdu – docta pietas – maariflənmiş salehlik. Maarif Antik mədəniyyətin, salehlik isə xristianlığın irsi kimi yeni Avropa sivilizasiyasının əsasında oturuşmalı idi. İntibah dövründən başlayaraq Avropa bütpərəstlik üzərində qurulmuş roma-yunan mədəniyyətini xristianlıqla, daha sonra bütün bunları materializmlə uzlaşdırmağa çalışır ki, öz sivilizasiyasının qədimliyi, zənginliyi, irsiliyini və ən başlıcası - universallığını isbatlasın. Lakin bu iddianın ən böyük fəsadı dəyərlərin mənəviyyatdan ayrılması, nəticədə isə insan həyatının maddiləşməsi oldu. Humanizm insanlığa insanpərvərlik vermək istədi, lakin nəyin bahasına? Allaha inamı aradan aparıb müqəddəsatı maddiləşdirməklə. Məgər insanlar arasında olan ədavət Allaha inamdan doğur yoxsa insanın Allahı necə tanımasından? “Gələcək axtarışında” kitabından çıxarışlar əsasında hazırlanıb (ardı var) Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Mart, 2012 01:42 ⁄ Çap
Bu bölmədə25 Fevral, 2024 Bu gün İmam Zamanın (ə.f) mübarək mövlud günüdür8 Mart, 2023 İmamın intizarının dəyəri haqqında24 Aprel, 2019 Zühurun intizarında olan şəxsin məqamı6 Mart, 2019 İmam Zamanın (ə) zühurunu Allahdan diləyin... |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |