|
XIV əsrdə inşa olunan “Hacı Şəhla” məscidi bərpa olunub - FotoSon illər ölkəmizdə tarixi abidələrin təmir-bərpa olunması işinə daha çox diqqət ayrılır. Bu istiqamətdə görülən işlər nəticəsində abidələr təmir-bərpa olunaraq öz tarixi görkəminə qaytarılır. Ötən il bərpası yekunlaşan tarixi abidələr sırasında Hacı Şəhla məscidi də var. Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısında yer alan Hacı Şəhla məscidi Balaxanı qəsəbəsi ərazisində, qəsəbə qəbiristanlığında hündür təpənin üzərində inşa olunub. Təmir-bərpa işləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzarəti altında mütəxəssislər tərəfindən həyata keçirilib. Ahlibeyt.az-ın məlumatına görə, Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov "Azərtac"-a bildirib ki, bərpa işləri Balaxanı qəsəbəsi sakinlərindən olan xeyriyyəçi insanların maliyyə dəstəyi ilə həyata keçirilib. Bərpa işləri zamanı abidənin tarixi görkəminin saxlanılmasına xüsusi diqqət yetirilib, müxtəlif təsirlər nəticəsində qopub-düşmüş daşlar yenidən öz yerinə bərpa olunub. Həyata keçirilən bərpa işlərindən sonra məscidin tarixi görkəmi geri qaytarılıb. "Hacı Şəhla məscidi tarixin müxtəlif dövrlərində bir sıra tarixi hadisələrə də şahidlik edib. 1918-ci ildə erməni daşnaklarının məlum mart qırğınları Balaxanı kəndində də davam etdirilib. Kənd camaatı da məscidin yerləşdiyi təpədə səngər qazaraq düşməndən müdafiə olunublar. İndi də qəsəbə sakinləri tərəfindən məscidin yerləşdiyi təpənin səngər adlandırılması həmin tarixi hadisələrlə bağlıdır. Abidə bərpa olunarkən tarixi tikili ətrafında gedən döyüşlərin yadigarı olan divarlardakı həmin güllə izləri də saxlanılıb. Mart qırğınları zamanı kənddə olan cəsur insanlar düşmənlə mübarizə aparıblar, onlara kəndə daxil olmağa imkan verməyiblər. Həmin qəhrəman insanların bir qismi döyüşlərdə həlak olub. Sağ qalan döyüşçülər isə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra təhlükəsiz orqanlarında yüksək vəzifə tutan ermənilər tərəfindən təqib olunub, qətlə yetiriliblər”, - deyə F.Hüseynov söyləyib. Qeyd edək ki, XIV əsrdə inşa olunan Hacı Şəhla məscidi iki hissədən - giriş portalı və daxili otaqdan ibarətdir. Giriş qapısının üstündə iki sətirlik kitabədə "Bu imarət Hacı Şəhla bin Şakir bin Mustafa Köşkinindir. Yeddi yüz səksən yeddinci il (787-1385/86)” yazılıb. Bu kitabədən bir az solda, qapı çərçivəsindən bir az aralı kitabədə məscidi tikən ustanın adı yazılıb. İki sətirlik bu kitabədə "Ustad Arif bin ustad Musa Cibalın işidir” yazılıb. Qeyd edək ki, üzərində olan kitabələrdə məscid imarət adlandırılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Yanvar, 2019 11:43 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |